Məhkəmə qərarları › İş №3(005)-3496/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3496/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3496/2023 06.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Mirsaleh Cavadovun 01 noyabr 2023-cü il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Nərimanov RPİ DYPŞ-nin əməkdaşı X1 tərəfindən 22 noyabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Toyota Prius” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən bir nəfər şəxs qəfildən yolu keçmək istəyən zaman onun avtomobilinin ön sağ hissəsinə dəymiş, nəticədə Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, səlahiyyətli orqana və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X3 şəxsin 23 oktyabr 2023-cü il tarixli, 1308 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənəddə qeyd edilən xəsarətlər – sağ bud-çanaq oynağının hərəkət məhdudluğu, ağrı simptomu və flüktuasiya ilə müşayiət edilən hematoması, sağ dirsəyin sıyrığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi rədd materialında olan öz izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin rədd materialında olan izahatı, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar