Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3496/2024 14.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs X4 iştirakı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan X4 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" Firmasında fəhlə işləyən X7 xəsarət alması hadisəsi ilə əlaqədar iş icraçısı qismində onun barəsində Azərbaycan Respublikası İXM-nin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmə əsası ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 700 (yeddi yüz) manat inzibati cərimə cəzası tətbiq edilmişdir. Xidmət tərəfindən qəbul edilmiş 26 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda İnzibat Xətalar Məcəlləsini 199-cu maddəsinə müvafiq olaraq sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsi göstərilmişdir. Qərarı qanunsuz və əsassız hesab edir və onun əməlində inzibati xəta tərkibi olmadığı üçün məsuliyyətdən azad olunmalı, 26 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Binəqədi rayon X1 xx.xx.2024-cü il tarixdə "xxxx" Firmasında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində inşa olunan çoxmənzilli yaşayış binalarının tikintisində iş zamanı xəsarət alması ilə bağlı toplanmış material üzrə araşdırma aparılmış və X9 adi qaydada piyada hərəkət edərkən tarazlığını itirdiyinə görə yerə yıxıldığı müəyyən edilmişdir. X9 da verdiyi izahatında xəsarət alması faktını mənzildən çıxan zaman (piyada hərəkət edərkən) tarazlığını itirməsi səbəbindən baş verdiyini təsdiq etmişdir. Bununla əlaqədar təyin edilmiş Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 2015 saylı rəyindən görünür ki, X7 bədənində aşkar olunmuş xəsarət qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə və bərk küt əşyalara zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdi. Əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 26 sentyabr 2024-cü il tarixli 3-16-16/2-10/7445 saylı məktubundan görünür ki, X9 mənzildən çıxan zaman (piyada hərəkət edərkən) tarazlığını itirməsi səbəbindən baş vermiş hadisə ilə bağlı əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə həlli xüsusi bilik tələb edən hər hansı bir sübut əhəmiyyətli faktın olması müəyyən edilmir. Belə ki, məhkəmə təhlükəsizlik texnikası ekspertizasının təyin edilməsi haqqında qərarda və X7 izahatında göstərilmiş şəraitə əsasən, baş vermiş hadisə hər hansı texniki səbəblə deyil, subyektiv faktorlarla (ehtiyatsızlıq, səhlənkarlıq, diqqətsizlik və s.) bağlı olmaqla hüquqi xarakter daşıyır. İşçinin hərəkəti zamanı (yeriyərkən) baş vermiş bu hadisənin şəraiti təhlükəsizlik texnikasına dair xüsusi norma və təlimatlarla tənzimlənmir və elmi-təcrübi əsaslar üzrə tədqiqat aparılmasını tələb etmir. Qeyd edilən səbəblərə görə, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2-ci bəndinə əsasən hazırkı məhkəmə təhlükəsizlik texnikası ekspertizanın aparılmasından imtina edilərək cinayət işi geri qaytarılmışdır. X9 ilə "xxxx" Firması arasında əmək müqaviləsi bağlanmış, ona əməyin mühafizəsi və texniki-təhlükəsizlik qaydalarına dair təlimat keçirilmiş, fərdi mühafizə vasitələri olan əlcək, kaska, jilet, təhlükəsizlik kəməri, ayaqqabı ilə təmin edilmiş, bu barədə sənədlərə imza etmişdir. X9 mənzildən çıxan zaman (piyada hərəkət edərkən) tarazlığını itirməsi səbəbindən baş vermiş hadisə ilə bağlı əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə normaların tələbləri pozulmaması səbəbdən "xxxx" Firmasının vəzifəli şəxslərinin əməlində Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsinin əlamətləri müəyyən edilmədiyinə görə material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Eləcə də X9 mənzildən çıxan zaman (piyada hərəkət edərkən) tarazlığını itirməsi səbəbindən baş vermiş hadisə ilə bağlı əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə normaların tələbləri pozulmaması səbəbi ilə Azərbaycan Respublikası İXMnin 198-ci maddəsi ilə inzibati xəta barədə iş üzrə icraatın başlanılması da rədd edilmişdir. Xidmət tərəfindən inzibati xəta haqqında qərar qəbul edərkən Binəqədi rayon Prokurorluğunun iş üzrə müəyyən etdiyi faktları nəzərə almadan qanunsuz və əsassız qərar qəbul etmişdir. İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya - epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Qeyd etdiklərinin nəzərə alaraq X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, qərarından şikayət verilən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə qərarından şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin İdarəyə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, "xxxx" Firmasının işçisi X7 xx.xx.2024-cü il tarixdə xəsarəti ilə əlaqədar yaradılan təhqiqat komissiyasının aldığı izahatlara və materiala baxış keçirilən zaman Firmanın iş icraçısı X6 tərəfindən Azərbaycan Respublikası ƏM-nin 222-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinə riayət etməyərək ƏM və TT bağlı qaydaların pozulduğu müəyyən olunmuşdur. X2 Azərbaycan Respublikası İXM-in 199-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 700 (yeddi yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində şərh edilənlərə əsasən X7 xəsarət alması faktına dair toplanmış material üzrə cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən, yəni cinayət hadisəsi olmaması əsası ilə rədd edilməsi qərara alınmışdır. “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” ekspert Adil Ağalarov tərəfindən Binəqədi rayon Prokurorluğunun müstəntiqinə ünvanlanmış məlumatda qeyd edilmişdir ki, X3nun işlədiyi "xxxx" firması tərəfindən inşa edilmiş 24 saylı binanın mənzilində xx.xx.2024-cü il tarixdə təmizlik işlərini qurtarıb qapıdan çıxan zaman (piyada hərəkət edərkən) tarazlığını itirməsi nəticəsində döşəməyə yıxılaraq xəsarət alması faktına görə toplanmış araşdırma materialı üzrə xx.xx.2024-cü il tarixli qərarınızla məhkəmə təhlükəsizlik texnikası ekspertizası təyin edilmiş və ekspert qarşısında baş vermiş hadisənin texniki səbəbinin, hadisə ilə əlaqədar təhlükəsizlik texnikası qaydalarının pozulub-pozulmamasının müəyyən edilməsinə dair suallar qoyulmuşdur. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü və 7-ci maddələrinə görə, məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır. X3 mənzildən çıxan zaman (piyada hərəkət edərkən) tarazlığını itirməsi səbəbindən baş vermiş hadisə ilə bağlı əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə həlli xüsusi bilik tələb edən hər hansı bir sübut əhəmiyyətli faktın olması müəyyən edilmir. Belə ki, məhkəmə təhlükəsizlik texnikası ekspertizasının təyin edilməsi haqqında qərarda və X7 izahatında göstərilmiş şəraitə əsasən, baş vermiş hadisə hər hansı texniki səbəblə deyil, subyektiv faktorlarla (ehtiyatsızlıq, səhlənkarlıq, diqqətsizlik və s.) bağlı olmaqla hüquqi xarakter daşıyır. İşçinin hərəkəti zamanı (yeriyərkən) baş vermiş bu hadisənin şəraiti təhlükəsizlik texnikasına dair xüsusi norma və təlimatlarla tənzimlənmir və elmitəcrübi əsaslar üzrə tədqiqat aparılmasını tələb etmir. Qeyd edilən səbəblərə görə, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırkı məhkəmə təhlükəsizlik texnikası ekspertizasının aparılmasından imtina edilərək cinayət işi geri qaytarılır. Azərbaycan Respublikası İXM-nin 199-cu maddəsinə əsasən işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə-yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 222-ci maddəsinin: 1-ci bəndinə əsasən işəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir və bu sahədə baş vermiş dəyişiklik barədə işçilərə müntəzəm olaraq və vaxtında məlumat verir. 2-ci bəndinə əsasən işəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır və həyata keçirir. İş materiallarından müəyyən edilmişdir ki, X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən onun barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X4 şikayətində göstərdiyi dəlilər məhkəmədə onun inzibati xətanın subyekti olmasına şübhə yaradır. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində inzibati tənbeh qərarı qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük inzibati tənbeh qərarını qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü bəndinə əsasən işəgötürən dedikdə – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, fiziki şəxs başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" Firmasında fəhlə işləyən X7 xəsarət alması hadisəsi ilə əlaqədar həmin Firmanın iş icraçısı X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 222-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinə riayət etməməsi qənaətinə gəlinmiş və o, Azərbaycan Respublikası İXM-nin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, lakin inzibati məsuliyyətə cəlb edilmiş X4 "xxxx" Firmasında işəgötürən olaraq rəhbər vəzifəsini icra etməməsi nəzərə alınmamış və sonuncu qanunvericiliyin tələbləri pozulmaqla törədilməsi ehtimal olunan inzibati xətanın subyekti hesab edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 199-cu maddəsinin dispozisiyasına əsasən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində subyekt yalnız işəgötürən ola bilər. Həmçinin məhkəmə qeyd edir ki, inzibati xəta haqqında qərarın qəbul edilməsinə əsas olmuş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 222-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbləri o halda pozulur ki, işəgötürən tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə riayət olunmur. Göründüyü kimi, iş icraçısı X6 törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti ola bilməz. Məhkəmə, bütün qeyd edilənlərə əsasən belə bir nəticəyə gəlir ki, inzibati orqan iş üzrə toplanmış sübutlara düzgün qiymət verməmiş və əsassız olaraq X6 tərəfindən İXMnin 199-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə nəticəyə gələrək onu inzibati məsuliyyətə cəlb etmiş və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmə hesab edir ki, şəxsin inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi üçün ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqda törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl mövcud olmalıdır (İXMin 12.1-ci maddəsi). Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X6 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; Həmin Məcəllənin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X6 barəsində “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X6 Azərbaycan Respublikası İXM-in 199-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, barəsində icraat aparılan şəxsin iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin İdarəyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X4 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin İdarəyə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3496/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3496/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver