Məhkəmə qərarları › İş №3(005)-3528/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3528/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3528/2025 23.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxs Saleh oğlunun vəkili fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə "xxxx" MMC-nin rəhbəri Şəxs Saleh oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Nərimanov rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən "xxxx" MMC-nin rəhbəri Şəxs Saleh oğlu barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 01 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2- 2(103)-789/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək "xxxx" MMC-nin rəhbəri Şəxs Saleh oğlunun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Saleh oğlunun müdafiəçisi Vəkil çıxışında bildirmişdir ki, "xxxx" MMC Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-789/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli icra sənədi üzrə icra tələbləri yerinə yetirilmişdir. İcra məmuru tələbkarın qanunsuz və əsassız müraciəti üzrə qərəzli olaraq protokol tərtib etmişdir. Belə ki, onlar hesab edirlər ki, "xxxx" MMC "xxxx" MMC-yə aiddir, lakin bununla bağlı hər hansı sübut təqdim edə bilmirlər. Mövcud icra sənədinin icrası ilə əlaqədar, eyni əsasla daha öncə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında işə baxılaraq xx.xx.2025-ci il tarixli 3(005)-2476/2025 saylı icraata xitam verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar verilmiş apellyasiya şikayətinə münasibətdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qeyd olunanlara əsasən hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-789/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli icra sənədindən görünür ki, iddiaçı “Vileroy & BOCH A.G”-yə məxsus “Vileroy & BOCH” ticarət nişanı altında istehsal edilən qab-qacaq bölməsinin pərakəndə satış kataloqunun və pərakəndə satış qiymət siyahılarının tərkib hissəsi olan qab-qacaqların, şüşə məhsulların, mənzil məhsulları və aksesuarlarının Azərbaycan Respublikasına idxalı və satışı cavabdeh "xxxx" MMC-yə qadağan edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərarın surətindən və həmin tarixli bildirişdən görünür ki, Bakı Apellyasya Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(103)-789/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli icra vərəqi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu "xxxx" MMC-yə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 8-2(103)-2/2025 saylı qərardadı ilə Nərimanov rayon İcra şöbəsinin icra məmuru Rəfail Səfərovun xx.xx.2024-cü il tarixli “icraata xitam verilməsi” haqqında qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-789/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi yenidən icra olunması üçün yenidən Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə gönədrilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmurları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 789/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq "xxxx" MMCnin satış həyata keçirdiyi ünvanda yerləşən iki mərtəbəli inzibati binaya baxış keçirilmiş, "xxxx" MMC-nin icra sənədində qeyd olunan məhsulları satmadığı müəyyən olunsa da, lakin ikinci mərtəbədə "xxxx" MMC-nin həmin məhsulları satdığı məlum olmuşdur. 18 iyul 2024-cü il tarixli 003 nömrəli İcarə müqaviləsindən görünür ki, X2 ilə "xxxx" RM MMC arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 81.4 kv/m olan qeyriyaşayış sahəsinin tam mülkiyyət üzrə onlara məxsus olan hissəsindən bir hissəsi "xxxx" RM MMC-yə icarəyə verilmişdir. 28 dekabr 2024-cü il tarixli 006 nömrəli İcarə müqaviləsindən görünür ki, X2 ilə "xxxx" MMC arasında ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 926.5 kv/m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə onlara məxsus olan hissəsindən bir hissəsi "xxxx" MMC-yə icarəyə verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(005)-2476/2025 nömrəli qərarından görünür ki, "xxxx" MMC-nin rəhbəri Şəxs Saleh oğlu barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2506/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Şəxs Saleh oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam verilməsi barədə 3(005)- 2476/2025 saylı, 29 iyul 2025-ci il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.7-ci barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda iş üzrə icraata xitam verilir 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. 528.1. İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin nümayəndəsinin izahatını, eləcə də materialda olan sənədləri, birinci instansiya və apelyasiya məhkəməsinin qərarlarını nəzərə alıb hesab edir ki, eyni fakt üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Şəxs Saleh oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam verilməsi barədə 3(005)- 2476/2025 saylı, 29 iyul 2025-ci il tarixli ləğv edilməmiş qərarı olduğuna görə hazırkı iş üzrə icraata bu Məcəllənin 53.1.7-ci maddəsinə əsasən xitam verilməlidir. İnzibati xəta haqqında iş üzrə məsrəf yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40.0.1, 43, 48-51, 53.1.7, 55, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs Saleh oğlu barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.7-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar