Məhkəmə qərarları › İş №3(005)-3548/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3548/2025

02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3548/2025 02.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1990-cü ildə Abşeron rayonu Digah qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:00 radələrində narkotik vasitə və psixotrop maddə istifadə etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞ-nin polis mayoru X4 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək Şəxs məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərmişdir ki, narkotik vasitə və psixotrop maddə istifadəçisidir. 30 avqust 2025-ci il tarixdə üzərində psixotrop maddə aşkar edildiyinə görə Nərimanov Rayon Polis İdarəsinin İstintaq idarəsində barəsində cinayət işi başlanmış və eyni tarixdən şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixdə MSY-dən azad edildikdən sonra 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq məhkəmə-narkoloji ekspertizasından keçirilmiş və barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında icraat başlanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli, 5402 nömrəli tibbi yoxlamanın rəyindən görünür ki, Şəxs kannabinoidlərin və psixostimuyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. “İnzibati qaydada tutma haqqında” 01 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin gün saat 23:20-də inzibati qaydada tutulmuş və 02 sentyabr 2025-ci il saat 16:00-da tutmadan azad edilmişdir. Cinayət işinin başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Şübhəli şəxsin tutulması haqqında 30 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin gün saat 20:00-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli bilindiyinə görə tutulmuşdur. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun 01 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə ibtidai istintaq orqanının vəsatəti təmin edilməyərək dərhal MSY-dən azad olunması qərara alınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 01 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək, hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında araşdırma zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına əsas və səbəb 30 avqust 2025-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 47 saylı məktəbin qarşısında şübhəli şəxs kimi saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PŞ-nə gətirilmiş, Şəxs şəxsi axtarış zamanı şəxsin çiynindən asdığı boz rəngli çantanın içərisindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,506 qram və 0,119 qram olmaqla, xeyli miqdarda ümumi təmiz çəkisi 0,625 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülməsi faktına dair toplanmış materiallar olmuşdur. Şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin bilavasitə törədilməsini şübhə etməyə kifayət qədər əsaslar olduğundan o, 30 avqust 2025ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, fakt əsasında və toplanmış ilkin sübutların məcmusuna əsasən Şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Göründüyü kimi, Şəxs psixotrop maddə olan metamfetamin əldə edib üzərində daşıdığına görə xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılmış, onun barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Məhkəmə hesab edir ki, hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cinayət əlamətləri aşkar edildiyindən və fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduğundan onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməzdi. Odur ki, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.2-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın; 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində başlanmış İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.7, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.7-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar