Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3550/2020 28.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin rəhbəri Şəxs vəkili, fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, “xxxx” MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3897/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu “xxxx” MMC-nin rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3897/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsində qanunsuz söküntü, tikinti və digər hərəkətlərin aparılması “xxxx” MMC-yə qadağan edilmişdir. Lakin, icra məmurunun qanuni tələbinə “xxxx” MMC-nin rəhbəri Şəxs tərəfindən əməl edilməmişdir. Borclu MMC-nin rəhbəri Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, icra sənədi Nərimanov rayon icra və probasiya şöbəsinin icraatına xx.xx.2020-ci ildə daxil olmuş, həmin tarixdə icraat başlama haqqında qərar, tələbin dərhal icra olunması ilə bağlı bildirişlə birgə borclu hüquqi şəxsə, məlumat üçün tələbkar və müvafiq məhkəməyə göndərilmişdir. İcra sənədi üzrə X1 şifahi müraciəti əsasında icra sənədinin icrasını təmin etmək üçün xx.xx.2020-ci ildə söküntü tikinti və digər hərəkətlərin aparılmasının qadağan edildiyi, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 4 ünvanında olan zaman, borclu hüquqi şəxs “xxxx” MMC tərəfindən Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 4 ünvanında yerləşən qeyriyaşayış sahəsinin, icra sənədinin şöbənin icraatına daxil olduğu vaxtdan əvvəl söküldüyü, sökülmüş qeyri yaşayış sahəsinin yerində isə, artıq həmin yerin bərkitmək məqsədilə suvay işlərinin aparıldığı müəyyən edilmiş və aparılan həmin işlər dayandırılaraq video çəkiliş aparılmış və bu barədə müvafiq akt tərtib edilmişdir. X1 şifahi müraciəti əsasında növbəti dəfə xx.xx.2020-ci ildə söküntü tikinti və digər hərəkətlərin aparılmasının qadağan edildiyi, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 4 ünvanında olan zaman, borclu hüquqi şəxs “xxxx” MMC tərəfindən Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 4 ünvanında yerləşən sökülmüş qeyri-yaşayış sahəsinin yerində, qazıntı zamanı baş verə biləcək uçqunun qarşısının almaq məqsədilə, dəmir beton konstruksiyalı suvayların vurulduğu, suvay vurulduqdan sonra isə suvayları bir-birinə bağlayan rigellərin atıldığı müəyyən edilmiş və aparılan həmin işlər dayandırılaraq video çəkiliş aparılmış və bu barədə müvafiq akt tərtib edilmişdir. İcra sənədi üzrə X1 şifahi müraciəti əsasında yenidən xx.xx.2020-ci ildə söküntü tikinti və digər hərəkətlərin aparılmasının qadağan edildiyi, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 4 ünvanında olan zaman, borclu hüquqi şəxs “xxxx” MMC tərəfindən Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 4 ünvanında yerləşən sökülmüş qeyri-yaşayış sahəsinin yerində, suvayları bir birinə bağlayan rigerlərin tam betonla doldurulduğu, torpağın bərkitmə işlərinin görüldüyü, yeni tikiləcək binanın fundamenti üçün kotlavanın qazılması işlərinin aparıldığı müəyyən edilmiş və aparılan həmin işlər dayandırılaraq video çəkiliş aparılmış və bu barədə müvafiq akt tərtib edilmişdir. İcra sənədinin icrası ilə bağlı tarixdə cavabdeh “xxxx” MMC-nin rəhbəri Şəxs məxsus ***-***-**-** saylı mobil operator vasitəsiylə əlaqə saxlanılaraq dərhal icra yerinə gəlməsi tələb edilsə də, o, icra yerinə gəlməmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron portal vasitəsi ilə, cavabdeh “xxxx” MMC-nin rəhbəri Şəxs məxsus ***-***-**-** saylı mobil operatora onun hüquqi şəxsin rəhbəri kimi inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti məhkəməyə müraciət edilməsi ilə bağlı xəbərdarlıq sms bildirişi göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, həmin icra işi onun icraatında olmasa da, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 4 ünvanına baxış keçirilən zaman orada olmuş və tikinti gedən ərazidə üzərində “xxxx” MMC yazılmış lövhə görmüşdür. Məhkəmə iclasında borclu “xxxx” MMC-nin rəhbəri Şəxs vəkili Vəkil izahatında göstərdi ki, Bakı şəhəri Nərimanov rayon İcra hakimiyyəti başçısının “Çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” 529 nömrəli, xx xxxxxx 2017-ci il tarixli sərəncamına əsasən Nərimanov rayonunun Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin apanlması məqsədilə 0,92 ha torpaq sahəsi “xxxx” MMC-nin daimi istifadəsinə verilmişdir. Ceyhun Hacıbəyli 4 ünvanında da tikinti işləri məhz “xxxx” MMC tərəfindən aparılır. Lakin icra məmuru tikinti işlərinin kimin tərəfindən aparılmasını müəyyən etmədən əsassız olaraq “xxxx” MMC-nin rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. “xxxx” MMC tərəfindən mübahisəli ünvanda tikinti işləri aparılmamışdır. Həmçinin, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3897/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından da şikayətlə müvafiq məhkəməyə müraciət etmişlər. Göstərilənləri nəzərə alaraq inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki,hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin rəhbəri Şəxs əməlində İXMin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3897/2020 saylı, xx.xx.2020ci il tarixli icra sənədindən görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsində qanunsuz söküntü, tikinti və digər hərəkətlərin aparılması “xxxx” MMC-yə qadağan edilmişdir; - “İcraata başlamaq haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan və həmin tarixli e179328/2020-15-18-003 nömrəli bildirişin surətindən görünür ki, borclu “xxxx” MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3897/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; - Bakı Şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 07 dekabr və xx xxxxxx 2020-ci il tarixli aktların surətindən görünür ki, icra sənədinin icrasını təmin etmək üçün söküntü işlərinin aparılmasının dayandırıldığı Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 4 ünvanında olan zaman, borclu hüquqi şəxs “xxxx” MMC tərəfindən Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 4 ünvanında yerləşən evin söküntü işlərinin aparıldığı müəyyən edilmiş, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 4 ünvanında yerləşən evin söküntü işləri dayandırılaraq çəkiliş aparılmış və bu barədə müvafiq akt tərtib edilmişdir; Bakı şəhəri Nərimanov rayon İcra hakimiyyəti başçısının “Çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” 529 nömrəli, xx xxxxxx 2017-ci il tarixli sərəncamından görünür ki, Nərimanov rayonunun Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin apanlması məqsədilə 0,92 ha torpaq sahəsi “xxxx” MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Rayonun Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış və qeyriyaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə “xxxx” MMC-yə ayrılmış torpaq sahəsini yerində qəbul etməsi və onun sanitar vəziyyətinə nəzarət etməsi həvalə edilmiş və ayrılmış torpaq sahəsinə “xxxx” MMC tərəfindən qanunda nəzərdə tuturmuş qaydada istifadə hüququ əldə edilmişdir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Məhkəmə iclasında müəyyən olunduğu kimi, Bakı şəhəri Nərimanov rayon İcra hakimiyyəti başçısının 529 nömrəli, xx xxxxxx 2017-ci il tarixli sərəncamına əsasən Nərimanov rayonunun Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin apanlması məqsədilə 0,92 ha torpaq sahəsi “xxxx” MMC-nin daimi istifadəsinə verilmiş və həmin torpaq sahələrində tikinti işlərinin aparılması məhz həmin MMC-nin səlahiyyətindədir. İcra sənədinə əsasən ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsində qanunsuz söküntü, tikinti və digər hərəkətlərin aparılması “xxxx” MMC-yə qadağan edilsə də, “xxxx” MMC tərəfindən həmin ərazidə tikinti işlərinin aparılması hər hansı sübutla öz təsdiqini tapmır. Məhkəmə iclasında icra məmuru izahatında qeyd edilənlərə aydınlıq gətirərək bildirmişdir ki, tikinti işlərinin aparıldığı ünvanda üzərində “xxxx” MMC yazılmış lövhə olduğu üçün həmin MMC-nin rəhbər şəxsinin inzibati məsuliyyətə cəlb olunması ilə bağlı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, icra sənədində göstərilən ünvan borclu “xxxx” MMC-nin daimi istifadəsində olmadığı və həmin ünvana dair tikinti işlərinin aparılması başqa hüquqi şəxsin səlahiyyətində olduğundan “xxxx” MMC-nin vəzifəli şəxsinin icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməsi istisna edilir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə hesab edir ki, icra məmuru icra sənədində göstərilən ünvanda tikinti və ya söküntü işləri aparan hüquqi şəxsi müəyyən etməli və həmin şəxsin rəhbərliyinə icra sənədində göstərilən tələblərin yerinə yetirilməsini izah edərək icra sənədinin icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar etməlidir. Hazırki halda borclu “xxxx” MMC-nin vəzifəli şəxsinin hərəkətlərində icra sənədəni üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu “xxxx” MMC-nin vəzifəli şəxsinin əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3897/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icra edilməməsi ilə “xxxx” MMC-nin rəhbəri Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” MMC-nin rəhbəri Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-3550/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3550/2020
28.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver