Məhkəmə qərarları › İş №3(005)-356/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-356/2022

22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-356/2022 22.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs MMC-nin direktoru X1 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X7 Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə 00800-0149/22 nömrəli, 28 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiala əsasən Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 99VF525/99ZG525 nömrəli yük nəqliyyat vasitəsi ilə idxal edilmiş (Yer sayı 10, brutto çəki 1333kq, ümumi gömrük dəyəri 270750.5 AZN, “Dərman vasitələri” adlı yük) yük **********2400 sorğu nömrəli 17.12.2021-ci il tarixli gömrük bəyannaməsi ilə 18.04.2022-ci il tarixədək müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirildiyi, müvəqqəti saxlanc götürülmüş yükə Şəxs MMC-nin ünvan 2 ünvanında yerləşən anbarında (**********2400 sorğu nömrəli 17.12.2021-ci il tarixli gömrük bəyannaməsinin 27-ci qrafasında həmin ünvan yükləmə/boşaltma yeri kimi qeyd edilmişdir.) 19.01.2022-ci il tarixində baxış keçirildiyi, baxış zamanı sözügedən anbarın qapısına gömrük orqanı tərəfindən tətbiq olunmuş AA916407 saylı gömrük təminatının saxlanc üçün nəzərdə tutulan yerdən kənar hissədən vurulduğu və **********2400 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yüklərin bir hissəsinin (5 yer, 450 bağlama, hər bağlamada 64 qutu üzərində “Dcolerol” yazısı olan “Cholecalciferol 0.5mq (20000İU)” markalı dərman preparatı) yerində olmaması müəyyən edilmiş və bu barədə akt tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X3 izahat verərək bildirmişdir ki, təqsirli olduqlarını qəbul edirlər. Saxlanc üçün müəyyən edilən müddətin sonunadək həmin malları idxal gömrük prosedurunda yerləşdirəcəklərini düşündüklərindən dərman vasitələrinin bir hissəsini Bakı şəhərində yerləşən müxtəlif apteklərə satmışdırlar. Odur ki, yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materialında olan 21.01.2022-ci il tarixli Raportdan görünür ki, 19.01.2022-ci il tarixdə BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********1) ünvanına Türkiyədən 99VF525/99ZG525 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olan və **********2400 saylı, 18.12.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca (61) götürülmüş yükə MMC-nin ünvan 4 ünvanında yerləşən anbarında baxış keçirilmişdir. Baxış zamanı qeyd olunan anbarın qapısına gömrük orqanının əməkdaşı tərəfindən tətbiq olunmuş AA916407 saylı gömrük təminatının (stiker) saxlanc üçün nəzərində tutulan yerdən kənarda vurulması və **********2400 saylı gömrük bəyannaməsi bəyan olunan yüklərdən 5 yer, 450 karobka, hər karobkada 64 qutu üzərində “D-colerol” yazısı olan “Cholecalciferol 0.5mq (20000İU)” dərman preparatlarının olmaması müəyyən edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin baş əməliyyat müvəkkili X2, həmin idarənin əməliyyat müvəkkili X4, həmin idarənin baş əməliyyat müvəkkili X5 və Şəxs MMC-nin etibarnamə ilə nümayəndə olan X6 tərəfindən tərtib edilmiş 18.01.2022-ci il tarixli aktdan görünür ki, Türkiyə Respublikasından Şəxs MMC adına 99VF525/99ZG525 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə Bakı Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş **********2400 saylı, 18.12.2021-ci il tarixli gömrük bəyannaməsi ilə 5 yer, 450 karobka, hər karobkada 64 qutu “D-colerol” yazısı olan “Cholecalciferol 0.5mq (20000İU)” dərman preparatlarının olmaması müəyyən edilmişdir. İş materialında olan 28.01.2022-ci il tarixli Raportdan görünür ki, Əməliyyat və Təhqiqat İdarəsindən daxil olmuş 34/013/001627 saylı 24.01.2022-ci il tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, Şəxs MMC tərəfindən gömrük orqanına **********2400 sorğu nömrəli 17.12.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilən və gömrük nəzarəti altında olan, lakin gömrük orqanının icazəsi olmadan üzərində sərəncam verilən 5 yer, 450 karobka, hər karobkada 64 qutu olmaqla ümumi miqdarı 28800 ədəd olan “D-colerol” yazısı olan “Cholecalciferol 0.5mq (20000İU)” tərkibli N14-lük kapsul blister formasında olan dərman preparatının 1 ədədinin gömrük dəyərinin 4,75 AZN olduğunu nəzərə almaqla, ümumi gömrük dəyəri 136800 AZN təşkil edir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.15-ci maddəsinə əsasən gömrük nəzarəti altında olan mallar - bu Məcəllənin tələblərinə uyğun olaraq üzərində gömrük nəzarəti başa çatmamış mallardır. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrindən istifadə olunmasına və onlar barəsində sərəncam verilməsinə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və şərtlər daxilində yol verilir. Həmin Məcəllənin 177.1-ci maddəsinə əsasən saxlanc xüsusi gömrük prosedurunun sahibi aşağıdakılara görə cavabdehdir: 177.1.1. müvəqqəti saxlanc və ya gömrük anbarı xüsusi gömrük prosedurları altında yerləşdirilmiş malların gömrük nəzarətindən yayındırılmasına; 177.1.2. malların saxlancından irəli gələn öhdəliklərinin yerinə yetirilməməsinə; 177.1.3. gömrük və ya müvəqqəti saxlanc anbarlarının təsisi ilə əlaqədar verilmiş lisenziyada müəyyən edilən şərtlərə əməl edilməməsinə. Həmin Məcəllənin 177.2-ci maddəsinə əsasən prosedur sahibi malların müvəqqəti saxlanc və ya gömrük anbarı xüsusi gömrük prosedurları altında yerləşdirilməsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, gömrük nəzarəti altında olan mallarla qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsi qadağan olunmaqla göstərilən hərəkətlərin edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi Şəxs MMC tərəfindən bu tələb pozulmuşdur. Belə ki, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Türkiyə Respublikasından Şəxs MMC adına 99VF525/99ZG525 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə Bakı Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş **********2400 saylı, 18.12.2021-ci il tarixli gömrük bəyannaməsi ilə 5 yer, 450 karobka, hər karobkada 64 qutu “D-colerol” yazısı olan “Cholecalciferol 0.5mq (20000İU)” dərman preparatlarının olmaması müəyyən edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 491.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş 136800.00 (yüz otuz altı min səkkiz yüz) manatın 30 faizi, yəni 41040.00 (qırx bir min qırx) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar