Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3577/2021 16.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X10, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Kürdəmir rayonununun Şilyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X3 Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(106)-1862/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 16 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, borclu Şəxs Şirvan Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(106)-1862/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli icra sənədinə əsasən uşaqla görüş barədə icra məmurunun qanuni tələbini yerinə yetirməmiş, nəticədə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X15 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək izahatında göstərdi ki, Şəxs icra sənədinə əsasən birgə nikahdan olan uşaqlarını anası ilə görüşməsi üçün təyin olunan vaxtda icra şöbəsinə gətirir və özü də bu prosesə müdaxilə etmədən şöbədən kənarda dayanır. Lakin, uşaqlar anaları ilə görüşməkdən imtina edir. Dəvət olunan psixoloqun yardımı da nəticə vermir. Məsələ ilə əlaqədar Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatının “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi” üzrə Komissiyanın rəyi də alınmışdır. Komissiya belə nəticəyə gəlmişdir ki, uşaqların anaları Xələfova (hazırda soyadı Məmmədova) Xəyalə Mehman qızı ilə ünsiyyətdə olduqları vaxt onlara psixoloji təsirin olması müəyyən edilir. Verilmiş suala cavab olaraq bildirdi ki, Şəxs çağırılan vaxtda uşaqları ganaları ilə görüşə gətirmiş, heç bir vaxt yayınmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qətnaməsi ilə tələbkarla birgə nikahlarından 14.03.2006-cı il tarixdə doğulmuş X5 və 03.10.2008-ci il tarixdə doğulmuş X2 onun yanında saxlanılması qərara alınmışdır. Eyni zamanda həmin tarixli qərardadla uşaqların anaları ilə hər həftənin bazar günü saat 10:00-dan həmin gün saat 18:00-dək ünsiyyət hüququ təmin edilmişdir. İcra sənədi üzrə üzərinə düşən vəzifəni yerinə yetirmişdir, yəni birgə nikahdan olan uşaqları anaları ilə görüşməsi üçün icra məmurunun təyin etdiyi vaxtda həmişə gətirmişdir. Uşaqların anaları ilə görüşməsinə mane olmamaq üçün onları hər dəfə icra məmurunun yanında qoyub getmişdir. Lakin, uşaqlar anaları ilə görüşmək istəmir. Buna görə o, uşaqlara hər hansı təsir göstərməmişdir. Belə ki, uşaqlar ailədə baş verənlərlə bağlı psixoloji gərginlik keçirmiş və ananı bağışlaya bilmirlər. Uşaqlar hazırda da məhkəmənin inzibati binasındadırlar, lakin analarını yaxın buraxmırlar. O, anaları ilə görüşmək üçün uşaqları özü məhkəməyə gətirmişdir. Dəfələrlə uşaqlarına anaları ilə görüşməyi məsləhət vermişdir. O, icra sənədi üzrə üzərinə düşən vəzifəni və icra məmurunun qanuni tələblərini yerinə yetirmiş, uşaqların anaları ilə görüşməsinə heç vaxt etiraz etməmişdir. İcra sənədinin icra edilməməsində onun günahı yoxdur. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X6 izahatında göstərdi ki, uşaqları ilə görüşmək üçün çalışır, lakin atalarının onlara göstərdiyi psixoloji təsir müqabilində uşaqlar onunla görüşməkdən imtina edirlər. Borclu uşaqları icra məmurunun təyin etdiyi vaxtda görüşmək üçün gətirsə də, göstərdiyi bu təsir nəticəsində uşaqlar görüşməkdən imtina edirlər. Buna görə də uşaqları ilə görüşə bilməməsində borclunu təqsirkar hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1862/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli 2(041)-72/2020 saylı qətnaməsi qismən, tərəflərin birgə nikahlarından 14.03.2006-cı il tarixdə doğulmuş X5 və 03.10.2008-ci il tarixdə doğulmuş X2 anaları X4 yanında saxlanılması hissəsində ləğv edilmişdir. İddiaçı Şəxs ilə cavabdeh X4 birgə nikahlarından 14.03.2006-cı il tarixdə doğulmuş X5 və 03.10.2008-ci il tarixdə doğulmuş X7 ataları Şəxs yanında saxlanılmışdır; Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1862/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli qərardadından və həmin qərardad əsasında verilmiş icra vərəqəsindən görünür ki, cavabdeh X4 iddiaçı Şəxs ilə birgə nikahlarından 14.03.2006-cı il tarixdə doğulmuş X5 və 02.10.2008-ci il tarixdə doğulmuş X7 ilə hər həftənin bazar günü saat 10:00-dan həmin gün saat 18:00-dək ünsiyyət hüququ təmin edilmiş, ünsiyyət hüququnun həyata keçirilməsinə mane olan hərəkətlər iddiaçı Şəxs qadağan edilmişdir; İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 16.08.2021-cı il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli, 199759/2021-15-1-004 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(106)-1862/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunduğu kimi Şəxs Şirvan Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(106)-1862/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli icra sənədi üzrə üzərinə düşən vəzifəni yerinə yetirmiş, yəni tələbkar X9 ilə birgə nikahlarından 14.03.2006-cı il tarixdə doğulmuş X5 və 02.10.2008-ci il tarixdə doğulmuş X2 anaları ilə ünsiyyət hüququnu təmin etmək üçün uşaqları icra məmurunun təyin etdiyi vaxtda icra şöbəsinə gətirmişdir. Bu hal, icra məmurunun və tələbkarın məhkəmə iclasında verdikləri izahatlara əsasən də öz təsdiqini tapmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin, məhkəmə iclasında müəyyən edildiyi kimi, hazırki halda borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hərəkətlərə yol verilməmişdir. Belə ki, o, icra sənədi üzrə üzərinə düşən vəzifəni, yəni birgə nikahdan doğulan uşaqların tələbkarla ünsiyyət hüququnun təmin edilməsi üçün icra məmurunun qanuni tələblərini yerinə yetirmişdir. Tərəflərin birgə nikahından doğulmuş 14.03.2006-cı il təvəllüdlü X5 və 02.10.2008-ci il təvəllüdlü X2 anaları ilə görüşməkdən imtina etmələri borclunun icra sənədi üzrə icra məmurunun qanuni tələbini yerinə yetirməməsi və ya icra sənədini üzrsüz səbəbdən icra etməməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, hazırki halda Şirvan Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(106)-1862/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli icra sənədinin icrası yetkinlik yaşına çatmayan uşaqların anaları ilə görüşməkdən imtina etməsi səbəbindən mümkün olmamışdır, yəni borclunun icra sənədinin icra edilməməsində təqsiri müəyyən edilmir. İcra məmuru əsassız olaraq borclunun İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gələrək onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Beləliklə, məhkəmə, icra işinin materiallarını tədqiq edib işin hallarına hüquqi qiymət verərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməmə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iclasında borclu Şəxs tərəfindən Şirvan Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(106)-1862/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Bu isə onun tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tördilməsini istisna edir. Yəni, borclu Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki Şirvan Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(106)-1862/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-3577/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3577/2021
16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver