Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3589/2021 30.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən 11 dekabr 2021ci il tarixdə, AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Nərimanov RPİ TŞ-nin təhqiqatçısı O.Məmmədov tərəfindən 1170 nömrəli rədd materialının qərara əsasən sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin 1-ci hissəsinin tələbini pozaraq piyadalar X9 və X5 vuraraq sağlamlığına “Yüngül” dərəcəli bədən xəsarəti yetirib. Səlahiyyətli orqana və işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər. Buna görə də, məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və işdə iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 11 noyabr 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. HK-1-N-905 nömrəli raportdan görünür ki, 11.10.2021-ci il tarixdə saat 15:55-də, Medera Hospitalından tibb bacısı Paşazadə məlumat verərək, A.Neymətulla küçəsi “Coffemania” restoranının yaxınlığında piyada qismində olarkən moped tərəfindən vurulan 1961-ci il təv. X1 ayağın yumşaq toxumalarının əziyi, 1983-cü il təv. X2-beyin travması, sol diz və sol baldır nahiyyəsinin əziyi xəsarətləri ilə müraciət etmələrini bildirib. 12.10.2021-ci il tarixli, 2/14532 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs həmin tarixdə sərxoşluq halı müəyyən edilməmiş və hadisə zamanı ayıq olmuşdur. Araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, 11.10.2021-ci il tarixdə saat 15:00 radələrində o idarə etdiyi, Moon ZX 50 markalı mopedlə Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi ilə Təbriz küçəsi istiqamətindən üzü F.X.Xoyski küçəsi istiqamətində hərəkətdə olarkən qarşıda svetoforun qırmızı işığının yanması səbəbindən həmin küçədə hərəkətdə olan bir neçə avtomobilin dayandığını görüb, qoşa xəttin üzərinə çıxaraq, qoşa xəttin ortası ilə təxminən 15-20 km/saat sürətlə hərəkətini düzünə davam etdirdiyi zaman onunla eyni istiqamətdə dayanmış vəziyyətdə olan markalarını və nömrələrini xatırlamadığı avtomobillərin arasından iki nəfər qadının qarşısına çıxaraq yolu sağdan sola, yəni üzü “Cofemania” restoranı istiqamətində keçdiklərini görüb əyləcdən istifadə edib sükanı sola tərəf döndərdiyi zaman mopedi sol yanı üstə aşmış, nəticədə mopedinin təkər hissəsi həmin piyadalara dəymişdir. Hadisə nəticəsində o mopeddən yerə yıxılıb. Bundan sonra o ayağa qalxaraq, həmin piyadalara yaxınlaşıb. Piyadalar isə ətrafda olan şəxslərin iştirakı ilə yolu əks istiqamətə tərəf keçərək markasını və nömrəsini xatırlamadığı ağ rəngli taksiyə oturub həmin ünvandan uzaqlaşıb getmişlər. O mopedini işə salıb onların arxasınca getməyə cəht etsədə həmin taksini tapa bilməyib. Bundan sonra onların yaxınlıqda fəaliyyət göstərən 5 saylı ŞKX-yə yollandıqlarını güman edib həmin xəstəxanaya yollanıb. Lakin onların həmin xəstəxanaya müraciət etmədiklərini öyrənib. Bundan sonra 8 saylı poliklinikaya gedib, lakin həmin şəxsləri həmin poliklinikada da tapa bilməyib. Bundan bir neçə saat sonra o DİN-nin 102 xidmətinə zəng edib vurulmuş piyadaların harada olması barədə maraqlanıb. Lakin həmin şəxslərin hansı xəstəxanada olması barədə məlumat əldə edə bilməyib. Bu səbəbdən Nərimanov rayon ərazidə xidmət aparan adını xatırlamadığı polis sahə inspektoruna zəng edib hadisə barədə məlumat verib. Bundan bir qədər sonra onunla əlaqə yaratmış təhqiqatçı O.Məmmədovun dəvəti ilə Nərimanov RPİ-nə yaxınlaşaraq aparılan araşdırmada iştirak edib. Araşdırma zamanı X7 izahat verərək bildirmişdir ki, 11.10.2021-ci il tarixdə saat 14:50 radələrində qızı X9 ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu, A.Neymətulla küçəsində yerləşən avtomobil yolunu üzü “Cofemania” restoranı istiqamətində piyada qismində keçdiyləri zaman təxminən yolun ortalarında olduqları zaman A.Neymətulla küçəsi ilə üzü F.X.Xoyski küçəsi istiqamətində hərəkətdə olan nömrəsini bilmədiyi mopedin sürücüsü tərəfindən vurulublar. Hadisə nəticəsində onlar yerə yıxılıb bədən xəsarəti alıblar. Bundan sonra onlar markasını və nömrəsini xatırlamadıqları taksi vasitəsi ilə “Medera” xəstəxanasına aparılıb həkim müayinəsindən keçiblər. Xəstəxanaya gəlmiş təhqiqatçı O.Məmmədov sənədləşdirmə aparmağa başlayıb. Araşdırma zamanı X9 anası X3 izahatına oxşar məzmunlu izahat vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X11 20.10.2021-ci il tarixli, 393/MEŞ saylı ekspert rəyindən görünür ki, vətəndaş X4 aşkar edilmiş xəsarətlər-“Ayaqlarda yumşaq toxuma zədələnməsi” diaqnozu təyin edilmiş və hər iki ayaqları sarğı olunduqdan sonra ambulator müalicəyə göndərilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 11.10.2021-ci il tarixi və şəraiti inkar etmir, dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X11 20.10.2021-ci il tarixli, 392/MEŞ saylı ekspert rəyindən görünür ki, vətəndaş X6 aşkar edilmiş xəsarətlər-“Başın sol təpə nahiyyəsinin dərialtı hematoması” diaqnozu təyin edilərək 3,0 sm kəsik aparılmaqla tibbi yardım göstərilmiş və ambulator müalicəyə göndərilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 11.10.2021-ci il tarixi inkar etmir, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdi və dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in: 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 338.4.1-ci maddəsinə əsasən Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsi qırx manat məbləğində cərimə edilir. 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3589/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3589/2021
30.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver