Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3590/2020 22.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, xx.xx.1981-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Bakqazmaş zavodunun yataqxanasında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X5 xx xxxxxx 2020-ci il tarixli qərarından və xx.xx.2020-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, təxminən saat 17:30 radələrində idarə etdiyi “VAZ 21074” minik markalı, ** ON *** dövlət qeydiyyat nişanlı avtomobillə saatda təqribi 30 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə K.Rəhimov küçəsi kəsişməsində hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələbinə əməl etməmiş, nəticədə piyada zolağına yaxınlaşanda hərəkət istiqamətlərini ayıran bütöv qoşa xəttin üzərində piyadaların olmasına baxmayaraq, hərəkətini davam etdirmiş və avtomobilin ön hissəsi ilə piyadalara dəymişdir. Hadisə nəticəsində piyada X3 dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs isə yüngül dərəcəli bədən xəsarəti almışlar. Bununla da, Şəxs tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 61.3-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 62.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxxx 2020-ci il tarixdə, saat 17:35-də Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz Şəhər Xidmətinin operatoru Hüseynova tərəfindən Nərimanov RPİ-nin növbətçi hissəsinə məlumat verilmişdir ki, TŞ 6-020 kamerasının görüntüsünə görə Nərimanov rayonu, Təbriz küçəsi ilə K.Rəhimov küçəsinin kəsişməsində “VAZ 21074” minik markalı, ** ON *** dövlət qeydiyyat nişanlı avtomobil 2 nəfər piyada vurmuşdur. Həmin günü saat 19:15-də Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 3 saylı şəhər klinik xəstəxanasının tibb bacısı Mürsəlova tərəfindən Nərimanov RPİ-nin növbətçi hissəsinə məlumat verilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə K.Rəhimov küçəsinin kəsişməsində piyada Zərərçəkmiş şəxs “VAZ 21074” minik markalı, ** ON *** dövlət qeydiyyat nişanlı avtomobillə vurulması nəticəsində bədən xəsarəti alaraq onlara müraciət etmişdir. Qeyd olunan məlumat xarakterli raport həmin günü HK-1/703 sıra sayı altında qeydə alınaraq araşdırma aparılması baş təhqiqatçı Rafiq Ağaliyevə həvalə edilmişdir; 2/1052 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli “Sərxoşlluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə ayıq olmuşdur; Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş AC 714104 nömrəli, xx xxxxxx 2016-cı il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs BC kateqoriyalı sürücüdür; Təhqiqat araşdırması üzrə izahatı alınmış Zərərçəkmiş şəxs qeyd etmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 17:30 radələrində 5 yaşlı qızı X3 ilə birlikdə H.Əliyev mərkəzinin istirahət parkına gedərkən Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi ilə Təbriz küçəsinin kəsişməsi yaxınlığında, piyada zolağının üzəri ilə K.Rəhimov küçəsinin əks tərəfinə keçərkən avtomobil yolunun 1-ci hissəsini keçib 2-ci hissəsinə daxil olduğu zaman onlardan sağ tərəfdən gələn, yəni K.Rəhimov küçəsi ilə Təbriz küçəsi istiqamətindən F.X.Xoyski küçəsi istiqamətinə hərəkət edənjnarkalarına və dövlət qeydiyyat nişanlarına baxmadığı avtomobilin sürücüləri dayanaraq onlara yol vermişdir. O da qızı ilə birlikdə hərəkətlərini davam etdirib avtomobil yolunun orta hissəsinə çatanda sağ tərəfdən gələn ağ rəngli, “VAZ 21070” minik markalı, dövlət qeydiyyat nişanına baxmadığı avtomobilin sürücüsü dayanmadan hərəkətini davam etdirmiş və nəticədə avtomobilin ön orta hissəsi ikisinə də dəyib yerə yıxmışdır. Hadisədən dərhal sonra qızı Zeynəb Zeynalovam yerdən qaldırıb yol kənarına keçirmişdir. Qısa zamanda hadisə yerinə polis əməkdaşları gəlmişlər; Təhqiqat araşdırması üzrə izahatı alınmış Şəxs qeyd etmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 15:30 radələrində tanımadığı şəxs ona zəng edərək qardaşı X2 Qarabağ döyüşlərində yaralandığını və hazırda Respublika Hərbi hospitalında əməliyyatda olduğunu bildirmişdir. O da qohumu X1 xahiş etmişdir ki, “VAZ 21070” minik markalı, ** ON *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edib hospitala getməsinə icazə versin. T.Quliyevdə etiraz etməyərək avtomobilini idarə etməsinə icazə vermişdir. Beləliklə T.Quliyevə məxsus yuxarıda qeyd olunan avtomobillə sonuncu ilə birlikdə Hərbi hospitala getməyə başlamışlar. Gedərkən avtomobili o idarə etmiş, T.Quliyev isə ön oturacaqda əyləşmişdir. Yolda gedərkən yuxarıda qeyd etdiyi avtomobillə saat da 30 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi ilə, Təbriz küçəsi istiqamətindən F.X.Xoyski küçəsi istiqamətinə hərəkət edib, K.Rəhimov küçəsi ilə Təbriz küçəsinin kəsişməsi yaxınlığında, K.Rəhimov küçəsində yerləşən piyada zolağına yaxınlaşanda hərəkət istiqamətlərini ayıran bütöv qoşa xəttin üzərində cavan xanımla azyaşlı uşağın olduğunu görmüş və fikirləşmişdir ki, yəqin onlar dayanarlar. Ona görə də idarə etdiyi avtomobillə hərəkətini davanı etdirib piyada zolağına çatanda qadın uşaqla bərabər yolun hərəkət hissəsinə daxil olmuşdur. Nəticədə idarə etdiyi avtomobilin ön hissəsi onlara dəymişdir. Hadisədən sonra dərhal onlara yaxınlaşıb yol kənarına keçirmişlər. Qadına təklif etmişdir ki, müayinə etdirmək üçün xəstəxanaya aparsın. Ancaq qadın imtina etmişdir. Qısa zamanda hadisə yerinə polis əməkdaşları gəlmişlər; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 801 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər - sağ ayağının, sağ budun və sağ baldırın şişkinli hematomaları, sol çiyin qurşağının arxa səthinin, sol mil-bilək oynağının iç səthinin, sol bazunun qançırları, sağ əlin arxa səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd edilən xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin RM-974 nömrəli rədd materialında olan izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-3590/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3590/2020
22.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver