Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3592/2023 27.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs X5 vəkili Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X10, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X1 iştirakları ilə, Şikayət vermiş şəxs X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət vermiş şəxs X5 X15 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh haqqında qərarın ləğv olunmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətininin Bakı şəhəri İdarəsinin 20 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1000 AZN məbləğində inzibati cərimə edilmişdir. Aşağıdakı əsaslara görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X15 Xidmətinin Bakı şəhəri İdarəsinin 20 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsini rəhbər tutaraq, "xxxx" MMC-nin keçmiş əməkdaşı X6 17 avqust 2022-ci il tarixli 407 nömrəli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli 132/Ç-23 nömrəli əmr ilə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildiyi tarixdən 1 (bir) ay müddət keçdikdən sonra X3 Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə yazılı şəkildə müraciət edərək son haqq-hesab zamanı məzuniyyət pulunun verilmədiyini bildirmişdir. Şikayətə baxan X15 Xidmətinin Bakı şəhər idarəsi 20 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək X11 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. İlk öncə bildirmək istəyir ki, X2 haqq-hesabı işdən çıxdığı gün tam şəkildə ödənilmişdir. Belə ki, X8 həyata keçirilmiş əmək haqlarına və digər ödəmələrə dair son haqq-hesab sənədində qeyd edildiyi kimi, X8 faktiki işdə olmadığı müddətlər üçün də əmək haqqı ödənilmişdir. Buna baxmayaraq, inzibati orqan X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması qənaətinə gələrək X5 inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Halbuki, bu hal həm Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin əsaslarına, həm də həmin Məcəllənin 12.1-ci maddəsində qeyd olunan inzibati xəta anlayışına tamamilə ziddir. Bundan əlavə, inzibati orqan iş vaxtından artıq iş saatlarında işlərin yerinə yetirilməsinə cəlb edildiyi, lakin əmək haqqına əlavələrin hesablanıb ödənilməməsi səbəbinə görə X11 barəsində inzibati protokolu tərtib edən zaman mötəbər sübutlara əsaslanmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimatın 24-cü bəndinə əsasən, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Beləliklə, rəsmi sənəd hüquq əhəmiyyətli faktları müəyyən edən, dövlət tərəfindən səlahiyyət verilmiş hüquqi və (və ya) fiziki şəxslər tərəfindən tərtib və təsdiq edilən, qanunla müəyyən olunmuş formaya malik olan, qeydiyyat, ciddi hesabatlılıq və dövriyyəsi nəzarət sisteminin təsiri altına düşən sənəddir. Lakin inzibati orqan tərəfindən inzibati xətanın əsası kimi göstərilən iş vaxtlarının uçotu cədvəlində müəssisə rəhbərinin imzası və müəssisənin möhürü mövcud deyildir. Səlahiyyətli orqan isə əməlində inzibati xətanın tərkibi olmadığı halda həmin Məcəllənin 192.4-cü maddəsinə əsaslanaraq barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Məhkəmə iclasında iştirak etmiş səlahiyyətli orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X4 məhkəmə iclasında verilmiş şikayətə etiraz edib qəbul edilmiş qərarın qanuni olduğunu bildirərək qeyd etmişdir ki, müvafiq araşdırma aparılmış və aşkar edilmiş pozuntu əsasında da vəzifəli şəxs Əflatun Cəfərov barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, qərar qanuni və əsaslı olduğundan verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 nümayəndəsi X16 məhkəmə iclasında verilmiş şikayət ərizəsinin dəlillərinə uyğun çıxış edərək bildirmişdir ki, tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur. Məhkəməyə zəruri sənədləri təqdim edərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə iş vaxtının uçot tabeli möhürlənməmiş qaydada MMC-nin təcrübəsiz işçisi tərəfindən göndərilmişdir. Daha sonra tərəflərindən araşdırma aparılmış və müvafiq iş vaxtının uçot tabeli tərtib edilərək möhürlənmiş və düzgün formada təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh haqqında inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib 1000 manat cərimə edilmişdir. Məhkəmə şikayət vermiş şəxsin vəkili və səlahiyyətli orqanın nümayəndəsini dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, məhkəmə iclasında araşdırma zamanı müəyyən edilmişdir ki, X13 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 407 nömrəli əmək müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdən satış məsləhətçisi vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsinə əsasən işçinin iş və istirahət vaxtı müəyyən olunmuşdur. 10 iyul 2023-cü il tarixdə işçinin əmək müqaviləsinə 132/Ç-23 nömrəli əmrlə xitam verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən möhürlə təsdiq edilərək məhkəməyə təqdim edilmiş iş vaxtının uçot tabelindən görünür ki, X13 əmək müqaviləsinə əsasən müəyyən edilmiş iş günü və saatlarda fəaliyyət göstərmiş və əmək haqqı almışdır. Beləliklə məhkəmə iclasında X11 tərəfindən X7 iş vaxtından əlavə işə cəlb edilməsi faktı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsinin 20 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib 1000 (min) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsinin 20 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-3592/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3592/2023
27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver