Məhkəmə qərarları › İş №3(005)-3593/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3593/2024

26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3593/2024 26.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24144671 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24144671 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayəti müdafiə edərək bildirdi ki, AsanPay elektron kabinetimə 13 oktyabr 2024-cü il tarixdə HYUNDAİ ELANTRA minik markalı, ** AT *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi kimi Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Patrul Xidmətinin EQ 24144671 saylı inzibati tənbeh vermə haqqında elektron qərar yerləşdirilmişdir. Həmin qərarda 12 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Çerniyayevski (Montin), 68 ünvanında BOKT "xxxx" QSC-nin mülkiyyətində olan HYUNDAİ ELANTRA minik markalı, ** AT *** dövlət qeydiyyat nişanlı minik avtomobilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitəsi tərəfindən inzibati xəta törədildiyi müəyyən edilmiş, barəsində 13 oktyabr 2024-cü il tarixli EQ 24144671 saylı inzibati tənbeh vermə haqqında elektron Qərar tərtib edilmiş və nəticədə mənə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə uyğun cərimə tətbiq olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş inzibati tənbeh vermə Belə ki, HYUNDAİ ELANTRA minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili BOKT "xxxx" QSC-nin mülkiyyətindədir. 03 oktyabr 2024-cü il tarixdə inzibati protokol tərtib olunduğu vaxt həmin avtomobili o idarə etməmişdir. Həmin tarixdə HYUNDAİ ELANTRA minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili BOKT "xxxx" QSC-də sürücü vəzifəsində işləyən digər əməkdaş idarə etmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitəsi tərəfindən çəkilən görüntülərdən müəyyən olunur ki, HYUNDAİ ELANTRA minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini o idarə etməmişdir. Qeyd edilən nəqliyyat vasitəsini etibarnamə əsasında BOKT "xxxx" QSC-nin bir neçə sürücüsü tərəfindən idarə edilir. Bildirilir ki, inzibati xəta törədildiyi halda həmin nəqliyyat vasitəsini idarə edən şəxsin müəyyən edilməsi məqsədilə BOKT "xxxx" QSC-yə sorğu verilməsi barədə Bakı Şəhər Baş X7 İdarəsinə, Bakı şəhəri Yasamal rayonu Polis İdarəsi Dövlət X6 və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş inzibati tənbeh vermə elektron haqqında EQ 23946177 saylı qərar əsassızdır və bu halda onun barəsində inzibati tənbeh etmə haqqında qərar ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə, İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24144671 saylı qərarından görünür ki, xx.xx.2024-cü il tarixində, Bakı, Çerniayevski (Montin) yaxınlığında HYUNDAİ ELANTRA minik markalı, **- AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə barəsində 36 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, şikayət verən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-nin 346.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24144671 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı X1 İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədib törətməməsini müəyyən etmək mümkün deyil. Belə ki, səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir ki, qərarın əsaslılığını məhkəmədə sübuta yetirsin. Halbuki, həmin halları sübutetmə vəzifəsi bilavasitə qərarı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, təqdim olunmuş sənədlər əsasında X2 İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının, ümumiyyətlə dayanma və ya durma qaydalarının pozulmasına yol verməsinin müəyyən edilməsi mümkün deyil və bu səbəbdən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də iş üzrə yenidən araşdırma aparılmaqla müvafiq qərar qəbul edilməsi üçün X1 barəsində Baş X7 İdarəsinin xx.xx.2024-cü il inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24144671 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar