Məhkəmə qərarları › İş №3(005)-3593/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3593/2025

18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3593/2025 18.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru Nümayəndə iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-maddəsi ilə MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC-nin rəhbərliyi tərəfindən vətəndaşlar Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixədək müəllimə, Zərərçəkmiş şəxs2 09.2024-xx.xx.2024-cü il tarixədək nəzarətçi, Zərərçəkmiş şəxs3 08.2024-xx.xx.2024-cü il tarixədək aşpaz, Zərərçəkmiş şəxs4 İsmayıl qızı 08.2024-xx.xx.2024-cü il tarixədək müəllimə kimi Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən Şəxs MMC tərəfindən qanunvericiliyin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi müəyyən olunmuşdur. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən orqanın nümayəndəsi X4 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, hüquqi şəxsin rəhbərliyi tərəfindən vətəndaşlar Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixədək müəllimə, Zərərçəkmiş şəxs2 09.2024-xx.xx.2024-cü il tarixədək nəzarətçi, Zərərçəkmiş şəxs3 08.2024-xx.xx.2024-cü il tarixədək aşpaz, Zərərçəkmiş şəxs4 İsmayıl qızı 08.2024xx.xx.2024-cü il tarixədək müəllimə kimi Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən Şəxs MMC tərəfindən qanunvericiliyin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi müəyyən olunmuşdur. Sonda hüquqi şəxsin barəsində müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, sözügedən fakt barədə məlumat Yasamal rayon prokurorluğundan daxil olmuş, müvafiq qərarın surəti hüquqi şəxs barəsində tədbir görülməsi üçün onlara göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru Nümayəndə çıxış edərək bildirmişdir ki, X3 15 ildən artıqdır ki, fəaliyyət göstərir. MMC-nin Bakı şəhərinin müxtəlif ərazilərində bir neçə bağçası vardır. 2024-cü ilin oktyabr ayında Yasamal rayonu ərazisində yerləşən, əvvəlki adı “Miray” olan bağçanın satışa çıxdığını görmüş, həmin bağçanı almaq üçün oraya getmişdir. Həmin vaxt Samirə xanım da onunla birlikdə bağçaya getmişdir. Lakin, bağçanı özü almışdır. Samirə isə bir müddət orada qeyri-rəsmi gəlib getmiş, işləyib-işləyəməyəcəyinə qərar vermişdir. Daha sonra isə uşaqların az olmasını görüb bağçadan ayrılmışdır. Oktyabr ayının 20-si ərəfələrində bağçanı icarəyə götürmüş, rəsmi müqavilə bağlamışdır. Həmin vaxt obyekt sahibi təmir işləri görmüşdür. Daha sonra bağçanın əvvəlki əməkdaşlarına işləmək istəmələri ilə bağlı təklif göndərmiş, işləməyə razı olanlarla rəsmi müqavilə bağlayaraq işə götürmüşdür. Qeyd etmişdir ki, Samirə orada hər hansı rəsmi iş görməmiş, qeydiyyatda oturmuşdur. Ülkər isə əmək fəaliyyətinə başlasa da, əmək müqaviləsini elektron “Sima” tətbiqi vasitəsilə imzalaya bilmədiyi üçün daha sonra mühasibatlıq köməkliyi ilə imzalamışdır. Bu səbəbdən müqavilə gec bağlanmışdır. Bütün işçiləri oktyabrın 21-23-ü tarixlərində orada görmüşdür. Müəssisədə müqaviləsiz işçi olmamış, o gələnə kimi əvvəlki sahibin müqavilə bağlayıb-bağlamaması barədə də məlumatı olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat vermiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, uzun illərdir ki, əvvəlki adı “Miray”, hazırkı adı “Esmanur” olan bağçada aşpaz işləmişdir. Avqust ayında məzuniyyətdə olmuşdur. Bağçada gedən təmir işləri oktyabr ayında bitmiş və əmək fəaliyyəti ilə məşğul olmağa davam etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Yasamal rayon prokurorluğunda verdiyi izahatı özü vermiş və təsdiq edir. Həmin bağçada 2025-ci ilin sentyabr ayına qədər fəaliyyət göstərmişdir. Rəsmi əmək müqaviləsi isə dekabr ayının əvvəlləri bağlanmışdır. Qeyd etmişdir ki, “Sima” tətbiqi ilə qeydiyyatdan keçə bilmədiyi üçün müqaviləsi gec bağlanılmışdır. Yasamal rayon prokurorluğunda verdiyi izahatında 2024-cü ilin avqust ayından etibarən “Esmanur” bağçasında işləməsini qeyd etməsi ilə bağlı sualına oktyabr ayından fəaliyyətə başladığını, avqust ayında isə bütün işçilərin məzuniyyətdə olduğunu qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat vermiş Zərərçəkmiş şəxs4 İsmayıl qızı bildirmişdir ki, bağça direktoru İlahə xanımı oktyabr ayından tanımışdır. 2024cü ilin avqust ayında əvvəlki rəhbərlik bütün işçiləri məzuniyyətə buraxmışdır. Oktyabr ayında İlahə xanım onları əməkdaşlığa dəvət etmiş, təxminən oktyabr ayının əvvəllərində bağçaya gəlmişlər. Lakin, həmin vaxt orada təmir işləri aparılmışdır. Daha sonra müqavilə bağlanıldıqdan sonra rəsmi fəaliyyətə başlamışlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Yasamal rayon prokurorluğunda verdiyi izahatı özü vermişdir və müdafiə edir. Həmin izahatda hansı səbəbdən avqust ayından “Esmanur” Tədris Mərkəzində çalışması ilə bağlı verilən suala cavab olaraq, həmin vaxt məzuniyyətdə olduğunu, rəsmi fəaliyyətə oktyabr ayında başladığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat vermiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, “Esmanur” tədris mərkəzinin direktoru İlahə xanımı oktyabr ayında tanımış, Yasamal rayonu ərazisindəki həmin bağçanı o da almaq istəmişdir. Lakin, uşaq sayı az olduğu üçün həmin bağçanı almaqdan daşınmış, İlahə xanım həmin obyekti icarəyə götürmüşdür. Daha sonra həmin bağçada iki aya yaxın sınaq müddəti şəklində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, həmin tarixdə bağça yeni fəaliyyətə başlamışdır. Aygün Məmmədova da hüquqi şəxsdə işləmişdir. O, işə başladıqdan sonra isə Aygün işdən ayrılmışdır. Ülkər və Gülşən 2024-cü ilin oktyabr ayından bağçada fəaliyyət göstərməyə başlamışlar. Bağçanın ünvanı Yasamal rayonunda yerləşir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Yasamal rayon prokurorluğunda verdiyi izahatı özü vermişdir. Həmin izahatı müdafiə edir. Bağçada sınaq müddəti ilə işləmişdir. Məhkəmənin sualına cavab olaraq, işdən ayrılarkən Gülşən və Ülkər adlı xanımların hələ də orada çalışdıqlarını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin rəhbərliyi tərəfindən vətəndaşlar Zərərçəkmiş şəxs1 xx.xx.2024-ci il tarixədək müəllimə, Zərərçəkmiş şəxs2 09.2024-xx.xx.2024-cü il tarixədək nəzarətçi, Zərərçəkmiş şəxs3 08.2024-xx.xx.2024-cü il tarixədək aşpaz, Zərərçəkmiş şəxs4 İsmayıl qızı 08.2024-xx.xx.2024-cü il tarixədək müəllimə kimi Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən Şəxs MMC tərəfindən qanunvericiliyin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi müəyyən olunmuşdur. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolda adları qeyd edilən şəxslərin Yasamal rayon prokurorluğunda verdikləri izahatlardan görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 İsmayıl qızı Şəxs MMC-də protokolda qeyd edilən tarixlərdə, o cümlədən 2024-cü ilin avqust ayından etibarən həmin bağçada əmək fəaliyyəti ilə məşğul olduqlarını bildirmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; 7-ci maddəsinə əsasən:

1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. 42-ci maddənin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:

1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, iş üzrə təqdim edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri, protokol tərtib etmiş orqanın nümayəndəsinin izahatlarını hərtərəfli, tam və obyektiv araşdıraraq, sübutları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq, öz daxili inamına əsasən qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə irəli sürülmüş iddia öz sübutunu tapmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsi isə imperativ qaydada müəyyən edir ki, əmək müqaviləsi tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən hüquqi qüvvəyə minir. Bu normalar, işçi və işəgötürən arasında münasibətlərin hüquqi müstəvidə yaranmasının və işçinin sosial təminatlarının (məzuniyyət, sosial sığorta, pensiya təminatı və s.) təmin edilməsinin fundamental əsasını təşkil edir. İş üzrə müəyyən edilməli olan əsas hüquqi məsələ, Şəxs MMC tərəfindən vətəndaşlar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 İsmayıl qızının əmək fəaliyyətinə cəlb edilməsi zamanı əmək qanunvericiliyinin tələblərinin pozulub-pozulmamasından, yəni hüquqi şəxsin əməlində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcud olub-olmamasından ibarətdir. İş materiallarında mövcud olan və adı çəkilən şəxslərin prokurorluq orqanlarında verdikləri ilkin izahatlarından birmənalı şəkildə görünür ki, onlar Şəxs MMC-də əmək fəaliyyətinə 2024-cü ilin avqust-sentyabr aylarından etibarən başladıqlarını təsdiq etmişlər. Bu izahatlar, hadisələrin baş verdiyi zamana daha yaxın bir tarixdə, hər hansı bir tərəfin təsir imkanları xaricində və sərbəst iradə ifadəsi olaraq verildiyindən, onların sübutetmə əhəmiyyəti daha yüksək qiymətləndirilməlidir. Bununla belə, məhkəmə iclası zamanı həmin şəxslər, eləcə də barəsində icraat aparılan hüquqi şəxsin direktoru Nümayəndə öz ilkin izahatlarını faktiki olaraq təkzib edərək, əmək münasibətlərinin guya ki, 2024-cü ilin oktyabr ayının sonlarından sonra başladığını iddia etmişlər. Məhkəmə, bu cür sonradan dəyişdirilmiş və bir-biri ilə uyğunlaşdırılmış izahatlara, onların işəgötürəni inzibati məsuliyyətdən yayındırmaq məqsədi daşıya biləcəyi ehtimalını nəzərə alaraq, tənqidi yanaşır. Sübutların qiymətləndirilməsi zamanı məhkəmənin daxili inamı, yalnız formal dəlillərə deyil, həm də işin həqiqi hallarının məntiqi təhlilinə əsaslanmalıdır. İlkin izahatların sonrakı izahatlarla ziddiyyət təşkil etdiyi hallarda, məhkəmə ilkin izahatların doğruluğuna üstünlük verməyi daha əsaslı hesab edir, çünki bu izahatlar xarici təsirlərdən daha azad bir şəraitdə verilmişdir. Bundan əlavə, digər işçilərin əmək fəaliyyətinə başlama tarixləri ilə bağlı yaranmış mübahisəli məqamları bir kənara qoysaq belə, yalnız bir işçinin, Zərərçəkmiş şəxs3 işə cəlb edilməsi faktı özü-özlüyündə inzibati xəta tərkibinin mövcudluğunu heç bir şübhəyə yer qoymayacaq dərəcədə sübuta yetirir. Belə ki, inzibati xəta haqqında protokolda Zərərçəkmiş şəxs3 2024-cü ilin avqust ayından 30 noyabr 2024-cü il tarixinədək əmək müqaviləsi olmadan aşpaz kimi işlərin görülməsinə cəlb edildiyi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş və heç kim tərəfindən mübahisələndirilməyən əmək müqaviləsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs3 ilə Şəxs MMC arasında əmək müqaviləsi 02 dekabr 2024-cü il tarixdə bağlanmışdır. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 özü də məhkəmə iclasında əmək müqaviləsinin dekabr ayının əvvəllərində bağlandığını təsdiq etmiş, gecikməni isə “Sima” tətbiqi ilə bağlı texniki problemlərlə əsaslandırmağa çalışmışdır. Bu, inzibati xətanın fasiləsiz və davamlı xarakter daşıdığını göstərir. Təkzibedilməz bir faktdır ki, Zərərçəkmiş şəxs3 ən azı protokolda göstərilən son tarixədək (xx.xx.2024) və hətta xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bu isə İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın obyektiv cəhətinin tam formalaşdığını göstərir. İşəgötürənin texniki problemlərə istinad etməsi onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin imperativ tələblərini yerinə yetirmək vəzifəsindən azad etmir. Qanunun tələbi birmənalıdır: əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs işlərin görülməsinə cəlb edilə bilməz. Beləliklə, digər üç işçinin işə başlama tarixləri ilə bağlı izahatlar arasındakı ziddiyyətlərə baxmayaraq, yalnız Zərərçəkmiş şəxs3 mübahisəsiz olaraq ən azı dekabr ayının əvvəlinə qədər müqaviləsiz işləməsi faktı, inzibati xətanın əsaslılığını təsdiq etmək üçün tam kifayətdir. İXM-nin 192.1-ci maddəsinin dispozisiyası "fiziki şəxsləri" cəm halında ifadə etsə də, bu, bir və ya daha artıq şəxsə şamil edilir və hətta bir nəfərin belə müqaviləsiz işə cəlb edilməsi inzibati xəta tərkibini yaradır. Bu kontekstdə, məhkəmə "faktların formadan üstünlüyü" hüquq prinsipini rəhbər tutur. Bu prinsipə görə, tərəflər arasında yaranan münasibətlərin hüquqi təbiəti onların formal adlandırılması və ya rəsmiləşdirilməsi ilə deyil, onların həqiqi mahiyyəti ilə müəyyən edilir. Adları çəkilən şəxslərin müəyyən bir iş yerində, işəgötürənin nəzarəti altında, müəyyən edilmiş iş qrafiki ilə və haqq müqabilində (əmək haqqı) işlərin yerinə yetirilməsinə cəlb edilməsi, tərəflər arasında de-facto (faktiki) əmək münasibətlərinin mövcudluğuna dəlalət edir. Hüquqi şəxsin direktoru Nümayəndə Zərərçəkmiş şəxs2 "sınaq müddəti" keçməsi və ya Zərərçəkmiş şəxs3 "Sima" tətbiqi ilə müqaviləni imzalaya bilməməsi səbəbindən gecikmənin olması barədə verdiyi izahatlar, həmin şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilməsi faktını aradan qaldırmır, əksinə, birbaşa təsdiq edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin imperativ tələblərinə zidd olaraq, bu münasibətlərin elektron informasiya sistemində qeydiyyata alınmış əmək müqaviləsi ilə rəsmiləşdirilməməsi İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın obyektiv cəhətini tam formalaşdırır. Beləliklə, toplanmış sübutların məcmusu – Yasamal rayon prokurorluğunda verilmiş ilkin izahatlar, inzibati xəta haqqında protokol, işçilərlə bağlanmış əmək müqavilələrinin tarixçəsi və hüquqi şəxsin nümayəndəsinin dolayı etirafı “əsaslı şübhədən kənar” (beyond a reasonable doubt) sübut standartı əsasında Şəxs MMC tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini sübut edir. İnzibati tənbehin növü və məbləği müəyyən edilərkən, məhkəmə İXM-nin 31-ci maddəsini rəhbər tutaraq, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların mövcud olmamasını, törədilmiş xətanın işçinin fundamental əmək hüquqlarını pozmaqla yüksək sosial təhlükəlilik dərəcəsini, hüquqi şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq, İXM-nin 192.1-ci maddəsinin sanksiyası çərçivəsində hüquqi şəxslər üçün nəzərdə tutulmuş cərimənin tətbiq edilməsini ədalətli, mütənasib və qanunun məqsədlərinə uyğun hesab edir. Bu tənbeh tədbiri həm cəzalandırma, həm də gələcəkdə Cəmiyyət və digər işəgötürənlər tərəfindən bu cür hüquq pozuntularının qarşısının alınması (praeventio generalis et specialis) məqsədlərinə xidmət edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20.000 (iyirmi min) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər

Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar