Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3611/2023 26.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MM-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 01 dekabr 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş X5 xx.xx.2023-cü il tarixdə, saat 15:55 radələrində istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almış, lakin işçinin əmək müqaviləsi bildirişi altsistemə xx.xx.2023-cü il tarixdə saat 17:47-də daxil edilmiş, beləliklə işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MM-nin nümayəndəsi X8 izahatında göstərdi ki, X5 Şəxs MMC-də işləmək üçün müraciət etmişdir. Xanımın iş qabiliyyətini yoxlamaq məqsədilə ona iş həvalə olunmuşdur. Sözü gedən hadisə həmin zaman baş vermişdir. X1 hüquqları pozulmamış, Şəxs MMC ilə Tamilə Hüseynova arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanılaraq elektron sistemə daxil edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin rəisi cənab Vəli Quliyevə ünvanlanan məktubdan görünür ki, xx.xx.2023-cü il tarixində saat 1555-radələrində “X6” MMC-nin (SDM) yeməkxanasında çalışan podratçı təşkilat FRESH Catering şirkətinin işçisi X5 15:55 radələrində SDM-in yeməkxanasında hazırlıq işləri görərkən ayağı sürüşmüş və sağ əli yağ olan qazanın içərisinə girmiş, sağ əl və sağ döş nahiyəsindən yanıq xəsarəti almışdır. Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin ünvan 1 ünvanlanan 24 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, “işçimiz X5 oktyabr ayının 15-də sifarişçimiz olan “X6” MMC-nin ərazisinə saat 9:00-da daxil olub. xx.xx.2023-cü il tarixində saat 15:55 radələrində "X6" MMC-nin yeməkxanasında çalışan X5 işini görərkən, içində isti yağ olan qazanı qaldırarkən, sağ əlinə dağıdıb. Əraziyə çağırılmış təcili tibbi yardım X4 5 nömrəli xəstəxanaya çatdırıb və müalicə alıb. Xəstəlik vərəqəsi xx.xx.2023-cü il tarixində açılmış və xx.xx.2023-cü il tarixində bağlanılmış hesab edilir. İşçimiz evinə buraxılıb.”. Qəza/Hadisə haqqında məlumat formasından görünür ki, Socar DM-in mətbəxində xadimə X5 xx.xx.2023-cü il tarixdə saat 15:55 radələrində tavanı (sobanı) təmizləyən zaman isti bitki yağ üzərinə dağılmışdır. Hadisə həmin gün saat 16:00-da məruzə olunmuşdur. Portaldan çıxarışdan görünür ki, X7i ilə bağlanmış müddətli əmək müqaviləsi elektron informasiya sisteminə xx.xx.2023-cü il tarixdə, saat 17:47:52-də daxil edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən:
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.
3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.
4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs MMC-nin tərəfindən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Məhkəmə iclasında tədqiq edilmiş əmək müqaviləsinin bildirişi, habelə iş üzrə araşdırılmış digər sübutlarla müəyyən olunmuşdur ki, işəgötürən Şəxs MMC ilə X5 arasında bağlanmış əmək müqaviləsinin bildirişi xx.xx.2023-cü il tarixdə saat 17:47:52-də elektron informasiya sistemində qeydiyyata alınmışdır. İşdə olan sübutlarla müəyyən olunur ki, X5 xx.xx.2023-cü il tarixdə saat 15:55 radələrində xəsarət almışdır, yəni əmək müqaviləsi elektron informasiya sisteminə daxil edilməmişdən əvvəl. Buna görə də, məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış X9 Xidmətinin Bakı Şəhər İdarəsi Şəxs MMC tərəfindən işçilərin əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməməsinə dair pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, həmçinin Şəxs MMC-nin nümayəndəsi X2 X3 hadisə baş verən zaman onların işçisi olmamasına dair gətirdiyi dəlillərə münasibət bildirərək qeyd edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə ünvanlanan məktubunda belə MMC X4 işçiləri kimi təqdim etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, MMC-nin nümayəndəsi tərəfindən gətirilən dəlillər həqiqəti əks etdirmir və məsuliyyətdən yayınmaq məqsədi güdür. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Beləliklə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. (İXM-in 32-ci və 33-cü maddələri). Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər
Hakim Vüsal Qurbanov