Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3616/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hacıyev Cümşüd Əmir oğlunun katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4, tələbkar X5 və onun nümayəndəsi Bakhram Osmanovun, müdafiəçi “Femida” Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Qubadlı rayonu, Qarağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qubadlı rayonu, Qaracallı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X7 Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5721/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 17 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5721/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs tərəfindən “Hyundai Grandeur” minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 qərəzli olaraq verilməmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X7 protokolu müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, onun heç nədən xəbəri yoxdur. Ümumiyyətlə, avtomobili qardaşı Elşən alıb-satmışdır. Sadəcə sənədlərində problem olduğu üçün avtomobil onun adına rəsmiləşdirilmişdir. Onun məsələ barəsində məlumatı avtomobilin kimdən, nə vaxt alınması, necə satılması və digər hallar barədə məlumatı olmamışdır. O, ümumiyyətlə həmin nəqliyyat vasitəsini görməmişdir. Qeyd etdiyi kimi, onun qardaşı Elşən bütün alqısatqını aparmış, sadəcə rəsmiləşdirmə onun adından edilmişdir. Həmçinin, icra sənədi barədə məlumatı yalnız bu gün icra şöbəsinə gətirildikdən sonra əldə etmişdir. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil çıxış edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ümumiyyətlə işə aidiyyətinin olmamasını, həmçinin belə olduğu halda isə Şəxs hərəkətlərində qərəzlilik olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 bildirmişdir ki, əslində avtomobili qohumu Yaşar Osmanov almışdır. X10 Respublikasının vətəndaşı olduğundan sənədləşməni onun adına etmişlər, çünkü o, Azərbaycan Respublikasının vətəndaşıdır. Bu səbəbdən tələbkar qismində o çıxış edir. Məhkəmə iclasında iştirak edən tələbkarın X1 nümayəndəsi Bakhram Osmanov çıxış edərək bildirmişdir ki, o, Yaşar Osmanovun atasıdır. İddiaçı Teymur onun qohumudur. Maşının faktiki sahibi onun oğlu Yaşardır. X8 Respublikasının vətəndaşı olduğundan sənədləşdirməni Teymurun adından etmişlər. Avtomobili aldıqdan sonra onu Elşən adlı şəxsə satmışlar. Lakin Elşən avtomobilin ödənişini həyata keçirməmiş, bu səbəbdən onlara xeyli maddi ziyan dəymişdir. Bu müddət ərzində avtomobil onlara geri qaytarılmamışdır. Hazırda avtomobilin yeri onlara məlum deyil. Odur ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(005)-5721/2019 saylı, 16 avqust 2019-cu il tarixli qətnaməsinin icrasını tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İashar Osmanov bildirmişdir ki, iddiaçı Teymur onun qohumudur. Əslində maşının faktiki mülkiyyətçisi odur. Çünki o, Gürcüstan Respublikasının vətəndaşı olduğundan avtomobili öz adına deyil, qohumunun adına almışdır. Onlar avtomobili daha sonra başqa bir neçə şəxsin vasitəsilə satmışlar. Məhkəmənin qətnaməsi ilə müəyyən edilir ki, avtomobil onlara qaytarılmalıdır. Lakin, halhazırda avtomobilin yeri onlara məlum deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, barəsində icraat aparılan Şəxs onun qardaşıdır. O, 2013-cü il buraxılışlı ağ rəngli “Hyundai Grandeur” markalı avtomobili Yaşar Osmanovdan almışdır. Razılaşdırılmış məbləği ona ödədikdən sonra İashar Osmanov ondan avtomobili geri istəmiş, həmin vaxt isə o, avtomobili artıq başqa şəxsə satmışdır. Avtomobilin yeri ona məlum deyil. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-5721/2019 saylı icra vərəqəsindən görünür ki, iddianın qismən təmin edilməsi, “Hyundai Grandeur” minik markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilin Şəxs alınaraq X3 verilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2019-cu il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(005)-5721/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Qubadlı Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 148-4482-1222 nömrəli məktubundan görünür ki, mülki hüquqi öhdəliyin icrasından yayındığına görə barəsində xx.xx.2022-ci il tarixli, 570060 nömrəli axtarış işi açılmış Qubadlı rayonu Qarağan kənd sakini Şəxs yeri müəyyən olunaraq Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə şəxsən təqdim olunmuşdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmişdir. Belə ki, iş materiallarından aydın olur ki, o, yalnız xx.xx.2022-ci il tarixində Qubadlı RPŞ tərəfindən İcra Şöbəsinə təqdim edilmiş, bu vaxta qədər isə barəsində olan icra işi barədə məlumatı olmamış, həmçinin “barəsində icraatın başlanması haqqında” qərarı və “tələbin könüllü icrası haqqında” bildirişi rəsmi qaydada əldə etməsini təsdiq edən hər hansı sənəd iş materiallarında mövcud deyil. Yalnız xx.xx.2022-ci il tarixdə icra şöbəsinə gətirildikdən sonra izahatı alınmış, həmin vaxtdan barəsində icra materialı olmasından məlumatı olmuş və elə həmin gün inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə tələbin könüllü icra müddəti gözlənilmədən şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(005)- 5721/2019 saylı, 16 avqust 2019-cu il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3616/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3616/2022
17.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver