Məhkəmə qərarları › İş №3(005)-3619/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3619/2024

26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3619/2024 26.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-cı il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Nərimanov Rayon Mühafizə İdarəsində tağım komandiri vəzifəsində işləyən, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Tuqay Mehtiyevin 29 oktyabr 2024-cü il tarixli qərarından və 09 noyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə saat 03:58 radələrində o, yol vərəqəsi ilə idarə etdiyi “Toyota Carolla” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ilə üzü “Günaydın” restoranı istiqamətində hərəkətdə olduğu zaman anidən olaraq yolun sağından bir piyadaçıya toxundurması nəticəsində ona yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilib izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə saat təxminən 03:58 radələrində yol vərəqəsi ilə idarə etdiyi “Toyota Carolla” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu, Xətai prospekti ilə üzü “Günaydın” restoranı istiqamətində hərəkətdə olduğu zaman anidən olaraq yolun sağından bir piyadaçı kişi qarşısına çıxdığında ona dəyməmək üçün əyləcdən istifadə etsə də, ona toxunmuşdur. Bundan sonra həmin piyadaçıya kömək məqsədi ilə TTYS-nın 103 xidmətinə zəng vurub və onlar gələrək həmin şəxsi müayinə olunmağı üçün KTM-ə apardılar. Bundan sonra Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. O, verilən suallara cavab olaraq hadisə baş verən zaman spirtli içkili olmadığını və hadisə baş verən zaman sürəti 30-40 km/saat olduğunu bildirmişdir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alıb barəsində daha yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkən şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin və zərərçəkənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Təhqiqat araşdırması zamanı vətəndaş X4 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu bildirib ki, qeyd olunan tarixdə saat təxminən 03:58 radələrində Nərimanov rayonu, Xətai prospektində yolu qarşıya keçdiyi zaman “Toyota Carolla” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobil onu vuraraq xəsarət yetirdiyini bildirmişdir. Hal-hazırda həmin avtomobilin sürücüsü Şəxs ilə barışdığını, onun xəstəxana xərclərini ödədiyi üçün və c ödədiyi üçün onun barəsində heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Araşdırma zamanı X4 ərizəsində göstərmişdir ki, Şəxs ilə barışdığını və ona dəymiş maddi ziyanı tam şəkildə ödədiyini bildirmişdir. Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi, polis mayoru Ərşad Məmmədov tərəfindən tərtib edilmiş 1_NK № -1112 nömrəli, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 05:35-də KTM-dən həkim Məmmədova verdiyi məlumatda, Nərimanov rayonu, Xətai prospektində 1972-ci il təvəllüdlü vətəndaş X4 baş vermiş YNH-si zamanı xəsarət aldığını bildirmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/56141 saylı xx.xx.2024-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 257-M saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, vətəndaş X1 adına tərtib edilmiş tibbi sənətdə qeyd edilən xəsarətlər-qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi küt əşyanın(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixə uyğun gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 29 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.1 və 327.8-ci maddələrinin tələbinə əsasən inzibati məsuliyyətə cəlb olunmasından ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını, X4 ilə barışmasını, X2 dəymiş ziyanı tam ödəməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-cü maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar