Məhkəmə qərarları › İş №3(005)-3623/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3623/2023

15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3623/2023 15.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 548.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 28 noyabr 2023cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-1-26/2-8535/2023 saylı məktubu ilə tələb edilən sənədləri (2022-ci ilin yekunu üzrə keçirilmiş səhmdarlarının ümumi yığınacaqlarının protokolları və sözügedən yığıncaqlara səhmdar V.Məmmədovun dəvət edilməsini təsdiq edən sənədləri (poçt vasitəsilə ünvanlanması barədə) Mərkəzi Banka göndərilməsi) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2023-cü il tarixdə törədilmişdir. Bununla da "xxxx" ASC tərəfindən İXM-in 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş "xxxx" ASC və Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə "xxxx" ASC-nin və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edimiş: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 6-1-26/2-8021/2023 saylı məktubdan görünür ki, 2022-ci il üzrə səhmdarlarının ümumi yığıncağının keçirilib-keçirilməməsi barədə məlumat, keçirilibsə həmin yığıncağın protokolu və sözügedən yığıncağa səhmdar Vidadi Məmmədovun dəvət edilməsini təsdiq edən sənədlərin 07 gün ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 6-1-26/2-8535/2023 saylı məktubdan görünür ki, 2022-ci il üzrə səhmdarlarının ümumi yığıncağının keçirilib-keçirilməməsi barədə məlumat, keçirilibsə həmin yığıncağın protokolu və sözügedən yığıncağa səhmdar Vidadi Məmmədovun dəvət edilməsini təsdiq edən sənədlər xx.xx.2023-cü il tarixədək təqdim edilməmişdir və 05 gün ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməsi tələb olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla "xxxx" ASC tərəfindən İXM-in 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq İXM-in 548.2-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 548.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İXM-in 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında "xxxx" ASC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini və İXM-in 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə "xxxx" ASC-nin İXM-in 548.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar