Məhkəmə qərarları › İş №3(005)-3636/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3636/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3636/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X3, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs barəsində 15 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə MN ******* nömrəli 06 noyabr 2024cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanındakı 06 noyabr 2024-cü il tarixdə saat 15:12-də aptekdə dövlət qeydiyyatı tələb olunan lakin, dövlət qeydiyyatından keçməyən dərman vasitələri aşkar edilmişdir. Bununla da Şəxs tərəfindən İXM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X6 inzibati xəta haqqında protokolu müdafiə edib izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanındakı 06 noyabr 2024-cü il tarixdə saat 15:12-də aptekdə dövlət qeydiyyatı tələb olunan lakin, dövlət qeydiyyatından keçməyən dərman vasitələri aşkar edilmişdir. Ona görə də X6 Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Şəxs tərəfindən İXM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. ünvan 2 ünvanında yerləşən aptekdə aparılmış yoxlama zamanı tərtib edilən protokol AR İXM-nin 100-cü maddəsinin tələblərinə uyğun deyildir. Belə ki, AR İXM-nin 100.1.7-ci maddəsinə əsasən, inzibati protokol tərtib edilən zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi icraata cəlb edilməli və həmin protokolda həmin nümayəndənin izahatları öz əksini tapmalıdır. İş üzrə materiallara əlavə edilən sənədlər nəzərdən keçirilərkən görünür ki, "xxxx" MMC-nin adından protokolu X7 adlı şəxs imzalamışdır. X7 adlı şəxsin əmək müqaviləsi bildirişindən görünür ki, o, aptekin satıcısıdır. Onun MMC-nin adından çıxış etmək üçün səlahiyyətli olması barədə hər hansı sənəd protokola əlavə edilən sənədlər içərisində yoxdur. Bundan başqa, inzibati xəta protokolu tərtib olunarkən Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilməmiş, izahatı alınmamış, bu barədə protokolda hər hansı bir qeydiyyat aparılmamışdır. Göründüyü kimi protokol tərtib olunarkən MMCnin İXM-nin aşağıda qeyd edilən normalarında nəzərdə tutulan hüquqları kobud şəkildə pozulmuşdur. Eyni zamanda, İXM-nin 64.1ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Eyni Məcəllənin 64.2-ci maddəsinə əsasən qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. Qanunvericiliyin tələblərindən görünür ki, müvafiq qaydada səlahiyyət verilməsi hissəsində protokolu imzalamaqdan imtina etmiş X5 MMC tərəfindən belə bir səlahiyyət verilməmiş, eyni zamanda SN AEM tərəfindən belə bir səlahiyyətin olmasını təsdiq edən etibarnamə iş üzrə materiallara əlavə edilməmişdir. Göstərilənlərə əsasən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 221.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsiri toplanmış material ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respbulikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında 09 aprel 2024-cü il tarixli, 3-28-1/3-2-404/2024 nömrəli qərarla Şəxs MMC-də plandankənar (növbədənkənar) yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. Azərbaycan Respbulikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X11 Şəxsi tərəfindən tərtib edilmiş Pərakəndə satış əczaçılıq müəssisələrinin plandankənar (növbədənkənar) №666 nömrəli, 06 noyabr 2024-cü il tarixli Yoxlama aktından görünür ki, plandankənar yoxlama zamanı aptek təşkilatında baxış keçirilən zaman “Diane” tablet №21 adlı dərman vasitəsinin (Almaniya istehsalı) qeydiyyatsız olduğu aşkar edildi. Faktla bağlı İXM-nin 221.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Yoxlama zamanı dövlət qeydiyyatına alınmış dərman vasitələrinin aptek təşkilatlarında Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən qiymətlərin yuxarı həddindən aşağı qiymətlərlə satılması halı aşkar olunmadı. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli, KY242255230 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışından görünür ki, Şəxs barəsində sahibkarların plandankənar yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət daxil olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X11 Şəxsinin 3-28-1/3-2- 1208/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli qərara əsasən, ünvan 1 ünvanında yerləşən əczaçılıq təşkilatında plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanlanan 15 oktyabr 2024-cü il tarixli, № 3-21-1/2-19003/2024 nömrəli məktubdan görünür ki, X4 ünvan 3 ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus aptekdə satılan “Diane” adlı dərman vasitəsinin qiyməti barədə İqtisadiyyat Nazirliyinə daxil olmuş xx.xx.2024-cü il tarixli elektron müraciətinə (daxilolma qeydiyyatı: 3-21/1-H-67xx-xx/2024, xx.xx.2024-cü il Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində aidiyyəti üzrə baxılmışdır. Müraciətin araşdırılması zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin pharma.az rəsmi internet saytında yerləşdirilmiş məlumatlara əsasən "Diane” adlı dərman vasitəsinin dövlət qeydiyyatına alınmış dərman vasitələrinin siyahısında olmadığı müəyyən edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələri Şəxs MMC-yə məxsus aptekdə satılmışdır. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə görə dərman vasitəsinin dövlət qeydiyyatı – dərman vasitələrinin və dərman maddələrinin ekspertizası, o cümlədən dərman vasitələrinin sadələşdirilmiş ekspertizasının nəticələrinə əsasən dərman vasitələrinin və dərman maddələrinin, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən risk dərəcəsi daha yüksək, yüksək və (və ya) orta olan tibb vasitələrinin dövlət reyestrinə daxil edilməsini və onların Azərbaycan Respublikasında sənaye üsulu ilə istehsalına (bu Qanunun 6.14-cü maddəsi nəzərə alınmaqla), idxalına və tətbiqinə icazə verilməsini nəzərdə tutan tədbirlər sistemidir. 6.1-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız icazə verən orqan tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. "Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması” Qaydalarında dərman vasitələrinin dövlət qeydiyyatı üçün müraciət edilməsi qaydası, dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərin ilkin ekspertizası, dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərin ixtisaslaşdırılmış ekspertizası, dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərin əlavə ixtisaslaşdırılmış ekspertizası və əlavə ixtisaslaşdırılmış ekspertizanın nəticələri üzrə qərarın qəbul edilməsi qaydaları müəyyən edilmişdir. Həmin Qaydaların 9.1-ci maddəsinə əsasən dərman vasitəsinin dövlət qeydiyyatına alınması haqqında qərar qəbul edildiyi halda, ərizəçiyə 15 təqvim günü ərzində qeydiyyat vəsiqəsi verilir. Həmin Qaydaların 9.2-ci maddəsinə əsasən bir dərman vasitəsinin bir neçə dərman forması eyni zamanda dövlət qeydiyyatına alındıqda, hər bir dərman formasına ayrıca qeydiyyat vəsiqəsi verilir. Həmin Qaydaların 12.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış dərman vasitələri Səhiyyə Nazirliyi tərəfındən "Azərbaycan Respublikasının dərman vasitələrinin reyestri" nə daxil edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 221.1-ci maddəsinə görə bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmçinin, məhkəmə nəzərə alır ki, İXM-in 26.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 221.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 53, 114, 115,128- 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş predmet Şəxs MMC-yə məxsus aptekdə satılan “Diane” tablet №21 adlı dərman vasitələri (7 qutu Almaniya istehsalı) müsadirə edilməklə 5.000 (beş min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar