Məhkəmə qərarları › İş №3(005)-3637/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3637/2023

20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3637/2023 20.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məmmədova Rəqsanə Sulidin qızının katibliyi ilə, «X1» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov rayon Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X2 «X1» MMC barəsində İXMnin 347-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, «X1» MMC tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat təqdim edilməmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «X1» MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi DYPŞ tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, «X1» MMC tərəfindən balansında olan “Man” yük markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol hərəkəti qaydalarını pozması ilə əlaqədar tərtib edilmiş elektron protokollar barədə məlumatı qəbul etdikləri gündən 5 gün müddətində həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməmişdir. Buna görə də hüquqi şəxs barəsində İXM-nin 347-ci maddəsi ilə protokol tərtib edilmişdir; DİN-nin DYP Web Portalından çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə «X1» MMC-nin mülkiyyətində olan Man” yük markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Bakı şəhəri Nərimanov RPİ-nin Dövlət X2ndən «X1» MMC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, məktub «X1»MMC-nin hüquqi ünvanına göndərilmiş və xx.xx.2023-cü il tarixdə “Məhərrəmov” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən Elekton Məhkəmə sisteminə əlavə edilmiş ərizədən görünür ki,Nərimanov rayon polis idarəsindən gələn məktub xx.xx.2023-cü ildə daxil olmuşdur. Tərəflərindən xx.xx.2023-cü il tarixdə polis idarəsinə məlumat verilmişdir. xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək qeyri iş günləri olduğundan müəssisə fəaliyyət göstərməmişdir. Göndərilmə qəbzini iş materiallarına əlavə edilmişdir. Buna görə də hazırki başlanılmış inzibati işin icraatına xitam verilməsinə xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov RPİ-nin Dövlət X2nə ünvanlanmış məktubun ünvana çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, məktub Bakı şəhəri Nərimanov RPİ-nin Dövlət X2nin hüquqi ünvanına göndərilmiş və xx.xx.2023-cü il tarixdə tərəfindən qəbul edilmişdir. Məhkəmə, iş materiallarında olan poçt xəbərnaməsinə dair qeyd edir ki, İXM-nin 57ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Həmçinin, iş materiallarında sənədlərdən görünür ki, «X1» MMC tərəfindən həmin xəbərnamə əsasında qanunvericiliklə müəyyən edilmiş müddətdə “Man” yük markalı, **- JM-*** nömrəli nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumatın Polisinə İdarəsinə təqdim olunması və Polis İdarəsi tərəfindən onun qəbul edilməsi təsdiq olunur. Belə olan halda, məhkəmə İXM-nin 53.0.2-ci maddəsinin tələblərini rəhbər tutaraq inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. İXM-nin 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 347-ci maddəsinin dispozisiyasına əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün «X1» MMC inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 43, 48-51, 53, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «X1» MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsinin tərkibi olmadığından barəsində İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar