Məhkəmə qərarları › İş №3(005)-3637/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3637/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3637/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Türkmənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 592-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən Şəxs İXM-in 592-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı material 18 noyabr 2024-cü il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. 17 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xüsusi icazə olmadan məsafədən idarə edilən pilotsuz uçuş aparatını əldə edib istifadə etmiş, bununla da İXM-in 592-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 592-1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, “Tap.Az” saytından 2500 manata pilotsuz uçuş aparatını əldə etmiş və xx.xx.2024-cü il tarixdə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Sağlam Ailə” klinikasını reklam etmək üçün ondan istifadə etmişdir. Etdiyi əməldən peşmandır, məhkəmədən daha az məbləğdə inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin rəisi Ramil Cəbiyevə ünvanlanan 16 noyabr 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:45də radələrində polis əməkdaşları Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Sağlam Ailə” klinikasının qarşısında “Cop-29” tədbiri ilə əlaqədar Bakı şəhərinə gəlmiş xarici dövlətlərin nümayəndələrinin sıx yerləşdiyi otellərin ətrafında icazəsiz “Dron” uçurularaq videoçəkilişlər aparması barədə daxil olmuş məlumatla əlaqədar qeyd olunan ünvana yaxınlaşdılar. Həmin ərazidə dron uçuraraq videoçəkiliş aparan bir nəfər şəxsə yaxınlaşmış və özlərini təqdim etmiş, PŞ-yə məlum oldu ki, həmin şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, H.Z.Tağıyev küç ev 30 qeydiyyatda olan Şəxsdur. Şəxs kənardan idarə olunan uçuş aparatlarının əldə edilməsinin qadağan olunduğunu bildiyini, buna baxmayaraq sosial şəbəkədə elan vasitəsi ilə həmin aparatı bir nəfər şəxsdən aldığını, uçuş aparatını əldə etmək və çəkiliş aparmaq üçün hər hansı icazəsinin olmadığını bildirdi. Göstərilənləri nəzərə alaraq bununla bağlı qanuni tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:45-də Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Sağlam Ailə” klinikasının qarşısında icazəsiz dron aparatı ilə videoçəkiliş apardığına görə vətəndaş xx.xx.1986-cı il təvəllüdlü Şəxs 1 ədəd “MARK 300” markalı uçuş aparatı təhvil alınmışdır. İXM-in 592-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçan aparatların əldə edilməsi və ya satılmasına görə məsafədən idarə edilən pilotsuz uçan aparatlar müsadirə edilməklə yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçan aparatların əldə etmək və ya satmaq İXM-in 592-1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini iş materiallarında olan sənədlər ilə öz təsdiqini tapmışdır. Belə ki, Şəxs müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçan aparatların əldə etmiş, idarəçilik qaydaları əleyhinə inzibati xəta törətmişdir. Şəxs “Tap.Az” saytından 2500 manata pilotsuz uçuş aparatını əldə etməsi və xx.xx.2024-cü il tarixdə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Sağlam Ailə” klinikasını reklam etmək üçün ondan istifadə etməsi məhkəmə iclasında müəyyən edilmiş, bu isə İXM-in 592-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən törətdiyi inzibati xətanı etiraf edib peşman olmasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşmançılığını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci bəndinə əsasən məsafədən idarə edilən pilotsuz uçan aparatlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyalar hesab edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 592-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı və iş materiallarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 592-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Həmçinin, məhkəmə nəzərə alır ki, İXM-in 26.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın törədilməsində alət olmuş məsafədən idarə edilən 1 ədəd “MARK 300” markalı pilotsuz uçuş aparatı müsadirə olunmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar