Məhkəmə qərarları › İş №3(005)-3649/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3649/2020

18.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3649/2020 18.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7, X1 nümayəndəsi X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil Hafis oğlunun iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 D ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanında məhkəmə qərarlarının icrası ilə bağlı 6546 manat aliment borcunu və digər borclarını ödəməmiş, bununla icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Beləliklə, barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5351/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs xx.xx.2015-ci il tarixdən başlayaraq, xx.xx.2006-cı il təvəllüdlü Cahangirova Ayla Rövşən qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında və 56 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X8 ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2016-cı il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir, icraata başlamaq haqqında qərar borclu tərəfindən rəsmi qaydada xx.xx.2018-ci il tarixdə qəbul edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2948/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 5330 manat məbləğində pul tutularaq tələbkar X12 ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2017-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. İcraata başlamaq haqqında qərar borclu tərəfindən rəsmi qaydada xx.xx.2018-ci il tarixdə qəbul edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-496/2015 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən, borclu Şəxs 9790,88 manat məbləğində pul tələbkar “xxxx” ASC-nin xeyrinə tutulmalı, tutma borclu Şəxs mülkiyyətində olan “X19 M2” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməli, nəqliyyat vasitəsi açıq hərracda satılmalı, satışdan əldə ediləcək vəsait hesabına borc ödənilməli, satışdan əldə edilmiş məbləğ borcdan artıq olduqda qalıq vəsait borclu Şəxs qaytarılmalı, satışdan əldə edilmiş məbləğ borcu ödəmədikdə qalıq borc borclu Şəxs tələbkar “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi şöbənin icraatına xx.xx.2015-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. İcraata başlamaq haqqında qərar borclu tərəfindən rəsmi qaydada xx.xx.2018-ci il tarixdə qəbul edilmişdir. İcra sənədlərinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə “Elektron icra” İnformasiya Sistemindən məlumat çıxarılmış, borclunun adına “X19 M2” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmiş, həmin nəqliyyat vasitəsinin Nərimanov Rayon Məhkəməsinin 2(005)-496/2015 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə girov predmeti olduğu və axtarışı barədə qərar qəbul olunduğu müəyyən olunmuşdur. Borclunun adına başqa əmlak mövcud deyil. “Elektron İcra” İnformasiya Sistemindən çıxarılmış məlumatda borclunun “X20” MMC-də işlədiyi müəyyən olunmuş, alimentin ödənilməsi ilə bağlı iş yerinə məktub göndərilmiş, lakin borclunun işdən çıxması səbəbindən tutulma aparılmamışdır. Borclu qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün barəsində axtarış elan edilmiş, xx.xx.2020ci il tarixdə borclu Şöbəyə təhvil verilmiş, ondan izahat alınmış, borclu izahatında işsiz olması səbəbindən 6546 manat aliment borcunu və 5330 manat borcunu ödəyə bilmədiyini, “X19 M2” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Banka təhvil verdiyi üçün təqdim edə bilmədiyini, bir ay ərzində işə düzəlmək ehtimalının olduğunu, qısa müddət ərzində qərarları icra edəcəyini qeyd etmişdir. İcra sənədləri araşdırılarkən borclu Cahangirov fövşən Sədaqət oğlunun xx.xx.2020-ci il tarixə ödənilməmiş 6546 manat məbləğində aliment borcunun yarandığı, tələbkarlar X12 və “xxxx” ASC-nə olan borcların ödənilmədiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 inzibati xəta haqqında protokolun məzmununa uyğun olaraq izahat verərək Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X1 nümayəndəsi X2 Rövşən Sədaqət oğlunun uşağın maddi və mənəvi durumu ilə maraqlanmadığını, ondan şikayətçi olduğunu bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, hazırki pandemiya şəraiti və karantin rejimi ilə əlaqədar borcunu ödəyə bilmir. Maddi vəziyyəti düzələn kimi, yəni işlədiyi halda borcunu ödəyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil Hafis oğlu Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5351/2015 nömrəli, xx.xx.2015ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilmiş, xx xxxx 2006-cı il tarixdə doğulmuş Cahangirova Ayla Rövşən qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay, həm qazancının (başqa gəlirlərinin) 4/1 (dörddə bir) hissəsi miqdarında, həm də hər ay 56 (əlli altı) manat sabit pul məbləğində aliment tutularaq X8 verilməlidir. Bu Qətnamə ilə müəyyən edilmiş aliment məbləği xx.xx.2015-ci il tarixdən tutulmalı, cavabdeh Şəxs 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalıdır; “İcraata başlamaq haqqında” 5748 nömrəli, xx xxxx 2016-cı il tarixli qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında xx/xx-5748-14 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5351/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2948/2017 nömrəli, xx.xx.2017ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 5300 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı X10 xeyrinə tutulmalıdır; “İcraata başlamaq haqqında” 212669 nömrəli, xx xxxx 2017-ci il tarixli qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında xx/xx-212669/17-14 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2948/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-856/2018 nömrəli, xx.xx.2018ci il tarixli qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2948/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi icra olunanadək məhdudlaşdırılmışdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-496/15 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 9000.11 manat məbləğində əsas borc, 460.77 manat məbləğində faiz borcu, 300 manat məbləğində dəbbə borcu, cəmi 9760,88 (doqquz min yeddi yüz altmış manat səksən səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmalı, tutulan məbləğ cavabdeh Şəxs mülkiyyətində olan “X19 M2” markalı, **- FE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməli, avtomobil açıq hərracdan satılmalı və satışdan əldə ediləcək vəsait hesabına “xxxx” ASC-nə olan borc ödənilməlidir. Satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi cavabdeh Şəxs qaytarılmalıdır. Hərracdan satılmış avtomobilin dəyəri Banka olan borcu ödəmədikdə, borcun qalan hissəsi cavabdeh Şəxs iddiaçı “xxxx” ASC- nin xeyrinə tutulmalıdır; “İcraata başlamaq haqqında” 1912 nömrəli, xx xxxx 2015-ci il tarixli qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında 4161-10 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-496/2015 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; “Borclunun əmlakının axtarılması haqqında” xx.xx.2015-ci il tarixli qərardan görünür ki, Şəxs məxsus “X19 M2” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı minik avtomobil barədə axtarış elan edilmiş və avtomobilin saxlanılması qərara alınmışdır; “Borclunun axtarılması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-496/2015 nömrəli, xx.xx.2014-cü il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2416/2016 nömrəli, xx.xx.2016-cı il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3575/2016 nömrəli, xx.xx.2016-cı il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5351/2015 nömrəli, xx.xx.2015-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(055)- 6926/2015 nömrəli, xx.xx.2015-ci il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2948/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədilə, xx.xx.1981-ci il təvəllüdlü, ünvan 1D ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmiş və saxlanılaraq şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Nərimanov Rayon icra və Probasiya Şöbəsinə təhvil verilməsi qərara alınmışdır; Şəxs yazdığı xx.xx.2020-ci il tarixli iltizamdan və izahatdan görünür ki, o, icra sənədindən qismən ödəniş edəcəyini, hazırda işsiz olduğunu, yanvar ayından işə düzəldikdən sonra öhdəliklərini qısa müddət ərzində icra edəcəyini bildirmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İnzibati material üzrə araşdırılan sübutlarla müəyyən olunmuşdur ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qərəzli olaraq icra sənədlərini icra etməmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafından başqa, tədqiq olunmuş sübutlarla tam təsdiqini tapmışdır. Belə ki, İXM-in 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra sənədini üzrsüz səbəbdən icra etmir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Şəxs törətdiyi xətanı etiraf etməsini əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, icra edilməli olunan öhdəliklərdən birinin yetkinlik yaşına çatmayan uşağın mənafeyi ilə əlaqədar olduğunu, onun məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini, tələbkarların mənafeyini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Əlavə olaraq məhkəmə qeyd edir ki, İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarının: 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir; 4-cü bəndinə əsasən bu qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata müvafiq olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında bu məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına vəkillərin müvafiq ərazi qurumu hesabına ödənilir; 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri İXM-in 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil Hafis oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin Vəkil Hafis oğlu tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil Hafis oğluna məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Vəkil Hafis oğlu tərəfindən Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar