Məhkəmə qərarları › İş №3(005)-3655/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3655/2024

20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3655/2024 20.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin polis sahə inspektoru X7, Müdafiəçilər – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X3 və “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 1985-ci ildə Füzuli rayonunun Zərgar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsindən daxil olmuş 20 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs X2 aid avtomobilin təkərlərini deşərək ziyan vurmuş və polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək onların qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin polis sahə inspektoru X10 məhkəmə iclasında protokollara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində vətəndaş X1 şikayəti əsasında aparılan araşdırma ilə bağlı müşahidə kameralarının görüntülərində aşkar edilmiş avtomobilinin təkərini deşərək maddi ziyan vurmuş Şəxs müəyyən edilərək PŞ-yə dəvət olunmuşdur. PŞ-də Şəxs qanunsuz əməli müşahidə kameralarının görüntüləri ilə sübüuta yetirilməsi izah edilməsinə baxmayaraq, səs küy yaratmaqla avtomobilin təkərini deşmədiyini israr edərək PŞ-də əməkdaşların xidməti fəaliyyətini davam etdirməyinə maneçilik törətmiş, ifadə ediləsi və yazılası mümkün olmayan söyüşlər söymüş, PŞ-də xanım işçilərin olması ona bildirilsə də Şəxs özünü daha çılğın və adekvat apararaq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq qanunsuz əməllərini törətmişdir. Dəfələrlə polis əməkdaşları tərəfindən nizama dəvət edilsə də o, qeyri-etik hərəkətlərini etməyə davam etmişdir. Eyni zamanda Şəxs X1 avtomobilinin təkərlərini deşməsi ilə bağlı müşahidə kameralarından çıxarılmış görüntülə CD diskə əlavə edilərək məhkəməyə təqdim edilmiş, eyni zamanda da həmin inzibati xətaya münasibətdə onun barəsində İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir. Onun tərəfindən İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədildiyindən müvafiq protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, özünü təqsirli bilmir. Belə ki, bu gün onun qayınatasının üç mərasimi olmuşdur. Bölmədən ona zəng gələn kimi bölməyə getmişdir. Polis əməkdaşlarına avtomobilin təkərlərinin onun tərəfindən zərər yetirilməməsini bildirsə də, polis əməkdaşları ona inanmamışlar. Daha sonra aralarında mübahisə yaranmışdır. Bu zaman söyüş söymüşdür. Bundan sonra mübahisə böyümüş və səs-küy qalxmışdır. Növbətçi hissədə onu özündən çıxmağa səbəb olan sözlər demişlər. Bunda sonra isə polis əməkdaşları onu vuraraq MSY-yə atmışlar. Polis Bölməsində səs-küy saldığına və qeyri etik ifadələr işlətdiyinə görə çox peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş X8 bildirmişdir ki, Şəxs onun sahə müvəkkili olduğu ərazidə yaşayır. Həmin ərazidə yaşayan X4 şikayət edərək avtomobilinin təkərlərinin deşilməsini bildirmişdir. Bununla əlaqədar müşahidə kameralarından görüntülər əldə edilmiş və görüntülərdən müəyyən edilmişdir ki, Ramazan Murtuzəliyevə məxsus avtomobilin təkəri Şəxs tərəfindən deşilmişdir. Bu hadisənin araşdırılması məqsədilə Şəxs Polis Bölməsinə dəvət edilmişdir. Bölmədə Şəxs iştirakı ilə görüntülərə baxılarkən Ülvi həmin avtomobilin təkərlərinin onun tərəfindən deşilmədiyini bildirmiş, daha sonra ünvansız söyüşlər söyərək bölmənin iş rejimini pozmuşdur. Dəfələrlə nizam-intizama dəvət edilsə də, o, buna məhəl qoymamışdır. Daha sonra səs-küyə Bölmənin digər əməkdaşları ora gəlmişlər və Ülvini sakitləşdirməyə çalışsalar da, Ülvi yenə də söyüş söyməyə davam etmişdir. Ülvi əvvəllərdə iki dəfə müxtəlif səbəblərdən bölməyə gətirilsə də, lakin keçmiş polis əməkdaşı olduğuna görə barəsində tədbir görülməmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X9 bildirmişdir ki, səhər saat 11-ə az qalmış öz xidməti otağında başqa bir şəxsin izahatını aldığı zaman yan otaqdan səsküy gəldiyini eşitmişdir. Bu zaman otaqdan çıxdıqda görmüşdür ki, Şəxs sahə müvəkkili Mehman Əhmədovla və digər polis əməkdaşları ilə mübahisə edir və ünvansız söyüşlər söyür. O və digər polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, lakin o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs onların qanuni tələblərinə tabe olmayaraq ünvansız söyüşlər söyərək Bölmənin iş rejimini pozmağa davam etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında” 20 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:10 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında protokolları nəzərdən keçirib, proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə, Şəxs törətdiyi inzibati xətaları etiraf etməməsi barədə izahatına tənqidi yanaşır və hesab edir ki, həmin izahat onun tərəfindən inzibati məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilmişdir. Belə ki, sözügedən izahat inandırıcı olmamaqla məhkəmə iclasında araşdırılan sübutlarla tam təkzib olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri həbs tətbiq olunmalı, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 20 noyabr 2024-cü il tarixdən saat 11:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində 08 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 20 noyabr 2024-cü il tarixdən, saat 11:10-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar