Məhkəmə qərarları › İş №3(005)-3659/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3659/2025

08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3659/2025 08.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 18:38 Hakim Babayev Kamal Yunis oölunun sədrliyi, X9 Etibar qızının katibliyi ilə, X1 oğlunun, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, sürücü işləyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X10 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Şəxs barəsində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3692/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini icra etməli olduğu halda, icra etməmiş, bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş icra məmuru X10 protokolun dəlillərinə uyğun izahat verərək, Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3692/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini icra etmədiyini, tələbkara hazırkı tarixədək təxminən 590 manat məbləğdə ödəniş etdiyini icra məmurunun çağırışlarından yayındığını, barəsində axtarış elan edildiyini, dəfələrlə edilən xəbərdarlıqlara və qanuni tələblərə məhəl qoymadığını, bu səbəbdən onun barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyini və barəsində müvafiq tənbeh tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 çıxış edərək bildirmişdir ki, 3 ilə yaxındır ki Fərid ilə boşanmışlar. Lakin, sonuncu alimenti ödəmədiyi üçün onun barəsində məhkəməyə müraciət etmişdir. Bir müddət aliment onun əmək haqqından tutulsa da, daha sonra işdən çıxmış və ödənilməmişdir. Sonuncu dəfə iyun ayında məhkəmə tərəfindən cərimə tətbiq edildikdən sonra 500 manat ödəniş edilmiş, lakin qalıq borc yenə ödənilməmişdir. Hazırda 3167 manat borcu var və onu ödəməkdən yayınır. Borcunu ödəmədiyi təqdirdə onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, əvvəllər taksi şirkətində işləmiş, lakin daha sonra işdən çıxmışdır. Hal- hazırda işləmir, valideyinləri ilə birlikdə yaşayır. Atası hazırda fəhlə işləyir və evə o baxır. Aylıq qazancı təxminən 600 manat təşkil edir. Məhkəmənin sualına cavab olaraq, atasının fəhlə işləməsinə icazə vermədiyini, Məşğulluq Xidmətində qeydiyyata durduğunu, bütün xərclərinin atasının verdiyini, zərərçəkmiş şəxs uşağa baxa bilmirsə uşağı ona verə biləcəyini bildirmişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3692/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qeyd olunmuşdur. MN seriyalı, ******* saylı, 03 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3692/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3692/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. “Borclunun axtarışı haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1892/2025 saylı, xx.xx.2025ci il tarixli qərardan görünür ki, Şəxs AR İXM-in 528.1-ci maddəsi üzrə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündı tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(005)-1846/2025 saylı qərarından görünür ki, apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1892/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-473/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3692/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək üçün Şəxs ölkədən getmək hüququ 6 ay müddətində məhdudlaşdırılmışdır. MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3692/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən (...) şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Eyni zamanda, məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Məhkəmə aktının qərəzli icrasına mane olmaq anlayışı altında isə şəxsin dövlət orqanı, yerli özünüidarəetmə orqanı, dövlət və bələdiyyə idarəsi, kommersiya və ya digər təşkilat tərəfindən məhkəmə aktının vaxtında icra edilməməsi üçün qəsdən maneə törədilməsi başa düşülməlidir. Belə maneə müxtəlif yollarla həyata keçirilə bilər: - şəxs tərəfindən tabeçiliyində olan şəxslərə məhkəmə qərarını icra etməmək barədə göstəriş, sərəncam və əmrlər verilməsi; - icra məmurunun və ya məhkəmə qərarını icra etmək səlahiyyəti olan şəxsin məhkəmə qərarını icra etməsinə maneələr yaradılması; - məhkəmə qərarının icra edilməsi üçün zəruri olan sənədlərin təqdim edilməməsi; - məhkəmə qərarını icra etməli olan şəxslərə məlumatların, o cümlədən təşkilat və bank hesablarının yerləşdiyi yer barədə məlumat verilməməsi; - məhkəmə qərarının icra edilməsinin qarşısını alan və ya onun icrasını mümkünsüz edən tədbirlər görülməsi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi (...) bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, (...) fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı və 84-cü maddələrinin tələblərinə uyğun olaraq, iş üzrə toplanmış və tədqiq edilmiş bütün sübutları – inzibati xəta haqqında protokolu, Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinin və Şəxs barəsində əvvəllər tətbiq edilmiş inzibati həbs haqqında qərarın surətini, icra məmurunun izahatını və tərtib etdiyi aktları, borcluya ünvanlanmış rəsmi bildirişləri, borcun məbləği haqqında arayışı və barəsində icraat aparılan şəxsin izahatlarını ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı özünün tam və hərtərəfli təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Şəxs təqsiri bir neçə təkzibedilməz faktla təsdiqlənir. Belə ki, onun barəsində Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş və icrası məcburi olan qətnaməsi mövcuddur və həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il keçməmiş, Fərid Əli yenidən hərəkətsizlik göstərmiş və eyni məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməməklə, bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra məmuru Emil Zeynalov tərəfindən bu öhdəliyin icrası ilə bağlı dəfələrlə rəsmi qaydada xəbərdar edilmiş, lakin bu qanuni tələblərə məhəl qoymamışdır. Şəxsin bu hərəkətsizliyi uzunmüddətli və sistematik xarakter daşımış, nəticədə 3167 manat məbləğində aliment borcu yaranmışdır. Məhkəmə şəxsin məhkəmə iclasında irəli sürdüyü rəsmi olaraq işləməməsini və buna görə ödəniş edə bilməməsini üzürlü hesab etmir. Belə ki, Bu hərəkətsizliklər birbaşa olaraq onun məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmək niyyətini sübuta yetirir. İXM-nin 31.2-ci maddəsi tənbeh təyin edilərkən xətanın xarakterinin, şəxsin şəxsiyyətinin, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınmasını imperativ qayda kimi müəyyən edir. Məhkəmə təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hallar müəyyən etməmişdir. Lakin, inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qüvvəyə mindikdən sonra bir il ərzində eyni xətanı təkrar törətməsi maddənin dizpozisiyasında nəzərə alındığı üçün, məhkəmə bunu məsuliyyətini ağırlaşdıran hal (İXM 33.1.2) kimi nəzərə almır. Qeyd edilməlidir ki, törədilmiş xətanın ictimai təhlükəliliyi yüksək olmaqla, yalnız dövlət hakimiyyətinin nüfuzuna qarşı hörmətsizlik deyil, həm də birbaşa olaraq uşaqların Konstitusiya ilə təminat verilən maddi təminat hüququnun kobud şəkildə pozulmasıdır. Barəsində məhkəmə qərarına əsasən 500 manat cərimə, həmçinin ölkədən getmək hüququnun 6 ay müddətində məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirlərinin tətbiqi Şəxs lazımi tərbiyəvi və çəkindirici təsir göstərməmiş, o, qanuna zidd hərəkətsizliyini davam etdirərək islah olunmaq niyyətində olmadığını nümayiş etdirmişdir. Bu şəraitdə, İXM-nin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin təyin edilməsi İXM-nin 21-ci maddəsində müəyyən edilmiş tənbehin məqsədlərinə – şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsinə və yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasına nail ola bilməz. Belə ki, ölkədən getmək hüququnun məhdudlaşdırılması ciddi tənbehdən nəticə çıxarmayan şəxsə cərimə tətbiqi tamamilə səmərəsiz olardı. Bütün bunları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Şəxs islah olunması və gələcəkdə yeni hüquqpozuntular törətməsinin qarşısının alınması üçün onun cəmiyyətdən müəyyən müddətə təcrid edilməsini nəzərdə tutan inzibati həbs tənbehinin tətbiqi yeganə adekvat, mütənasib və ədalətli təsir vasitəsidir. Bu tənbeh, həmçinin təkcə borclunun cəzalandırılmasına deyil, həm də dövlətin öz vətəndaşlarının, xüsusən də uşaqların hüquqlarını qorumaqdakı qətiyyətinin nümayişinə xidmət edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 31, 32.1.1, 33.1.2, 114, 115, 117 və 528.1-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 08 sentyabr 2025-ci il tarixdən, saat 18:38-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X6 Mərkəzinə tapşırılsın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X6 Mərkəzinə çatdırılması Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar