Məhkəmə qərarları › İş №3(005)-3682/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3682/2020

22.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3682/2020 22.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin polis sahə inspektoru X1, zərərçəkmiş şəxslər X8 və X4, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsində tərtib olunmuş iş materialları xx xxxxxx 2020-ci il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin polis sahə inspektoru X2 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 06.00 radələrində Nərimanov rayonu, H.Arif küçəsi 23 ünvanında yerləşən “Marsel” otelində işləyən X4 etibarından sui istifadə edərək ona məxsus “İphone S” markalı mobil telefonu danışmaq adı ilə alaraq oteldən çıxaraq getmiş, ona qarşı dələduzluq etmişdir. Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin polis sahə inspektoru X2 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 06.00 radələrində Nərimanov rayonu, H.Arif küçəsi 23 ünvanında yerləşən “Marsel” otelində işləyən X5 etibarından sui istifadə edərək ona məxsus “X15 9S” markalı mobil telefonu danışmaq adı ilə alaraq oteldən çıxaraq getmiş, ona qarşı dələduzluq etmişdir. Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin polis sahə inspektoru X2 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 18.50 radələrində Nərimanov rayonu, Atatürk prospektində yerləşən “Beer” kafesində X6 etibarından suiistifadə edərək ona məxsus “X15 8A” markalı mobil telefonu danışmaq adı ilə alaraq kafedən çıxaraq getmiş, ona qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilib vermiş olduğu izahatında göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 18.50 radələrində Nərimanov rayonu, Atatürk prospektində yerləşən “Beer” kafesində X6 “X15 8A” markalı mobil telefonu danışmaq adı ilə alaraq kafedən çıxıb getmişdir. Həmçinin xx.xx.2020-ci il tarixdə saat 06.00 radələrində Nərimanov rayonu, H.Arif küçəsində yerləşən “Marsel” otelində işləyən X5 “X15 9S” markalı mobil telefonunu, X4 isə “İphone S” markalı mobil telefonunu danışmaq adı ilə alaraq oteldən çıxaraq getmişdir. Həmin əməlləri törətməyinə səbəb isə borclarının olmasından irəli gəlmişdir. Törətdiyi əməllərdən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin polis sahə inspektoru X2 izahatında göstərdi ki, vətəndaşlar X9 və X8 ərizə ilə Nərimanov RPİ-nin 16-cı PB-nə müraciət edərək bildirmişlər ki, xx.xx.2020-ci il tarixdə saat 06.00 radələrində onların işlədiyi Nərimanov rayonu, H.Arif küçəsi 23 ünvanında yerləşən “Marsel” otelində müştəri kimi tanıdıqları Şəxs onlara məxsus “İphone S” və “X15 9S” markalı mobil telefonları danışmaq adı ilə alaraq oteldən çıxaraq getdiyini və telefonlarının oğurlanmasını aşkar etdiklərini göstərmişlər. Həmçinin vətəndaş X10 ərizə ilə Nərimanov RPİ-nin 16-cı PB-nə müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 18.50 radələrində Nərimanov rayonu, Atatürk prospektində yerləşən “Beer” kafesində Şəxs ona məxsus “X15 8A” markalı mobil telefonu danışmaq adı ilə alaraq kafedən çıxıb getmişdir. Həmin ərizələr əsasında Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X7 tərəfindən araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq toplanmış material üzrə cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş və hadisəni törətmiş Şəxs xırda talamaya görə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surətinin Nərimanov RPİ-nin 16-cı PB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talamaya görə inzibati məsuliyyət yaratdığından, Şəxs barəsində tərəfindən müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X13 izahatında göstərdi ki, o, Nərimanov rayonu, H.Arif küçəsi 23 ünvanında yerləşən “Marsel” otelində qeydiyyatçı işləyir. xx.xx.2020-ci il tarixdə saat 06.00 radələrində işlədiyi “Marsel” otelinə müştəri qismində gələn Şəxs ona məxsus “İphone S” markalı mobil telefonu ondan danışmaq adı ilə istəmiş, o da vermişdir. Onun başı işə qarışdığı üçün həmin müştərinin oteldən çıxıb getməyini görməmişdir. Birdə görmüşdür ki, həmin müştəri otelin binasında yoxdur. Bundan sonra anlamışdır ki, həmin şəxs onun telefonunu ələ keçirərək oteldən çıxıb getmişdir. Daha sonra o, bu barədə Nərimanov RPİ-nin 16-cı PB-nə ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilmədiyindən Şəxs barəsində qanunauyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X12 izahatında göstərdi ki, o, Nərimanov rayonu, H.Arif küçəsi 23 ünvanında yerləşən “Marsel” otelində qeydiyyatçı işləyir. xx.xx.2020-ci il tarixdə səhər saatlarında işlədiyi “Marsel” otelinə müştəri qismində gələn Şəxs ona məxsus “X15 9S” markalı mobil telefonu ondan danışmaq adı ilə istəmiş, o da heç nə soruşmadan telefonu vermiş və öz işləri ilə məşğul olmuşdur. Həmin müştəri isə onun başının qarışıq olmasından istifadə edərək oteldən uzaqlaşmışdır. Daha sonra ona məlum olmuşdur ki, həmin müştəri eyni hərəkətləri iş yoldaşı Dilqama qarşı da etmişdir. Bundan sonra o, bu barədə Nərimanov RPİ-nin 16-cı PB-nə ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilmədiyindən Şəxs barəsində qanunauyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil çıxış edərək Şəxs yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Etibar Hüseynov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd olunması barədə” xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, material üzrə cinayət işinin başlanmasının rədd olunması və hadisəni törətmiş Şəxs xırda talamaya görə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surətinin Nərimanov RPİ-nin 16-ci PB-nə göndərilməsi qərara alınmışdır. “İnzibati qaydada tutma haqqında” BB seriyalı 019893 nömrəli, xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 17:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə törədilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxslərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olması Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs xırda talama inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin Qərarın 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 4 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclaslında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar