Məhkəmə qərarları › İş №3(005)-3683/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3683/2025

10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3683/2025 10.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxsin X5 oğlunun iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 10 sentyabr 2025-ci il tarixli protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 10 sentyabr 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2081/2025 saylı, xx.xx.2025-ci il tarixli, Bakı şəhəri 38 saylı Notariat Kontorunun 8İ-5604-nömrəli xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru X2 izahatında qeyd etmişdir ki, icra sənədi üzrə icraata başladıqdan sonra borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin, borclu həmin ünvanda yaşamadığı və həmin ünvan söküldüyü üçün həmin məktub çatdırılmamışdır. Habelə, borclu ilə hər hansı telefon əlaqəsi də saxlamamışdır. Daha sonra borclu axtarışa verilmiş və bu gün gətirildikdən sonra tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Protokolu müdafiə edərək, vətəndaşın tənbeh edliməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 çıxış edərək bildirmişdir ki, izahatında qeyd etmişdir ki, borclu tərəfindən məhkəmə qətnaməsi üzrə təyin edilmiş məbləğ ona ödənilməmişdir. Bununla bağlı zərərçəkmişin özü ilə əlaqə saxlayaraq məlumat vermiş, lakin hər hansı nəticə əldə etməmişdir. Məhkəmənin sualına cavab olaraq, borcluya dünən zəng edib məlumat verdiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs çıxış edərək bildirmişdir ki, icra sənədindən xəbəri olmamışdır. Belə ki, məhkəmə iclasında iştirak etsə də, qətnamənin qüvvəyə minməsindən, icraata başlanılmasından məlumatı olmamışdır. Yaşadığı ünvan söküldüyü üçün hazırda nənəsinin yanında yaşayır. Bu səbəbdən də icra sənədindən zərərçəkmiş tərəfindən məlumat almışdır. İcra məmuru ona zəng etməmiş, hər hansı məktub göndərməmişdir. Qeyd edilənləri nəzərə alaraq, yeni məlumat aldığı üçün icra sənədinin icrasını bugün təmin edə bilmir. Məhkəmədən vaxt verilməsini xahiş edir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2081/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən iddia təmin edilərək, cavabdeh Şəxs 13145 manat məbləğində borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 145 manat məbləğində pul tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan və həmin tarixli bildirişdən görünür ki, Bakı şəhəri 38 saylı Notariat Kontorunun 8İ-5604-nömrəlixx.xx.2025ci il tarixli icra sənədinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan və həmin tarixli bildirişdən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2081/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. xx.xx.2025-ci il tarixli Bakı şəhəri 38 saylı Notariat Kontorunun 8İ-5604-nömrəli icra qeydindən görünür ki, Şəxs 851,78 manat tutularaq tələbkar Kapital Bank ASC-nin xeyrinə ödənilməlidir. Bir neçə sənədin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2081/2025 saylı, xx.xx.2025-ci il tarixli və Bakı şəhəri 38 saylı Notariat Kontorunun 8İ-5604-nömrəli xx.xx.2025-ci il tarixli icra sənədləri ümumi icraatda 85809/2025 № ilə birləşdirilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Hazırkı inzibati xəta haqqında iş üzrə icraatın predmeti, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədib-törətməməsi məsələsinin müəyyən edilməsindən ibarətdir. İXM-nin 528.1-ci maddəsinin dispozisiyası, inzibati məsuliyyətin yaranması üçün iki fundamental şərtin mövcudluğunu tələb edir: icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi, yaxud icra məmurunun digər qanuni tələblərinin yerinə yetirilməməsi. Hər iki halda, əməlin hüquqi tərkibinin mövcudluğu üçün təqsir elementinin, xüsusilə də üzrsüz səbəbin olması zəruri şərtdir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmiş, ümumiyyətlə icra sənədindən məlumatı olmamışdır. Belə ki, icra məmuru Vüqar Dəmirçiyev də göndərilmiş məktubların vətəndaşa çatdırılmadığını, sözügedən evin söküldüyünü, axtarış nəticəsində vətəndaş gətirildikdən sonra tələbin könüllü icrası haqqında bildirişin verildiyini qeyd etmişdir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi hallar hazırkı halda mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar