Məhkəmə qərarları › İş №3(005)-3686/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3686/2023

19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3686/2023 19.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı şəhər X6 İdarəsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş 27 noyabr 2023-cü il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X1 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3, Bakı şəhər X6 İdarəsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş 27 noyabr 2023cü il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 06 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Ceyhunbəy Hacıbəyli 53a ünvanında, idarə etdiyi TOYOTA markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edərkən saat 13:40 radələrində YPX onu saxlamış və Bakı şəhəri DYPİ Yol patrul xidmətinin inspektoru tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununu tələblərini pozduğuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor razılaşmamış və protokolu tərtib etmişdir. xx.xx.2023-cü il tarixində, Bakı şəhəri Bakıxanov küçəsindən Ceyhunbəy Hacıbəyli küçəsinə doğru dönərkən onun hərəkət etdiyi zolaqda ancaq 1 ədəd yalnız düzünə nişanı olub (halbuki 3 dəfə hər 30 metrdən bir təkrarlanmalıdır) və tıxac olduğu üçün onu hərəkət zolağının sonunda görmüş və sol zolaqda ancaq sola nişanı olduğunu görmüş, sadəcə 1.1 nişanı olduğu üçün həmin zolağa keçə bilməmiş, hərəkətini davam etdirərək sola dönməyə çalışmış, lakin sol tərəfində yaşıl rəngli MERCEDES markalı avtomobil qaydaları pozaraq onun önünə keçmək istəmiş və qəza şəraiti yaratmşdır (Onun avtomobilində video registrator olduğu üçün video yazı var). O, sola (C.Hacıbəyli küçəsinə) döndükdəkdən sonra YPX inspektoru ona saxlama əmri vermişir. Avtomobili irəlidə saxlamış və avtomobilinə yaxınlaşan polis serjantı Qurbanov özünü təqdim edərək bildirmişdir ki, qayda pozmuşdur. O, isə bildirmişdir ki, heç bir qayda pozmamışdır, və o 5.8.1 nişanı olmadığı üçün orada ziddiyət yarandığını demiş və məcbur dönməli olmuşdur. Bundan sonra inspektor gəlib qayda pozuntusu ilə əlagədar elektron protokolu təqdim etmiş və 15 dəqiqə ərzində sistemə oturacağını demiş, o, etirazını bildirib sürətini almış və ərazini tərk etmiş, protokoldan şikayət etmiş, lakin onun iştirakı olmadan qərar qəbul edilmişdir. Bundan əlavə, o, Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və iş adiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Hakim onun müraciətinə baxaraq şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə göndərilməsi barədə qərar qəbul etmişdir. (xx.xx.2023). 15 noyabr 2023-cü il tarixində məhkəmənin qərarı ilə protokolun qərarı ləğv edilmiş və yenidən onun iştirakı olmadan qərar vurulmuşdur. Artıq bu hadisə 2 ci dəfədir ki, bas verir. Polis tərəfindən protokol və qərar qanunsuz qəbul edilmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq Bakı şəhər X6 İdarəsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş 27 noyabr 2023cü il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X6 İdarəsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş 27 noyabr 2023-cü il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 (qırx) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. İş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhər X6 İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X1 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X3 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X1 izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Bundan başqa, qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsi və məhkəmə iclasının vaxtı və yeri barədə üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin inzibati xətanı törətməsinə dair hər hansı sübut olduğu halda göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü, protokol və s.) istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X3 barəsində 27 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X3 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və ədalətli qərar qəbul edilməlidir. Ona görə də Bakı şəhər X6 İdarəsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş 27 noyabr 2023-cü il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhər X6 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Bakı şəhər X6 İdarəsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş 27 noyabr 2023-cü il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X6 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar