Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3696/2025 11.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, diş həkimi işləyən, subay, ünvan 1 ünvanında yaşayan (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1687/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş icra məmuru X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1687/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər uşağa görə hər ay, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,61 misli həddində aliment tutulmalıdır. Lakin buna baxmayaraq, Şəxs maddi vəziyyətindən asılı olaraq 2025-ci ilin iyun ayından etibarən bu günədək 1469,66 manat aliment ödənişi etmiş, xx.xx.2025-dən iyun ayınadək ödənilməyən borc, yəni 1946,39 manat hissə hazırda qalmışdır. Bununla da o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, ali təhsillidir, diş həkimi işləyir. Övladlarının saxlanılması üçün alimentin ödənilməsindən yayınmır. Son 3 aydır ki, icra sənədi üzrə hər ay 500 manata yaxın ödəniş etməklə ümumilikdə 1469,66 manat ödəniş etmişdir. Lakin əvvəlki aylardan ödəniş etməli olduğuna görə borc məbləği yaranmışdır. Həmin borcu bir dəfəlik ödəməyə imkanı çatmır, ancaq icra məmuruna da bildirmişdir ki, aylar üzrə nəzərdə tutulan ödəniş məbləğindən artıq ödəməklə borcu müəyyən müddət ərzində bağlayacaqdır. 2025-ci ilin may ayında işləri qaydasında olmamış, gəlir əldə edə bilmədiyi üçün ödəniş edə bilməmiş, iyun ayından isə hər ay müntəzəm ödənişini həyata keçirir. Yaranan borc məbləği məhkəmə prosesinin gedişi zamanı yığılmış məbləğdir. İcra məmuru nə vaxt çağırmışsa getmişdir, onun tələblərinin yerinə yetirilməsindən imtina etməmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 200 manat ödəniş etmişdir. Bu ay yenə əlavə ödəniş də edəcəkdir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1687/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər uşağa görə hər ay, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,61 misli həddində aliment tutulmalıdır. “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1687/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmiş, onun tərəfindən bildirişə imza edilməklə qəbul edilmişdir. “EMİS”dən əldə olunan şəxsi məlumatlardan çıxarışdan görünür ki, Şəxs xx.xx.2010cu il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X5 adlı üç övladı var. Ödəniş məlumatlarından müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə 20 manat, xx.xx.2025-ci il tarixdə 20.20 manat, xx.xx.2025-ci il tarixdə 50.50 manat, xx.xx.2025-ci il tarixdə 202 manat, xx.xx.2025-ci il tarixdə 20 manat, xx.xx.2025-ci il tarixdə 10 manat, xx.xx.2025-ci il tarixdə 20 manat, xx.xx.2025-ci il tarixdə 20 manat, xx.xx.2025-ci il tarixdə 30 manat, xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 27 manat Zərərçəkmiş şəxs bank hesabına köçürmüşdür. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Hüquqi məsələlər, məhkəmənin mövqeyi və gəldiyi nətəcənin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, borclu tərəfindən məhkəmə qətnaməsinin hazırkı vaxtadək icra edilməməsi və ya icra etməkdən üzürsüz səbəbdən qəsdən boyun qaçırması halları müəyyən olunmamışdır. Təqdim olunmuş ödəniş qəbzlərindən də görünür ki, Şəxs icra sənədi üzrə son üç ay ərzində müntəzəm şəkildə Zərərçəkmiş şəxs aliment ödənişləri etmiş, əvvəlki aylardan borc məbləğinin yığılmasını işlərinin qaydasında getməməsi səbəbindən maddi imkanının zəif olması ilə əlaqələndirməklə, növbəti aylar üzrə nəzərdə tutulan aliment ödənişinin məbləğindən artıq ödəməklə borcu tam qurtacağını söz vermişdir. Göründüyü kimi, Şəxs icra vərəqəsi üzrə müəyyən edilmiş borc məbləğinin ödənilməsindən yayınmır. Belə olan halda şəxsin üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərini yerinə yetirməməsindən söhbət gedə bilməz. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun son üç ay ərazində mütəmadi olaraq aliment ödənişlərini etməsi öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədindəki tələbin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan və borclu Şəxs tərəfindən icra sənədindəki tələbi üzrsüz səbəblərdən icra edilməməsi halı işin faktiki halları və iş materialları ilə müəyyən edilmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53.1.2, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-3696/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3696/2025
11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver