Məhkəmə qərarları › İş №3(005)-37/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-37/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-37/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, Şəxs ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 548.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 17 dekabr 2024cü il tarixli, EP № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs ASC tərəfindən Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli, 6-1-26/2-7575/2024 saylı məktubu ilə tələb edilən sənədi (2023-cü ilə dair emitentin illik hesabatı) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Bununla da Şəxs ASC barəsində İXM-nin 548.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən nümayəndəsi X2 inzibati xəta haqqında protokolla bağlı bildirmişdir ki, müəssisə ilə bağlı tərtib edilmiş protokol əsassızdır iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin müəssisənin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyekti olması ilə bağlı müvafiq sənədləri məhkəməyə təqdim edə bilməyəcəklərini bildirmişlər. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-1-26/2-7575/2024 saylı məktubdan görünür ki, 2023-cü ilə dair emitentin illik hesabatı haqqında məlumat 10 iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməsi tələb olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(005)-37/2025 saylı qərarından aydın olur ki, Şəxs ASC inzibati xətanı törətməkdə təqsirli bilinməklə 1500 (min beş yüz) manat məbləğində inzibati tənbeh tədbiqi tətbiq olunmuşdur. Bakı Apellyasiya Məhkəməcinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli 3(103)- 138/2025 saylı qərarına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli 3(005)-37/2025 saylı qərarı ləğv olunaraq inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs ASC tərəfindən İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq İXM-nin 548.2-ci maddəsi ilə tövsif olunmuşdur. İXM-nin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi, Şəxs ASC barəsində İXM-in 548.2-ci maddəsində nəzərdə tutulan və idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunma müddəti 4 aydır. Həmin inzibati xətanın törədildiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən dörd aydan artıq müddət keçdiyindən, Şəxs ASC barəsində inzibati tənbeh tətbiq edilə bilməz. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar