Məhkəmə qərarları › İş №3(005)-3713/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3713/2022

06.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3713/2022 06.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov RPİ-nin X10 Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22:00-da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: xx.xx.2022-ci il tarixli, HK-1 №1120 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22:15-də Bakı şəhər BPİ-nin DYPİ-nin dən Yaqubov məlumat verərək, Ak.H.Əliyev küçəsi ilə M.Qaşqay küçəsinin kəsişməsində xəsarətlə nəticələnən YNH baş verməsini bildirmişdir. xx.xx.2022-ci il tarixli, HK-2 №12895 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 23:27-də 8 saylı TTYS-dan həkim Qasımov məlumat verərək, Ak.H.Əliyev küçəsi ilə M.Qaşqay küçəsinin kəsişməsində baş vermiş YNH nəticəsində 2001-ci il təvvəllüdlü, X1 baldırın açıq yarası xəsarəti ilə müraciət etməsini bildirmişdir. Aparılan araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində o idarə etdiyi Toyota Prius markalı ** CS *** dövlət nömrə nişanlı avtomobillə Azadlıq prospketindən sol tərəfə dönüb Ak.H.Əliyev küçəsinə doğru dönüb üzü M.Qaşqay küçəsi ilə olan kəsişməyə doğru yolun soldan birinci zolağı ilə saatda 30-40 km sürətlə hərəkəıt edərkən onu eyni istiqamətlə hərəkətdə olan mopedin ani olaraq əyləcdən istifadə edib saxlamışdır. Lakin ondan irəlidə olan avtomobilə dəyməmişdi. O sol tərəfə maşını qaçırtsada maşınının ön sağ tərəfi ilə mopedin sol arxa hissəsi ilə toqquşmuşdur. Nəticədə moped ondan irəlidə olan qabağı ilə dayanmış Mercedes markalı avtomobilə dəymişdi. Mopedin sürücüsü mopedlə birgə asfalt üzərinə yarı yıxılmış vəziyyətdə olmuşdur. Bundan sonra maşını kənara vermişlər və hadisə yerinə PPX əməkdaşları və TTYS gəlib mopedin sürücüsünü xəstəxanaya apardıqlarını bildirmişdir. Aparılan araşdırma zamanı X6 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il arixdə saat 22:00 radələrində o özünə məxsus JOC-J markalı mopedlə Azadlıq prospektindən sol tərəf dönüb Ak.H.Əliyev küçəsinə doğru dönüb üzü M.Qaşqay küçəsi ilə olan kəsişməyə doğru yolun soldan ikinci zolağı ilə saatda 30 km sürətlə hərəkət edib sol zolağa dönmək üçün dönmüş və onunla eyni istiqamətlə irəlidə hərəkət edən Mercedes markalı avtomaşın işıqforun qırmızı işğı yandığından maşını sürətini tam azaldıb ani saxlamış və o da sərt əyləcdən istifadə edib mopedi saxlayanda Mercedes markalı avtomaşına dəyməmiş və bundan 5-6 saniyə sonra onun mopedinin arxasına zərbə dəymişdi. Zərbədən moped əzilmiş və o xəsarət almışdır. Daha sonra hadisə yerinə gələn TTYS onu xəstəxanaya aparmışdır. O Toyota Prius markalı avtomaşının sürücüsündən şikayətçidir və ona dəymiş maddi ziyanı ödənilməsini tələb edir. Aparılan araşdırma zamanı X5 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində o etibarnamə əsasında idarə etdiyi Mercedes markalı ** GC *** dövlət nömrə nişanlı avtomobillə Azadlıq prospektindən sol tərəfə dönüb Ak.H.Əliyev küçəsinə doğru dönüb üzü M.Qaşqay küçəsi ilə olan kəsişməyə doğru yolun soldan birinci zolağı ilə saatda 30 km sürətlə hərəkət edib işıqforun qırmızı işğı yandığından maşını sürətini tam azaldıb saxlamış, daha sonra isə avtomobilinin arxa hissəsinə bərk zərbə dəymişdi. O maşından düşüb baxdıqda maşınının arxasında moped və sürücüsü yerdə olduğunu, ondan arxada Toyota Prius markalı avtomobil əzilmiş vəizyyətdə olduğunu görmüşdür. Toyota Prius markalı avtomaşın ön tərəfi ilə mopedi arxadan vurub və nəticədədə moped ön tərəfi ilə onun maşının arxa tərəfinə toqquşmuşdur. Bundan sonra maşını kənara vermişlər və hadisə yerinə PPX əməkdaşları və TTYS gəlib mopedin sürücüsünü xəstəxanaya aparmışdı. Hadisə zamanı avtomobilində sağ qabaq oturacaqda tanışı əyləşmişdi, o onu yolda dayandığından götürmüşdük ki, onu üzü Gənclik tərəf düşürsüş və o da qəzadan sonra həmin kişi sərnişin çıxıb getdiyini qeyd etmişdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2022-ci il tarixli 2/34213 saylı Aktdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə ayıq olmuşdur. "xxxx" MMC-nə məxsus olan Etibarnamənin surətindən görünür ki, Şəxs “Toyota Prius” markalı ** CS *** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1113 nömrəli ekspert rəyindən görünür ki, X3 aşkar edilmiş xəsarətlər- sol baldırın orta üçdə birinin ön və iç səthlərinin əzilmiş yarası, sol baldırın yuxarı və orta üçdə birinin qançırı və sıyrıqları-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 04 noyabr 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov rayon məhkəməsinə göndərilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmişşəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar