Məhkəmə qərarları › İş №3(005)-3717/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3717/2025

25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3717/2025 25.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan “Zəfər-S Construction» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.1-1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 09 iyul 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar X4 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-42022/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-nin 529.1-1-ci maddəsində məzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Şəxs bildirdi ki, onlara iki işlə bağlı məhkəmənin xitam qərarları barədə məktublar daxil olub bu səbəbdən də diqqətdən yayınıb. Zənn etmişdir ki, iş üzrə icraata avtomatik xitam verilir. Sonda məhkəmədən iş üzə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli, 09 iyul 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar X4 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-42022/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-nin 529.1-1-ci maddəsində məzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2024-cü tarixli, MN1292196 nömrəli “inzibati tənbeh vermə” haqqında qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Şəxs X3 və X1 ilə xx.xx.2024-cü il tarixdən hazırki tarixədək əmək AR ƏM-də nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə Şəxs tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Şəxs ünvanlanmış məktubdan görünür ki, məktubun tarixi xx.xx.2024-cü il olaraq qeyd edilmişdir. Həmin məktubda xx.xx.2024-cü tarixli, MN1292196 nömrəli inzibati tənbeh vermə haqqında qərar icra edilməsi üçün Şəxs göndərilmişdir. Həmin məktubun elektron izləmə kodundan (SS873271519AZ) görünür ki, sözügedən məktub xx.xx.2024-cü il tarixdə "Zəfər-S Construction MMC”yə çatdırılmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış məktubdan görünür ki, məktubun tarixi xx.xx.2025-ci il olaraq qeyd edilmişdir. Həmin məktubda Şəxs tətbiq edilmiş cərimənin onun əmək haqqından tutulması və üç gün müddətində məlumat verilməsi ilə bağlı tapşırıq qeyd edilmişdir. Həmin məktubun elektron izləmə kodundan görünür ki, sözügedən məktub xx.xx.2025-ci il tarixdə “Zəfər-S Construction MMC”yə çatdırılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2647/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər natamam olduğundan geri qaytarılmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-in 53.1.6-cı madəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, iş üzrə təqdim edilmiş materialları, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 09 iyul 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri hərtərəfli, tam və obyektiv tədqiq edərək, aşağıdakı nəticələrə gəlir. İş materiallarının tədqiqi nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən xx.xx.2024-cü tarixli, MN1292196 nömrəli qərarla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Şəxs İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərar qanuni qüvvəyə minmiş, lakin icra edilməmişdir. Bununla əlaqədar, X4 Xidməti tərəfindən 22 iyul 2024-cü il tarixli, 3-17-5/2- 48139/2024 nömrəli məktubla, cərimə tətbiq edilmiş vəzifəli şəxs Şəxs özünə həmin cərimənin onun əməkhaqqından tutulması barədə göstəriş verilmişdir. Poçt izləmə məlumatlarına (SS873271519AZ) əsasən, bu məktub 27 iyul 2024-cü il tarixində ünvana çatdırılmışdır. Göstərilən tarixdən sonra qərarın icrası təmin edilmədiyi halda, Əmək Müfəttişliyi tərəfindən uzun müddət hər hansı bir prosessual tədbir görülməmişdir. İnzibati məsuliyyətə cəlbetmə müddətinin ötürülməsi və xətanın aşkar edilməsi anı Məhkəmə hesab edir ki, cəmiyyətin vəzifəli şəxsinin İXM-nin 529.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Hüququn fundamental prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipi tələb edir ki, şəxslər qeyri-müəyyən müddət ərzində məsuliyyətə cəlb edilmə təhlükəsi altında qalmasınlar. Bu prinsip, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda da dəfələrlə vurğulandığı kimi, qanunun aliliyinin tərkib hissəsidir və şəxslərə öz hərəkətlərinin hüquqi nəticələrini proqnozlaşdırmaq imkanı verir. İnzibati məsuliyyətə cəlbetmə müddətləri məhz bu prinsipə xidmət edir. İXM-nin 38-ci maddəsi inzibati məsuliyyətə cəlbetmə müddətlərini imperativ qaydada tənzimləyir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, bu Məcəllədə sadalanan bir sıra xətalar üzrə bir il, digər xətalar üzrə isə dörd ay müddət müəyyən edilmişdir. X4 Xidməti tərəfindən Cəmiyyətə şamil edilən xəta, yəni inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi, öz mahiyyətinə görə uzanan inzibati xətadır (delictum continuum), çünki hüquqpozma qanunla tələb olunan hərəkətin yerinə yetirilmədiyi bütün müddət ərzində davam edir. Belə olan halda, İXM-nin 38.2-ci maddəsinin müddəaları tətbiq olunmalıdır. Həmin normaya görə, uzanan inzibati xətalara münasibətdə cəlbetmə müddəti xətanın aşkara çıxarıldığı gündən hesablanır. İnzibati Xətalar Məcəlləsinin 150.6-cı maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cəriməni onun əməkhaqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda, işəgötürən üç günədək müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın surətini onu qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Həmin Məcəllənin 150.7-ci maddəsinə əsasən, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əməkhaqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir. Məhkəmə, "xətanın aşkara çıxarıldığı an" dedikdə, səlahiyyətli orqanın hüquqpozma faktının mövcudluğundan xəbərdar olduğu və bu pozuntunu törədən şəxsi müəyyən etmək üçün kifayət qədər məlumata malik olduğu anı başa düşür. İş materiallarından göründüyü kimi, Əmək Müfəttişliyi özü 22 iyul 2024-cü il tarixli məktubu ilə icra tələbini irəli sürmüş və bu məktub 27 iyul 2024-cü ildə sözügedən hüquqi şəxsə çatdırılmışdır. İXM-nin 150.5.1-ci maddəsi, belə bir qərar daxil olduqdan sonra inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi müəssisə tərəfindən icra üçün tədbirlər görülməsini nəzərdə tutur. Bu tədbirlərin görülməsi üçün qanunvericilikdə qısa və ağlabatan müddətlər nəzərdə tutulur (məsələn, növbəti əməkhaqqı ödənişinə qədər). Beləliklə, X4 Xidməti ən geci avqust ayının sonuna qədər öz qərarının icra edilibedilmədiyini yoxlamaq imkanına və vəzifəsinə malik idi. Qərarın icra edilməməsi faktı məhz bu dövrdə X4 Xidməti üçün aşkar edilmiş hesab olunmalıdır. Səlahiyyətli orqanın öz vəzifəsini icra etməkdə səhlənkarlığa yol verməsi və hüquqpozma faktını bilərək üzərindən aylar keçdikdən sonra hərəkətə keçməsi və yenidən məktub göndərərək icrasını yenidən tələb etməsi, cəlbetmə müddətinin axımını dayandırmır və ya yenidən başlatmır. X4 Xidmətiin 07 may 2025-ci il tarixli ikinci məktubu, xətanın yeni aşkar edilməsi anı kimi deyil, artıq müddəti ötürülmüş bir iş üzrə prosessual fəaliyyətin süni şəkildə bərpasına cəhd kimi qiymətləndirilməlidir. İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan bir illik müddətin sentyabr 2024-cü ilin sonundan hesablanması, inzibati xəta haqqında protokolun isə 09 iyul 2025-ci il tarixində tərtib edilməsi göstərir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti keçmişdir. Bu isə, İXM-nin 53.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasını istisna edən və başlanmış icraata xitam verilməsi üçün qeyd-şərtsiz əsas olan bir haldır. Yuxarıda göstərilən hüquqi və faktiki əsasların məcmusuna əsaslanaraq, məhkəmə yekun nəticəyə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Şəxs barəsində İXM-nin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş 09 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol inzibati məsuliyyətə cəlb etmə müddətləri keçdikdən sonra tərtib edilmişdir və icraata xitam verilməlidir. Məhkəmə vurğulayır ki, inzibati məsuliyyətə cəlb etmə müddətləri, dövlət orqanlarının fəaliyyətini intizamlaşdıran, vətəndaşların və hüquqi şəxslərin hüquqlarını qeyri-müəyyən təhdidlərdən qoruyan mühüm hüquqi təminatdır. Bu müddətlərin ötürülməsi ilə inzibati təqib hüququ dövlət tərəfindən itirilir və bu, maddi sübutların mövcudluğundan və ya şəxsin təqsirlilik dərəcəsindən asılı olmayaraq, icraata xitam verilməsi üçün imperativ əsas yaradır. Məhkəmə, həmçinin iş materiallarında olan ilkin pozuntu ilə bağlı sənədlərin hazırkı işin predmeti olan 529.1-1-ci maddə üzrə müddətin hesablanmasına birbaşa təsir etmədiyini, lakin səlahiyyətli orqanın öz qərarının icrasına nəzarətdə uzunmüddətli fasiləyə yol verdiyini nəzərə alır ki, bu da hüquqi nizam-intizamın təmin edilməsi baxımından arzuolunan hal deyildir. Yekun olaraq, Şəxs hərəkətsizliyində İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri mövcud olsa da, inzibati xəta haqqında protokolun tərtib edilməsi anına qədər İXM-nin 38.1-ci maddəsi ilə müəyyən edilmiş məsuliyyətə cəlb etmə müddəti ötmüşdür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38.1, 53.1.6, 105.1, 114.1.4, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar