Məhkəmə qərarları › İş №3(005)-372/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-372/2021

23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-372/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC Bakı şəhəri, Nərimanov rayonu, Əhmədzadə Orucəliyev və N.Hacıyev küçələrinin kəsişməsi, Blok A, mənzil 4,5,6 ünvanında lisenziya olmadan özəl tibb fəaliyyəti (stomatoloji) ilə məşğul olur. Aşkarlanma vaxtı: xx.xx.2021-ci il saat 14:35. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Səhiyyə Nazirliyinin nümayəndəsi X4 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbəti) yoxlamanın keçirilməsi haqqında 12 nömrəli, xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Şəxs MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əhmədzadə Orucəliyev və N.Hacıyev küçələrinin kəsişməsi, Blok A, mənzil 4,5,6 ünvanında yerləşən təşkilatın fəaliyyətinin yoxlanılması məqsədilə, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə AEM-nin Özəl tibb fəaliyyəti subyektləri ilə iş şöbəsinin müdiri Vəliyev Rövşən Şamil oğlunun, AEM-nin Özəl tibb fəaliyyəti subyektləri ilə iş şöbəsinin müdir müavini X3, AEM-nin Özəl tibb fəaliyyəti subyektləri ilə iş şöbəsinin baş mütəxəssisi X1 tərəfindən həmin müəssisədə plandankənar (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan Plandankənar (növbədənkənar) yoxlama suallarının siyahısından görünür ki, Şəxs MMC Bakı şəhəri, Nərimanov rayonu, Əhmədzadə Orucəliyev və N.Hacıyev küçələrinin kəsişməsi, Blok A, mənzil 4,5,6 ünvanında lisenziyasız fəaliyyət göstərir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Plandankənar Yoxlama haqqında 5 nömrəli Akdan görünür ki, xx xxxxxx 2021-ci il tarixində Şəxs MMC-yə məxsus özəl tibb müəssisəsində keçirilən plandankənar yoxlama zamanı müəssisənin lisenziya olmadan özəl tibb fəaliyyəti olmadan (stomatoloji) ilə məşğul olması aşkar edilmişdir. Müəssisədə 8 (səkkiz) stomatoloji kabinet mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. Qanunun 1 nömrəli əlavəsinin “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 2-ci bəndinə əsasən özəl tibb fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növüdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2017-ci il tarixli, 206 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın “Özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər” bölməsinin 2.24-cü bəndinə əsasən stomatologiya - lisenziyalaşdırılan işlər siyahısına daxildir. Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs MMC Bakı şəhəri, Nərimanov rayonu, Əhmədzadə Orucəliyev və N.Hacıyev küçələrinin kəsişməsi, Blok A, mənzil 4,5,6 ünvanında lisenziya olmadan özəl tibb fəaliyyəti (stomatoloji) ilə məşğul olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq lisenziya almalı olduğu halda buna əməl etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 210.1ci maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 25000 (iyirmi beş min) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar