Məhkəmə qərarları › İş №3(005)-3720/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3720/2022

20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3720/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, "xxxx" MMC-nin direktoru X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X3 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4467/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə "xxxx" MMC-nin direktoru X9 barəsində Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4467/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi təmin edilməmişdir. X2 tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 1059169 nömrəli İnzibati xəta haqqında protokola əlavədən görünür ki, xx.xx.2017-ci il tarixdə 1 nömrəli müqavilə üzrə 65 kv.m-dən ibarət olan, 1-ci mərtəbədə yerləşən qeyriyaşayış sahəsini X4 təhvil verilməsi öhdəliyinin borclu "xxxx" MMC-nin üzərinə qoyulmasina və 2020-ci ilin iyun ayından 2021-ci ilin avqust ayınadək ödənilməmiş kirayə haqqının əvəzi olaraq cəmi 11200 (on bir min iki yüz) manat məbləğində pulun borclu "xxxx" MMC tərəfindən tutularaq iddiaçı X4 ödənilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4467/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Tərəflərindən aparılmış icra tədbirləri nəticəsində 11200 (on bir min iki yüz) manat məbləğində pulun tələbkar X4 ödənilməsi təmin edilmişdir. Borclu "xxxx" MMC şöbəyə ərizə ilə müraciət edərək qətnamənin qeyri-yaşayış sahəsinin verilməsi hissədində ümumi sahəsi 65 kv.m olan sahənin tələbkar N.İsmayılovanın sərəncamına təhvil verilməsi üçün ayırdıqlarını birdirmişdir. İcra hərəkətləri keçirilən zaman borclu "xxxx" MMC-nin ayırdığı 65 kv.m qeyri-yaşayış sahəsi tələbkarın etibarnamə üzrə nümayəndəsi Azər İsmayılova təhvil verilmişdir. Daha sonra qeyd olunan qeyri-yaşayış sahəsinə tələbkarın daxil olmağına istifadə etməyinə maneələr yaradılmışdır. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə tərəflərindən həmin ünvana baxış keçirilmiş və məlum olmuşdur ki, sahənin girişçıxış qapısının bağlı olduğunu və borclu "xxxx" MMC tərəfindən tələbkarın həmin sahədən istifadəsinə maneələr yaradılmışdır. Borclu "xxxx" MMC-nin direktoru Anar Həsənov icra yerinə dəvət olunsa da o, şəhərdən uzaqda olduğunu bildirərək, icrada iştirak edə bilməyəcəyini qeyd etmişdir. Həmçinin tələbkarın "xxxx" MMC barəsində müvafiq dövlət orqanlarına müəyyən şikayət ərizələri ilə müraciət etdiyini ilk növbədə tələbkar şikayət ərizələrini geri götürdükdən sonra qeyri-yaşayış sahəsini onun istifadəsinə verəcəklərini bildirmişdir Tərəflərindən qətnamənin icrası təxirə salınaraq bir daha borclu "xxxx" MMC direktoru A.Həsənova izah olunmuş və icra sənədinin icrasının tam icrası tələb edilmiş, əks-halda barəsində qanunvericiliklə nəzərdə tutulmuş məcburi icra tədbirləri tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi barədə xx.xx.2022-ci il taixli xəbərdarlıq məktubu verilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X3 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-nin direktoru X9 məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-nin direktoru X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin direktoru X5 yuxarıda qeyd edilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da "xxxx" MMC-nin direktoru X9 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4467/2021 nömrəli, xx.xx.2021ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2017-ci il tarixdə 1 nömrəli müqavilə üzrə 65 k.m-dən ibarət olan, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsini X4 təhvil verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması, 2020-ci ilin iyun ayından 2021-ci ilin avqust ayınadək ödənilməmiş kirayə haqqının əvəzi olaraq 11200 (on bir min iki yüz) manat məbləğində pulun cavabdeh "xxxx" MMC tərəfindən tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. "xxxx" MMC-nin direktoru X7 icraata başlama haqqında qərarın surəti göndərilmiş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4467/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, "xxxx" MMCnin direktoru X7 icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4467/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Göyərçin Express kuryer xidmətləri üçün mədaxil qəbzinin kötüyündən görünür ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X3 tərəfindən xx.xx.2022ci il tarixli bildiriş "xxxx" MMC-nin ünvanına göndərilmiş və həmin ünvanda qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin direktoru X9 icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubları ilə cavabdehin icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə "xxxx" MMC-nin direktoru X5 hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, icra işinin materialını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, icra məmurunun izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, "xxxx" MMC-nin direktoru X7 cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar