Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3722/2025 23.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X1, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məhkəməyə daxil olmuş MN seriyalı ******* nömrəli, 08 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, AYNA-nın Bakı Regional İdarəsi tərəfindən yoxlaması zamanı xx.xx.2025-ci il saat 11:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ekologiya postu Şəxs MMC-yə məxsus “Hyundai” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitəsinin sürücüsünün reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X3 protokolu müdafiə etdiyini bildirərək qanunvericiliyin tələblərinə uyğun qərar qəbul olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında nümayəndələrinin iştirakları təmin edilməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “Avtomobil nəqliyyatı daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” Aktdan görünür ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanın mövcudluğu öz əksini tapmışdır. İş materiallarında olan CD diskə baxış keçirilən zaman Şəxs MMC-yə məxsus Hyundai” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitəsinin sürücüsünün reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi müəyyən olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə toplanmış materialları, o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tərtib etdiyi MN seriyalı ******* nömrəli, 08 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolu, pozuntunun aşkar edilməsi haqqında aktı, işə əlavə edilmiş videogörüntünü (CD diski), inzibati orqanın nümayəndəsinin məhkəmə iclasındakı izahatını, habelə tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını hərtərəfli, tam və obyektiv tədqiq edərək, öz daxili inamı ilə qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün elementləri mövcuddur və onun inzibati məsuliyyətə cəlb edilməsi qanuni və əsaslıdır. İXM-nin 326-cı maddəsində təsbit edilmiş inzibati xətanın obyekti yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı idarəçilik qaydalarıdır. Bu norma, sərnişin və yük daşımaları kimi yüksək təhlükə mənbəyi olan fəaliyyət sahəsində insanların həyat və sağlamlığının, habelə əmlak təhlükəsizliyinin qorunması məqsədini daşıyır. Məhkəmə vurğulayır ki, bu norma təkcə formal bir prosedur deyil, həm də dövlətin İnsan Hüquqlarının və X2 haqqında Konvensiyanın 2-ci maddəsindən (yaşamaq hüququ) irəli gələn pozitiv öhdəliklərinin təzahürüdür. Belə ki, dövlət təhlükəli fəaliyyət növlərini effektiv şəkildə tənzimləməli və potensial risklərin qarşısını almaq üçün preventiv tədbirlər görməlidir. Reysqabağı texniki və tibbi yoxlamaların təşkili məhz bu cür preventiv tədbirlərin fundamental elementidir. İnzibati xətanın obyektiv cəhəti Şəxs MMC-nin hüquqi şəxs olaraq, özünə məxsus olan və yük daşımalarında istifadə etdiyi nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını və onun sürücüsünün reysqabağı tibbi müayinəsini təşkil etməməsi ilə ifadə olunan hüquqazidd hərəkətsizlikdə təzahür edir. Bu fakt, AYNA-nın tərtib etdiyi akt və inzibati xəta haqqında protokol ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş və heç bir şübhə doğurmayan videogörüntü ilə də təkzibedilməz şəkildə sübuta yetirilmişdir. Həmin videogörüntü, yoxlama anında müvafiq sənədlərin (texniki baxış talonu, sürücünün tibbi müayinədən keçməsi barədə arayış) olmamasını obyektiv şəkildə təsbit edir. İnzibati xətanın subyekti qismində hüquqi şəxs Şəxs MMC çıxış edir. İXM-nin 18-ci maddəsinə əsasən, hüquqi şəxs öz vəzifəli şəxslərinin və ya işçilərinin onun xeyrinə və ya maraqlarının qorunması üçün törətdiyi inzibati xətalara görə məsuliyyət daşıyır. İnzibati xətanın subyektiv cəhəti isə təqsirdən ibarətdir. Hüquqi şəxsin təqsiri, onun üzərinə qanunvericiliklə qoyulmuş vəzifələrin icrası üçün bütün mümkün tədbirləri görməməsində, lazımi dərəcədə diqqət və ehtiyatlılıq nümayiş etdirməməsində ifadə olunur. Şəxs MMC yük daşıma fəaliyyəti ilə məşğul olan bir sahibkarlıq subyekti kimi, bu fəaliyyəti tənzimləyən qanunvericiliyin tələblərini bilməyə və onlara riayət etmək üçün müvafiq daxili nəzarət mexanizmlərini (reysqabağı yoxlamaların təşkili, müvafiq məntəqələrlə müqavilələrin bağlanması və s.) qurmağa borclu idi. Bu vəzifənin yerinə yetirilməməsi, yəni lazımi tədbirlərin görülməməsi, onun təqsirini sübut edir (culpa in vigilando). Şəxs MMC məhkəmə iclasına nümayəndəsinin iştirakını təmin etməmiş, bununla da özünü müdafiə etmək və təqsirsizliyini sübut edən hər hansı bir əks-arqument və ya sübut təqdim etmək imkanından imtina etmişdir. Bu hal, hüquqi şəxsin irəli sürülən ittihamla faktiki olaraq razılaşması kimi qiymətləndirilir. İnzibati tənbeh tədbiri tətbiq edilərkən, məhkəmə İXM-nin 31.3-cü maddəsinin tələblərini rəhbər tutur. İşin halları araşdırılarkən Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın ictimai təhlükəliliyi, yəni texniki cəhətdən nasaz və ya sürücüsü tibbi cəhətdən yararsız olan bir yük avtomobilinin yol hərəkətində iştirakının yaratdığı real təhlükə nəzərə alındıqda, məsuliyyətin tətbiqi qaçılmazdır. Bu cür pozuntulara qarşı laqeydlik daha ağır nəticələrə səbəb olan yol-nəqliyyat hadisələri üçün zəmin yaradır. Bütün bu halların məcmusunu qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMCnin İXM-nin 326-cı maddəsi ilə təqsirli bilinməsi və barəsində həmin maddənin sanksiyası çərçivəsində cərimə növündə inzibati tənbehin tətbiqi ədalətli, qanuni və törədilmiş xətanın ictimai təhlükəlilik dərəcəsinə mütənasib olacaqdır. Məhkəmə hüquqi şəxsin əməllərində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmir. Yuxarıda göstərilənlərə və İXM-nin 31, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-3722/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3722/2025
23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver