Məhkəmə qərarları › İş №3(005)-3725/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3725/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3725/2025 23.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası ƏƏSMN yanında X10 Xidmətinin nümayəndəsi X1, Barəsində iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X2 iştirakları ilə Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası ƏƏSMN yanında X10 Xidmətindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs direktoru X5 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın icrası ilə əlaqədar xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar üzrə cərimənin tutulması ilə bağlı hər hansı tədbirlər görülməmiş, nəticədə hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X4 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, X10 Xidmətinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı ilə Şəxs direktoru X5 Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilmiş, S.Aslanovun əmək haqqından hər ay 50% olmaqla 1000 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 3 gün ərzində Xidmətə yazılı formada məlumat verilməsi barədə hüquqi şəxsə xx.xx.2025-ci il tarixli 3-17-5/2-A-65098/2025 nömrəli məktub ünvanlanmış, həmin məktub xx.xx.2025-ci il tarixdə ünvana çatdırılmış, lakin 3 gün ərzində tədbir görülməsi barədə Xidmətə məlumat verilməmişdir. Bu səbəbdən hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs direktoru X5 bildirmişdir ki, xx.xx.2025-ci il tarixli 3-17-5/2-A-65098/2025 nömrəli məktubu xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin ünvanına daxil olmuşdur. Şirkət işğaldan azad olunmuş ərazilərdə tikinti işlərini yerinə yetirdiyinə görə oradakı işlərə nəzarət etmək məqsədilə əksər vaxtlarda Ağdam şəhərində olur. Məhkəməyə təqdim etdiyi sənədlərdən də göründüyü kimi o, xx.xx.2025-ci il tarixdə Ağdam şəhərində ezamiyyətdə olmuş və xx.xx.2025-ci il tarixdə Bakı şəhərinə qayıtmışdır. xx.xx.2025-ci il tarixdə kargüzar tərəfindən X10 Xidmətinin qeyd olunan məktubu ona təqdim edilmiş, məktubla tanış olduqdan sonra dərhal işçilərə ödənişin edilməsi üçün göstəriş vermiş, xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla təyin edilmiş 1000 manat cərimə tam olaraq ödənilmiş və müfəttişliyin X11 adlı əməkdaşına zənglə əlaqə saxlanılaraq məlumat verilmişdir. Hesab etmişdir ki, DƏMX sistem üzərindən ödənişin edilməsini görməklə hüquqi şəxs və onun barəsində inzibati xəta haqqında protokol tərtib etməyəcəkdir. Göründüyü kimi məktub ona çatan vaxtdan dərhal sonra ödənişi tam icra etməklə tədbir görmüşdür. Hüquqi şəxsin Xidmətin göstərişini yerinə yetirməmək kimi heç bir qəsdi olmamışdır. Ümumiyyətlə şirkətin işlərinə rəhbərliyi sadəcə o edir və şəxsən nəzarət edir. Sənəd dövriyyəsi ilə məşğul olan işçilər yalnız sənədləri qəbul edib, qeydiyyata alır, məzmunu ilə tanış olmaq səlahiyyətləri yoxdur. Ezamiyyətdə olanda şirkətdə onu heç kəs əvəz etmir, faktiki olaraq bütün işlərlə şəxsən məşğul olur. Göstəriş məktubunun ona çatmasından 3 gün ərzində cəriməni tam ödəməklə heç bir hərəkətsizlik etmədiyinə görə hüquqi şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs direktoru X5 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın icrası ilə əlaqədar xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar üzrə cərimənin tutulması ilə bağlı hər hansı tədbirlər görülməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-A-65098/2025 nömrəli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar üzrə Şəxs direktoru X3 əmək haqqından hər ay 50% olmaqla 1000 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 3 gün ərzində Xidmətə yazılı formada məlumat verilməsi xahiş edilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəməyə təqdim edilmiş Şəxs Kadrlar sektorunun xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, Şəxs “Ağdam, Füzuli, Xocavənd rayonlarıda Bərpa, Tikinti və İdarəetmə Xidməti” X13 ilə bağlanmış xx.xx.2024-cü il tarixli, AFXBTİ/24-157 saylı müqavilə əsasında Ağdam rayonunda tikinti işlərini həyata keçirir. Tikinti işlərinin sona yaxınlaşması və planlaşdırılan açılış tədbirləri ilə əlaqədar olaraq şirkətin direktoru X5 xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər Ağdam şəhərində ezamiyyətdə olmuşdur. Məlumata qoşma olan xx.xx.2025-ci il tarixli 61/İ nömrəli əmrdən görünür ki, X3 Ağdam rayonu ərazisində aparılan tikinti işləri ilə əlaqədar xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə ezam olunması əmr edilmişdir. Məlumata qoşma olan “Ezamiyyə vərəqəsi”ndən görünür ki, 61/İ nömrəli əmr əsasında X5 9 gün Ağdam rayonu ərazisində ezamiyyətdə olmuşdur. Məhkəməyə təqdim edilmiş Şəxsndə sənəd dövriyyəsi üzrə mütəxəssis vəzifəndə çalışan Abbbasova Günel qızının xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o xx.xx.2025-ci il tarixli, 3-17-5/2-A-65098/2025 nömrəli sənədi xx.xx.2025-ci il tarixdə qəbul etmişdir. Şirkətin direktoru Aslanov Süsleyman xx.xx.2025 il tarixdən xx.xx.2025-ci il tarixinə qədər tikinti işlərinin sona yaxınlaşması səbəbilə Ağdam şəhərində olduğu üçün sözü gedən sənədi ona yalnız xx.xx.2025-ci il tarixdə təqdim edə bilmişdir. O, sənəd dövriyyəsi üzrə mütəxəssis kimi sənədləri qəbul edir, aidiyyəti şəxslərin icraatına verilməsi üçün direktora təqdim edir. Onun sənədlərin məzmunu ilə tanış olmaq səlahiyyəti yoxdur. xx.xx.2025-ci il tarixli “Kapital Bank”-ın ödəniş tapşırığından görünür ki, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar üzrə X8 hesabına 1000 manat ödəniş edilmişdir. Hüquqi məsələlər, məhkəmənin mövqeyi və gəldiyi nətəcənin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. 150.5 və 150.5.1-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əmək haqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-A-65098/2025 nömrəli “cərimənin ödənilməsinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi və 3 gün ərzində məlumat verilməsi barədə” məktubu xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin ünvanına çatmış, lakin hüquqi şəxsin məsul vəzifəli şəxsi qeyd olunan tarixdən xx.xx.2025-ci il tarixədək Ağdam rayonu ərazisində ezamiyyətdə olması səbəbindən Xidmətin həmin məktubu barədə məlumatlı olmamış, xx.xx.2025-ci il tarixdə ezamiyyətdən qayıtdıqdan dərhal sonra məktubun məzmunu ilə tanış olmaqla, cərimənin ödənilməsi üçün əmək haqqından tutulmanın aparılmasına dair təklif olunan tədbirin əvəzinə xx.xx.2025-ci il tarixdə, hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməmişdən 10 gün əvvəl bilavasitə 1000 manat məbləğində cəriməni tam həcmdə ödəməklə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı icra etmiş, bu barədə müfəttişliyin əməkdaşına şifahi məlumat verilməsini təmin etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta obyektiv cəhətdən hərəkətsizliklə, subyektiv cəhətdən isə bir başa qəsdlə törədilən inzibati xətadır. Belə ki, şəxs hərəkətsizlikdə ifadə olunan əməlinin hüquqazidd xarakterini dərk etməli, onun zərərli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Hüquqi şəxsin direktoru tərəfindən məhz xx.xx.2025-ci il tarixdən üç gün müddətində qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsi onun qəsdi ilə əhatə olunmamışdır. Belə ki, qeyd olunan dövrdə tədbir görmək səlahiyyətində olan hüquqi şəxsin direktoru müvafiq məktubdan məlumatsız olduğuna görə tələb olunan müddətdə tədbirin görülməsi subyektiv cəhətdən onun imkanları xaricində olmuş, bununla belə məlumatlı olduğu xx.xx.2025-ci il tarixdən etibarən üç gün müddətində heç bir hərəkətsizlik etmədən inzibati cərimənin tam ödənilməsini təmin etməklə tədbirlərin görülməsi ilə bağlı zərurəti aradan qaldırmışdır. Hüquqi şəxsin direktoru tərəfindən məhkəməyə təqdim edilmiş məlumat, izahat, əmr və ezamiyyət vərəqəsindən onun Xidmətin xx.xx.2025-ci il tarixli tədbirlərin görülməsi barədə məktubundan xx.xx.2025-ci il tarixdə məlumatının olması təsdiq edilməklə, səlahiyyətli orqan tərəfindən bu xüsusatı təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə nəticəyə gəlir ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 48-51, 53.1.2, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar