Məhkəmə qərarları › İş №3(005)-3741/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3741/2023

30.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3741/2023 30.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış hüquqi şəxs Şəxs MMC-nin təsisçisi və direktoru X1 və Şəxs MMC-nin vəkili Abşeron Rayon Vəkil Bürosunun Vəkil iştirakları ilə, Şəxs MMC barəsində Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata dair materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyovun 07 dekabr 2023-cü il tarixli qərarı ilə Şəxs MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılaraq araşdırma aparılmışdır. Göstərilən qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) - onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktoru X19 Hamdollah (MYİ: 0697955) MMC-nin onun xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azarbaycan Respublikasının Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbi pozaraq, yəni, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs xx.xx.2000-ci il təvəllüdlü X16 2023-cü ilin aprel ayından 30 iyun 2023-cü il tarixədək MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi, məhəllə 6023 ünvanında fəaliyyət göstərən mərmər sexində usta kimi işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əmək qanunvericiliyini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətdiyinə görə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanlar həmçinin X12, X2, X4 və X19 Hamdollahın izahatları və digər sənədlərlə təsdiqlənir. Faktiki olaraq X19 X8 Khanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edərək əmək münasibətlərində olmuşdur. X6 işçisi olmamasını, şərik olmasını iddia etməsi isə müdafiə xarakterini daşıyaraq qanunsuz əməllərini pərdələmək məqsədini daşımışdır. Həmçinin, Azərbaycan Respublikası İXMnin 18.3-cü maddəsinin tələblərinə əsasən, Şəxs MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin təsisçisi və direktoru X1 bildirmişdir ki, 2005-ci ildə fərdi sahibkarlıqla məşğul olmaqdan ötrü Azərbaycan Respublikasının Bakı şəhərinə gəlmiş, həmin vaxtdan bugünədək Bakı şəhərində icarəyə götürdüyü müxtəlif sexlərdə əsasən mərmər daşların hazırlanmasını və satışını həyata keçirir. Ailə üzvləri İran İslam Respublikasının Təbriz şəhərində daimi yaşadıqları üçün il ərzində bir neçə dəfə onların yanına gedib-gəlir. Azərbaycana gəldiyi vaxtdan Dövlət Miqrasiya Xidməti tərəfindən ona “Müvəqqəti yaşamaq icazə”si verilmişdir, hər gedib-gəldikdə və ya vəsiqənin müddəti bitdikdə vəsiqənin müddətinin uzadılması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Əvvəllər fiziki şəxs kimi qeydiyyatdan keçib sahibkarlıqla məşğul olurdu. xx.xx.2012-ci il tarixdə tanışı X3 ilə birlikdə hüquqi ünvanı özünə məxsus ünvan 2n Şəxs MMC-ni (VÖEN - **********) təsis etmişlər, MMC-nin qanuni təmsilçisi və direktoru həmin vaxtdan hazırki vaxtadək özüdür. Keçən il isə MMC-nin tam payçısı yeganə olaraq özüdür. MMCnin təsisçisi və direktoru olduğu üçün ona ayrıca olaraq Dövlət Miqrasiya Xidmətindən iş icazəsi almağa gərək yoxdur, belə ki, rəsmi olaraq sahibkar kimi dövlət qeydiyyatından keçmişdir. Qeyd etdiyi kimi, MMC-nin fəaliyyəti icarəyə götürdüyü sexlərdə mərmər daşların hazırlanmasından və satışını həyata keçirməkdən ibarətdir. Hazırda MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində 02 ədəd bir-birindən ayrılıqda mərmər-kafel sexləri, həmçinin Nərimanov rayonu, Baksol yolunda yerləşən 01 ədəd satış-sərgi nöqtəsi vardır. Özü 2023-cü ilin avqust ayının əvvəllərində həm “müvəqqəti yaşamaq üçün icazə” vəsiqəsinin müddəti bitdiyinə görə, həmdəki ailəsini görməkdən ötrü İrana qayıtdığı üçün həmin sexlər və satış nöqtəsi fəaliyyətsiz qalmışlar, bir neçə gündür ki, İran İslam Respublikasından Azərbaycana geri qayıtmışdır. Qeyd edir ki, həmin sexləri və satış nöqtəsini icarə müqaviləsi əsasında işlədir. X17 ilə təxminən 2023-cü ilin may ayının əvvəllərində tanış olmuşdur. Aralarında olan danışığa əsasən Abdulrahim həmin sexdə müraciət etmiş şəxslərin kafellərin kəsimini həyata keçirəcəkdi, əldə olunmuş aylıq qazancdan isə ilk öncə aylıq icarə haqqı ödəniləcəkdi, yerdə qalan qazancdan isə yarısı dəzgah yiyəsi olduğu üçün özünün, yarısı isə Abdulrahimin olmalı idi, yəni ki, şərikinə işləyirdilər. O, Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış hüquqi şəxs Şəxs MMC-nin vəkili Vəkil çıxış edərək bildirmişdir, Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə qərarı qəbul etmiş prokurorluğun nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə göstərilən orqanın şəxsin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 192.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Araşdırma zamanı izahatı alınmış X17 bildirmişdir ki, 2023-cü ilin aprel ayının ortalarında Behrouz ilə sexdə görüşüb söhbət etmiş, sonuncu ona 1-2 iş tapşırıb görəcəyi işi bəyəndiyi halda onu işə götürəcəyini söyləmişdir. O qeyd etmişdir ki, Behrouzun ikinci sexi Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında idi, bundan əlavə Behrouzun “Baksol yolu” adlanan yerdə 01 ədəd mərmər mağazası var idi. Behrouzun deməsindən bilmişdir ki, həmin sexdə işləyən işçilər işdən çıxdığı üçün işçi axtarır. Behrouz tərəfindən verilmiş tapşırıqları icra etmiş, mərməri laqonda ilə yonmuş, kəsmiş və hazır etmişdir. Behrouz onun əl işini bəyənib sabahdan işə gəlməsini tapşırmış, əmək haqqı kimi aylıq 800 manat verəcəyini, işin saat 09-dan saat 18-dək olacağını söyləmişdir. Həmçinin bildirmişdir ki, göstərişindən asılı olaraq hər iki sexində iş görə bilər. Təxminən 15 gün həmin “Eurohome” ticarət mərkəzinin yaxınlığında Behrouza məxsus sexdə işlədikdən sonra sonuncu ona “Lukoil” YDM-nin yaxınlığında yerləşən sexdə işləyən işçinin işdən çıxdığı üçün artıq ikinci sexdə işləməsini tapşırmışdır. O qeyd etmişdir ki, Behrouzun daimi işləyən işçisi bircə özü olmuş, sexə ara-sıra 2-3 günlük günəmuzd olaraq işçilər gəlib getmişlər, ancaq ağır iş yekunlaşdıqda çıxıb getmişlər. Yalnız ara-sıra iş olduğu halda sexə Elxan adlı işçi gəlib getmiş, Elxan maaşa işləməmiş, gördüyü işin sonunda pulunu almışdır. Özünün usta kimi işi laqonda və daşkəsən dəzgahlarla mərməri sifarişə uyğun kəsib-yonmaqdan və hazır etməkdən ibarət olmuşdur. Hazır olan mərməri isə ya müştərinin taksisi, ya da ki Behrouzun özünün Xəqani adlı tanışı gəlib malları müştərilərə çatdırardı. Sexin açarları isə özündə olduğu üçün sexi demək olar ki, özü açıb, özü bağlayırdı. Behrouz gündəlik saat 10-11 radələrində işə gəlib, saat 16 radələrində gedirdi, yaxınlığında yerləşən mağazada oturardı, kamera vasitəsi ilə sexi izləyərdi. Mağazada isə yalnız bir adını unutduğu qadın satıcı işləyirdi. Behrouz ona 3-4 gündən bir 50-60 manat pul verərdi. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2023-cü il tarixli, 10/973 nömrəli ekspert rəyinin tədqiqat nəticəsindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nm 3.1, 10.1, 10.2, 10.13 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki və təşkilati səbəbləri olmuşdur. Hündürlükdə görülən işlərin icrası ilə əlaqədar təhlükəsizlik tədbirləri təmin edilmədiyinə görə, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.1, 10.1, 10.2, 10.13 bəndlərinin tələbləri Şəxs MMC-nin direktoru tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda baş vermiş hadisə ilə əlaqədar zərərçəkmiş şəxsin özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X14 14 sentyabr 2023-cü il tarixli, 1011 nömrəli ekspert rəyinin tədqiqat nəticəsindən görünür ki, Vət. X9 oğlunda aşkar edilmiş xəsarət- sağ baldırın yuxarı və orta üçdə birinin bayır səthinin əzilmiş yarası-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixlərdə və şəraitdə əmələ gələ bilər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7314 nömrəli ekspert rəyinə əsasən baş vermiş hadisə ilə əlaqədar «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərin yoxlanılması haqqında nümunəvi Əsasnamə»nin 6-ci bəndinin tələbləri və «Elektrik əl maşınları. Ümumi təhlükəsizlik tələbləri» 12.2.013-75 DÜST-ün 6.4.7, 6.4.18, 2,12.4 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. Mərmər sexində fəhlə işləyən X17 əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimatlandırılmadığına və bilikləri yoxlanılmadan dəstəyi olmayan elektrik əl maşını (laqonda) ilə taxta kəsilməsi işlərinə cəlb olunduğuna görə, «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə»nin 6-ci bəndinin tələbləri və «Elektrik əl maşınları. Ümumi təhlükəsizlik tələbləri» 12.2.013-75 DÜST-ün 6.4.7, 6.4.18, 2.12.4 bəndlərinin tələbləri mərmər sexində işlərə rəhbərlik edən şəxs tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərərçəkmiş şəxsin özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən edilmədi. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs MMC-nin təsisçisi, qanuni təmsilçisi və direktoru olmaqla işlərə rəhbərlik edən və texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyan İran İslam Respublikası vətəndaşı X19 Hamdollahın əməlində Azərbaycan Respublikası CM-nin 162-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri mövcud olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanılması rədd edilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs MMC-nin təsisçisi, qanuni təmsilçisi və direktoru olmaqla işlərə rəhbərlik edən və texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyan İran İslam Respublikası vətəndaşı X19 Hamdollahın əməlində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1, 198.2 və 555.1-ci maddələrinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna məlumat verilməsi qərara alınmışır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) – Bakı şəhəri, Yasamal rayonu, X15, ev 5, mənzil 199 ünvanında qeydiyatda olan barəsində Azərbaycan Respublikası İXM- nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs MMC tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış orqan Şəxs MMC tərəfindən işçini əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilmədən əmək fəaliyyətinə cəlb etməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraata başlamışdır. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs MMC tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. İXM-in: 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası çərçivəsində tənbeh tədbiri inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar