Məhkəmə qərarları › İş №3(005)-3751/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3751/2023

27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3751/2023 27.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Göy-göl rayonu Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş 15 oktyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Göy-göl rayonu Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş 15 oktyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 şikayət ərizəsində göstərmişdir ki, o, xx.xx.2023-cü ildə idarə etdiyi Jeep markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Göygöl rayon ərazisində üzü Daşkəsən istiqamətində hərəkətdə olarkən körpünün onun hərəkətdə olduğu istiqamətinin iki zolaqdan ibarət olduğu və sağ zolaqla gedən avtomobili ötmədiyi, qarşı tərəfin yoluna çıxmadığı halda qarşıda dayanan DYP əməkdaşı onu saxlayaraq qayda pozduğunu bildirmişdir. O isə qayda pozmadığını bildirmişdir. Həmin vaxt DYP əməkdaşı barəsində protokol yazacağı ilə bağlı ona heç bir söz deməmiş, əksinə çox səmimi şəkildə ehtiyatlı olmağı ilə bağlı məsləhət verdikdən sonra o, hərəkətinə davam etmişdir. Sonradan ona (təxminən bir neçə saat sonra) asanpay vasitəsi ilə bildiriş gəldikdə o bilmişdir ki, həmin DYP əməkdaşı ona protokol yazıb. Elə həmin gün o, dərhal asanpay vasitəsi ilə şikayət edərək görüntülərin təqdim edilməsini qanunsuz yazılmış cərimə ilə razı olmadığından ləğv edilməsini xahiş etmişdir. Həmin şikayətinə cavab verilmədiyindən xx.xx.2023-cü ildə təkrar müraciət etdikdə xx.xx.2023-cü ildə şikayətinin qəbul edilməsi ilə bağlı sms gəlsə də ona nə görüntü, nə də protokol təqdim edilmədiyindən o, telefon vasitəsi ilə yenidən şikayət etmişdir. Bundan xeyli müddət keçdikdən sonra onun elektron poçtuna xx.xx.2023cü il tarixli 7Ə/2-Ə-140778/11/23 nömrəli cavab məktubu göndərilmişdir. Həmin məktubda ona xx.xx.2023-cü il tarixində Göygöl rayon ərazisində idarə etdiyi Jeep markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olan zaman İXM-nin 327.2-ci maddəsinin tələbini pozduğu üçün barəsində YPX inspektoru tərəfindən İXP5765327 nömrəli inzibati protokolun nöqsansız olduğu barədə məlumat verilsə də nə protokol, nə də görüntülər təqdim edilmişdir. xx.xx.2023-cü ildə həmin məktubu görən kimi o, Göygöl Rayon Polis Şöbəsinin əlaqə nömrəsinə zəng vurduqda isə ona yenidən ərizə ilə müraciət etməyi və yalnız bundan sonra görüntülərin və protokolun təqdim ediləcəyi bildirilmişdir. Həmin qərar tam əsassızdır. Yekunda inzibati tənbeh vermə haqqında qərarın əsassız və qanunsuz qəbul edildiyinə görə ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş X4 çıxış edərək bildirmişdir ki, polis əməkdaşları tərəfindən qərəzli mövqe sərgilənmişdir və onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Göygöl rayonu Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş 15 oktyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən X4 tərəfindən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını qaydasını pozmasına görə İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Göygöl rayonu Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş 15 oktyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X2 xx.xx.2023-cü il tarixdə İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmişdir. Lakin bu halı təsdiq edən hər hansı sübut müəyyən edilmir. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas olmuş hadisənin, yəni X2 15 oktyabr 2023-cü il tarixdə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydasını pozmasını müəyyən etmək mümkün deyildir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən 15 oktyabr 2023cü il tarixli, TP ******* nömrəli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X2 Göygöl rayonu Yol Patrul Xidmətinin 15 oktyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat cərimə edilməsinə dair Göygöl rayonu Yol Patrul Xidmətinin TP ******* nömrəli, 15 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar