Məhkəmə qərarları › İş №3(005)-3767/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3767/2025

14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3767/2025 14.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə, Şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuş şikayət ərizəsindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh haqqında qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Müraciət onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən "X7 Centre" MMC-nin rəhbəridir. Azərbaycan Respublikası Sətiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş (lisenziya olmadan kosmetoloji fəaliyyət göstərməkdə) inzibati xətanı törətməkdə ittiham olunaraq 5000 manat məbləğində cərimə olunmuşdur. Aşağıda qeyd olunanlara əsasən bildirir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12.06 2025ci il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında" qərarı hüquqi cəhətdən əsassızdır və ləgv edilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndələri rəhbərlik etdiyi “X7 Centre” MMC-nin binasına gələrək yoxlama keçirəcəklərini bildirdilər. O, heç bir etiraz bildirməyərək baxış keçirmələrinə şərait yaratmışdır. Onlar baxış keçirdikdən sonra MMC-də lisenziya olmadan kosmetoloji xidmət göstərməyi bildirərək bu barədə inzibati protokol tərtib etməyə başladılar. Onlara etiraz edərək kosmetoloji fəaliyyət göstərmədiyini, “X7 Centre” MMC tərəfindən Tibbi xarakter daşımayan kosmetoloji xidmətlər - üzə kosmetik qulluq (makiyaj, üz təmizlənməsi, masaj, qaş-kirpik prosedurları və s.) və sadə kosmetik prosedurlar xidmətlər göstərdiyini, bu xidmətlərin göstərilməsi üçün ümumiyyətlə lisenziya tələb olunmadığını bildirsə də, onlar binada kosmetoloji xidmət üçün otaq olmasını, AR İXM-nin 210.1-ci maddəsinin tələblərini pozmağını bildirərək protokol tərtib etdilər. O, həmin protokolu imza etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xx.xx.2025-ci il tarixli 3-28-/2- 5697/2025 nömrəli məktub göndərək inzibati xəta haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi barədə xx.xx.2025ci il tarixli MN ******* nömrəli qərara əsasən cərimə növündə inzibati məsuliyyətə cəlb edilməyi qeyd olunmuşdur. Məktuba əlavə olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan müəyyən olunur ki, İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş (lisenziya olmadan kosmetoloji fəaliyyət göstərməkdə) inzibati xətanı törətməkdə ittiham olunaraq 5000 manat məbləğində cərimə olunmuşdur. Bildirir ki, cavabdeh tərəfindən inzibati xəta haqqında protokol tərtib olunarkən heç bir araşdırma aparılmamış, ondan izahat alınmamış, kosmetoloji fəaliyyət göstərməyini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Cavabdehin nümayəndələri öz formal mülahizələri ilə barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Məhkəmə iclasında iştirak edən X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, özünə məxsus “X7 Center” adlı obyektdə 2025-ci ilin may ayınadək kosmetoloq kimi fəaliyyət göstərmiş, lakin sonradan fəaliyyətini dayandırmaqla həmin yeri icarəyə vermişdir. Hazırda tikinti-inşaat fəaliyyəti ilə məşğul olur. Kosmetoloq kimi işləmir. Səhiyyə Nazirliyi tərəfindən yoxlama aparılarkən kosmetoloji fəaliyyətlə məşğul olmamışdır. Yoxlayıcı salonda insulin iynələrinin qalmasını əsas gətirərək kosmetoloji fəaliyyətlə məşğul olduğunu bildirmişlər. Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsasız olduğundan ləğv edilməsini və iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə vəzifəli şəxs barəsində qəbul edilmiş qərarın əsaslı olduğunu, inzibati xətanın törədilməsinin iş üzrə icraat materialına əlavə olunmuş yoxlama aktı, fotoşəkillər və digər sənədlərlə təsdiq olunduğunu bildirməklə, inzibati xəta haqqında iş üzrə icraat materialındakı sənədlərin və digər dəlillərin surətini məhkəməyə təqdim edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərardan görünür ki, xx.xx.2025-ci il tarixində ünvan 1 ünvanında aparılan yoxlama zamanı X1 lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji) göstərməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin pərakəndə satış əczaçılıq müəssisələrinin 11 iyun 2025-ci il tarixli, T-200 №-li yoxlama aktından görünür ki, “X7 Center” MMC-nin ünvan 1 ünvanında aparılan yoxlama zamanı X1 lisenziya olmadan tibb fəaliyyəti (kosmetoloji) ilə məşğul olması, kosmetoloji prosedurlara aid dərman vasitələri faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin direktoru X2 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən “X7 Center” şirkətində nəzarət yoxlamasının həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli, T-200 nömrəli “X4 Plandankənar” yoxlama aktından görünür ki, ünvan 1 ünvanında yerləşən “X7 Centre” MMC-yə məxsus gözəllik salonunda xx.xx.2025-ci il tarixdə plandankənar yoxlama keçirilərkən müəyyən edilmişdir ki, özünü salonun rəhbəri kimi təqdim edən X3 yoxlamaya qismən şərait yaratmışdır. Yoxlama zamanı əməkdaşlara tələb olunan sənədləri təqdim etməyərək, kobud rəftar göstərmişdir. Əməkdaşlar tərəfindən verilmiş sənədləri (qərar və çıxarış) imzalamaqdan və götürməkdən imtina etmişdir. Keçirilən yoxlama zamanı müəssisədə “kosmetoloji tibbi fəaliyyətlə” “X7 Centre” gözəllik salonunda lisenziya olmadan məşğul olma faktı təsdiq edilmişdir. Zaliyeva Aynura məxsus olan “kosmetoloji” otağında “kosmetoloji” prosedurlara aid dərman vasitələri (dodaq dolğusu üçün) tibbi ləvazımatlar aşkar edilmişdir. Həmin otaqda kürsüdə pasiyentin qəbulu və prosedurlarının keçirilməsi faktı aşkar edilmişdir. Müəssisənin “N...” otağında kosmetoloji massaj prosedurlarının keçirilməsi üçün avadanlıqlar yerləşdirilmişdir. Nəticədə, müəssisənin lisenziya olmadan özəl tibbi fəaliyyəti ilə (kosmetoloji) məşğul olması aşkar edilmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və mövqeyinin hüquqi əsasları: Məhkəmə, işdə iştirak edən səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Beləliklə, X1 (VÖEN: **********) ünvan 1 ünvanında yerləşən “X7 Center” gözəllik salonunda keçirilən yoxlama zamanı lisenziya tələb olunduğu halda belə xüsusi razılıq (lisenziya) alınmadan tibb fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı”nın və “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 saylı Qərarına əsasən kosmetoloji xidmət özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər siyahısına daxil edilmişdir. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. X4 akkreditasiyası tibb işçilərinin peşə birliklərinin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Özəl tibb müəssisələrində praktik tibb fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinin tələblərinə uyğun olaraq davamlı peşəkar inkişafının qiymətləndirilməsi və ya sertifikasiya imtahanına cəlb edilməsi ilə sertifikasiyası həyata keçirilir. Sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb fəaliyyətinə buraxılmasına yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Ona görə də X3 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən vəzifəli şəxs kimi İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Qeyd edilənlərə əsasən müvafiq qərar qanuni hesab edilməli və şikayət əsassız olduğuna görə təmin edilməməlidir. Həmin qərarla xəta törətmiş vəzifəli şəxs maddənin sanksiyada nəzərdə tutulmuş aşağı həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, X1 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43 və 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar