Məhkəmə qərarları › İş №3(005)-3793/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3793/2023

27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3793/2023 27.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxs və “LCG” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X7 borclu "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 21 dekabr 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, icra sənədi üzrə borclu "xxxx" MMC-nin rəhbəri tərəfindən tələbkara tam təmirli iki otaqlı mənzil təqdim edilsə də tələbkar həmin icra sənədində qeyd olunan təmirli iki otaqlı mənzili qəbul etməmişdir. Həmçinin borclu tərəfindən tələbkara kirayə haqqı ödənilməmişdir. MN seriyalı ******* nömrəli, 21 dekabr 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokola əlavədən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2954/2021-011 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 2458-ci məhəllədə inşa edilən binadan 2 otaqlı yeni təmirli mənzilin X1 istifadəsinə verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə vəzifə kimi qoyulmalıdır. "xxxx" MMC tərəfindən X1 istifadəsinə mənzil təhvil verilənədək ödənilməyən aylıq kirayə haqqının verilməsi "xxxx" MMC-nə həvalə edilməlidir. Məlum icra sənədi xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə məhkəməyə göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı müraciətlərinə əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən əsasən ünvan 1, 16 mərtəbəli binanın 1-ci girişində 9-cu mərtəbə, 79 saylı mənzilin faktiki 2 (iki) otaq olduğu qeyd edilmişdir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixə icra təyin edilmiş, ünvan 1 ünvanında yerləşən mənzildə icra hərəkətləri keçirilərək borclu "xxxx" MMC tərəfindən tələbkara faktiki olaraq 2 (iki) otaqlı tam təmirli mənzil təqdim edilmiş, tələbkar isə buna etiraz edərək həmin evi qəbul etməmişdir. İcra məmuru icra yerində evin faktiki olaraq iki otaqlı olduğundan tələbkara təklif etsə də, tələbkar imtina etmiş və buna dair tərəflərindən xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. İcra məmuru tərəfindən icra sənədi üzrə icrası təmin edilməyən hissəsi olan kirayə haqqının tələbkara ödənilməsi tələbi borclu "xxxx" MMC-nin rəhbəri Şəxs tələb olunsa da, kirayə haqqının tam ödənilməməsi tərəflərindən müəyyən edilmişdir. Borcludan dəfələrlə kirayə haqqının ödənilməsi tələb olunsa da, tələbi təmin etməmişdir. Bununla da borclu "xxxx" MMC-nin rəhbəri Şəxs icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X7 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, icra sənədinin icrası ilə əlaqədar olaraq tələbkar X2 ümumilikdə 7800 manat ödəniş həyata keçirilmişdir. Bundan başqa tələbkara faktiki olaraq 2 (iki) otaqlı tam təmirli mənzil təqdim edilmiş, tələbkar isə buna etiraz edərək həmin evi qəbul etməmişdir. Bu səbəbdən də barəsində inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən vəkil X5 "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2954/2021 nömrəli, xx.xx.2021ci il tarixli icra vərəqəsindən görünür ki Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 2458-ci məhəllədə inşa edilən binadan 2 otaqlı yeni təmirli mənzilin X1 istifadəsinə verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə vəzifə kimi qoyulması, "xxxx" MMC tərəfindən X1 istifadəsinə mənzil təhvil verilənədək ödənilməyən aylıq kirayə haqqının verilməsinin "xxxx" MMC-nə həvalə edilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2021-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu "xxxx" MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və "xxxx" MMC Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2954/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Mpay ödəniş sisteminə məxsus qəbzdən görünür ki, X1 hesabına xx.xx.2023-cü il tarixdə 600 manat, xx.xx.2023-cü il tarixdə 300 manat ödəniş həyata keçirilmişdir. "xxxx" ASC-ə məxsus xx.xx.2019-xx.xx.2023-cü illəri əhatə edən cari hesabdan çıxarışdan görünür ki, müxtəlif vaxtlarda X1 hesabına ümumilikdə 13.254 manat ödəniş həyata keçirilmişdir. “Bank VTB (Azərbaycan)” ASC-ə məxsus xx.xx.2016-xx.xx.2019-cu illəri əhatə edən cari hesabdan çıxarışdan görünür ki, müxtəlif vaxtlarda X1 hesabına ödənişlər həyata keçirilmişdir. “Bank VTB (Azərbaycan)” ASC-ə məxsus xx.xx.2018-xx.xx.2019-cu illəri əhatə edən cari hesabdan çıxarışdan görünür ki, müxtəlif vaxtlarda X1 hesabına ödənişlər həyata keçirilmişdir. “Bank VTB (Azərbaycan)” ASC-ə məxsus xx.xx.2016-xx.xx.2010-cu illəri əhatə edən cari hesabdan çıxarışdan görünür ki, müxtəlif vaxtlarda X1 ödənişlər həyata keçirilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Aktın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzildə icra hərəkətləri keçirilərək borclu "xxxx" MMC tərəfindən tələbkara faktiki olaraq 2 (iki) otaqlı tam təmirli mənzil təqdim edilmiş, tələbkar isə buna etiraz edərək həmin evi qəbul etməmişdir. İcra məmuru icra yerində evin faktiki olaraq iki otaqlı olduğundan tələbkara təklif etsə də, tələbkar imtina etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxs inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzürsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2954/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar