Məhkəmə qərarları › İş №3(005)-3795/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3795/2022

13.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3795/2022 13.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası DİN Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində idarə etdiyi **-SU-*** dövlət nişanlı “Kia Picanto” markalı avtomobili ilə Atatürk prospekti ilə hərəkət edərkən və bütün manevr qaydalarına riayət edərkən avtoyuma xidmətinə dönürdüm. Həmin gün asanpay kabineti vasitəsi ilə İXM-nin 327.1 maddəsi ilə (40azn) cərimələnmə barəsində məlumat aldım. Məlum oldu ki dönərkən avtobus zolağına daxil olmuşdu. Həmin avtoyuma yolun qırağında olduğu üçün və girişi yalnız yolun qırağında olduğu üçün avtobus zolağına daxil olmadan ora avtomobil ilə daxil olmaq mümkün deyil. Maddənin mənasından başa düşmək olar ki, dönərkən icazə verilmiş yerlərdən (qırıq-qırıq xətt) avtobus zolağına daxil olmaq olar. xx.xx.2022 tarixində yazılı şəkildə DYP idarəsinə müraciət etsə də heç bir cavab ala bilməmiş və xx.xx.2022 tarixində araşdırmalar üçün BDYP idarəsinə baş çəkmişdir. Orada inzibati işlər üzrə inspektor gətirdiyi dəlillərlə razılaşmayıb ona məhkəməyə müraciət etmək üçün qərar təqdim etmişdir. xx.xx.2022-ci il tarixində EQ ******* saylı qərarın ləğv olunması və işə xitam verilməsi ilə bağlı Nərimanov rayon məhkəməsinə müraciət etmiş və 3(005)-1452/2022 saylı xx.xx.2022-ci il tarixli qərara əsasən şikayəti qismən təmin edilmişdi, EQ ******* saylı qərar ləğv olunmuşdu və işə yenidən baxılması BDYP İdarəsinə tapşırılmışdı. Lakin DYP məni araşdırmalara dəvət etmədən öz qərarını yenidən qüvvədə saxladı. Bu səbəbdən məcbur olaraq yenidən məhkəməyə müraciət etmiş 3(005)-2560/2022 saylı qərarla iş yenidən DYP idarəsinə qaytarılmışdır. Bu dəfə isə onu dəvət etdilər, lakin işin mahiyyətinə aid olmayan səbəblərlə öz qərarını yenidən qüvvədə saxladılar və yeni qərarın qüvvəyə minməsi ilə bağlı xx.xx.2022 tarixdə yaşadığı ünvanda məktub vasitəsi ilə xəbərdar olmuşdur. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası DİN Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 (qırx) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)-1452/2022 nömrəli qərardan görünür ki, X2 şikayətinin qismən təmin edilməsi, Azərbaycan Respublikası DİN Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və işə yenidən baxılmasının Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinə tapşırılması qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)-2560/2022 nömrəli qərardan görünür ki, şikayətin qismən təmin edilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işə yenidən baxılmasının Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinə tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Məhkəmə qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)- 1452/2022 saylı, xx.xx.2022-ci il tarixli və 3(005)-2560/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarları ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş müvafiq olaraq xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilib araşdırılması üçün vəzifəli şəxsə qaytarılsa da, həmin qərarda qeyd olunan hallar müvafiq inzibati orqan tərəfindən araşdırılmamış, xx.xx.2022-ci il tarixdə hər hansı sübuta istinad edilmədən yenidən formal olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Buna görə də məhkəmə prosessual qənaət prinsipini əsas tutaraq hesab edir ki, mübahisələndirilən qərarın yenidən məhkəmə tərəfindən ləğv edilməsi və araşdırılması üçün inzibati orqana (vəzifəli şəxsə) göndərilməsi nəticəsiz olacaqdır. Həmçinin, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Azərbaycan Respublikası DİN Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası DİN Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar