Məhkəmə qərarları › İş №3(005)-3798/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3798/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3798/2024 10.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Şikayətçi- X1 iştirakı ilə, X1 AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 23482051 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv olunmasına dair şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 23482051 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 barəsində DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23482051 nömrəli inzibati tənbeh vermə haqqında qərardan narazıdır. Belə ki, həmin qərarda idarə etdiyi **-MR-*** qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd olunmuşdur. Lakin qeyd edilən inzibati xəta onun tərəfindən törədilməmişdir. Belə ki, inzibati xətanın qeydə alındığı küçədə hərəkət üçün bir istiqamətdə cəmi bir zolaq vardır. İXM-nin qeyd edilən maddəsində isə göstərilmişdir ki, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması inzibati xəta tərkibi yaradır. Göstərilən maddənin məzmunundan göründüyü kimi, nəqliyyat vasitəsinin ikinci və ya sonrakı cərgələrdə dayanması və durması həmin maddənin tərkib əlamətini ehtiva edir. İdarə etdiyi **-MR-*** qeydiyyat nişanlı avtomobilin qeydə alınmış fotoşəkillərindən də göründüyü kimi avtomobil bir hərəkət istiqaməti üzrə ayrılmış zolağın sağ kənarında dayanmışdır. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası qanununun 52-ci maddəsinin 1-ci bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Həmin qanunun 1-ci maddəsinin 7-ci bəndinə əsasən isə yolun hərəkət hissəsi - yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir. Qeydə alınmış görüntülərdən də göründüyü kimi, avtomobilimi yolda olan 1.4 üfüqi nişanlanma xəttinin sərhədində saxlamışam. Sözügdən qanununun 69-cu maddəsinin 4- cü bəndinə əsasən 1.4 üfüqi nişanlanma xətti — 3.27 nişanı ilə birlikdə tətbiq edildikdə dayanma qadağan olunan yerləri bildirir və hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir. Qeyd edilən maddələrin məzmununa əsasən nəzərə alınmalıdır ki, idarə etdiyim ** MR *** qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsinin sağ kənarında dayanmışdır. Yəni qeyd edilən əməldə İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin küçədə dayanma və durma üçün başqa hər hansı qadağa göstərilməmişdir. X1 barəsində AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 23482051 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X2 şikayətini müdafiə edərək bildirdi ki, AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 23482051 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur və həmin qərarın ləğv olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 23482051 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X2 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 80 (səksən) manat miqdarında cərimə edilmişdir. Qərarın məzmunudan görünür ki, sürücü X2 xx.xx.2024-cü il tarixdə saat 09:16-da Bakı, Ceyhunbəy Hacıbəyli, 45 d ünvanında “CHANGAN UNİ-V PLUGİN HİBRİD” minik markalı, **-MR- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-in 346.4-cü maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 23482051 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, işə yenidən baxılması AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X2 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir.. Məhkəmə qeyd edir ki, inzibati xətanın mövcudluğu ilə razılaşmayan X1 barəsində tərtib edilən inzibati xəta haqqında protokola baxılarkən onun iştirakı təmin edilməmiş, araşdırma düzgün aparılmamış və barəsində inzibati qaydada cərimə olunmasına dair qərar qəbul edilmiş, həmçinin hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, halbuki sübutetmə yükü məhz onun üzərinə düşür (İXM-8.2). İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X2 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X2 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 23482051 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, X2 barəsində işə yenidən baxılması AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 İXM-in 346.4-cü maddəsi ilə cərimə olunmasına dair AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 23482051 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və işə yenidən baxılması AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar