Məhkəmə qərarları › İş №3(005)-384/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-384/2022

17.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-384/2022 17.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş X2 iştirakı ilə, X2 Bakı Metropolitenində Polis Şöbəsi tərəfindən qəbul edilmiş 04.02.2022-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Metropolitenində Polis Şöbəsi tərəfindən qəbul edilmiş 04.02.2022-ci il tarixli, EPQ ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 şikayət ərizəsində və məhkəməyə verdiyi izahatında göstərmişdir ki, 04 fevral 2022ci il tarixində Nərimanov rayonu ərazisində barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Qeyd edir ki, ilk növbədə barəsində tərtib olunan inzibati xəta haqqında protokol polis əməkdaşı tərəfindən rəsmi qaydada ona təqdim edilməmişdir. Protokolun tərtib olunma səbəbi isə hələ də bir vətəndaş olaraq ona bəlli deyil. Qeyd edilən maddənin tələblərinə baxdıqda isə tərəfindən həmin maddənin tələblərinə dair heç bir hüquq pozuntusu törədilməmişdir. Qeyd edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan isə elektron kabinet vasitəsi ilə məlumat əldə etmişdir. Bundan əlavə inzibati xəta haqqında protokol 03.02.2022-ci il tarixində tərtib edilmiş və elə səhəri gün, yəni 04.02.2022-ci il tarixdə barəsində həmin protokol əsasında 04.02.2022-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Polis əməkdaşı tərəfindən araşdırma aparılmadan protokol tərtib edildikdən dərhal bir gün sonra inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, Bakı Metropolitenində Polis Şöbəsi tərəfindən barəsində inzibati cərimə tətbiq olunması haqqında 04.02.2022-ci il tarixli, EPQ ******* nömrəli qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Metropolitenində Polis Şöbəsi tərəfindən qəbul edilmiş 04.02.2022-ci il tarixli, EPQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X1 Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilmişdir. Qeyd olunmalıdır ki, qərarda ümumiyyətlə şəxsin törətməsi ehtimal edilən hadisə, inzibati xətanın mahiyyəti göstərilməmişdir, şəxsin hansı əməlinin İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinin tərkibini yaratdığı, əməlin tövsifi göstərilməmiş, yalnız vətəndaş X2 tərəfindən karantin rejimi qaydalarının pozulduğu göstərilmişdir. Həmçinin qərarda sadəcə İnzibati Xətalar Məcəlləsinin həmin maddəsinin yalnız nömrəsi göstərilməklə, həmin maddənin tələblərinin pozulduğu göstərilmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 115.1.4-cü maddəsinə əsasən işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında iş üzrə qərarda göstərilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsinin məcburiliyi Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.11.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir. Hazırki iş üzrə isə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X4 həm çıxışında, həm də ki, şikayət ərizəsində barəsində protokol tərtib edilmənin əsası kimi sonuncunun qoruyucu tibbi maska taxmaması səbəbindən baş verdiyini qeyd etmişdir. Tərtib edilmiş protokolda isə şəxsin hansı əməlinin inzibati məsuliyyətinə cəlb edilməsinə əsas yaratdığına, başqa sözlə desək 211.3-cü maddəsinin tərkibini yaradan əməlin tövsifi göstərilməmişdir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən törədilməsi ehtimal edilən inzibati xətanın mahiyyəti açıqlanmamış, iş üçün əhəmiyyət kəsb edən hallar araşdırılmamışdır. İnzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati xəta haqqında qərarda işin baxılma yeri, hərhansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X2 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması əməli inzibati xəta kimi müəyyən edilmişdir. Həmin əmələ görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 211.2-ci maddəsinə görə epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 211.3-cü maddəsinə görə Bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi İXM-nin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. Qərarı barəsində şikayət verilən səlahiyyətli vəzifəli şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirak etməyərək hər hansı sübut təqdim etməməsi hazırki şikayətin dəlillərini ətraflı və düzgün araşdırılmasını mümkünsüz edir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxsin) İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X2 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X2 Azərbaycan Respublikası İXM-in 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının qanunla müəyyən olunmuş qaydada müəyyən edilməsi mümkün olmadığı üçün o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Bakı Metropolitenində Polis Şöbəsi tərəfindən qəbul edilmiş 04.02.2022-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və işə yenidən baxılması Bakı şəhəri Bakı Metropolitenində Polis Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 İXM-in 211.3-cü maddəsi ilə cərimə olunmasına dair Bakı Metropolitenində Polis Şöbəsi tərəfindən qəbul edilmiş 04.02.2022-ci il tarixli, EPQ ******* nömrəli qərarı ləğv edilsin və işə yenidən baxılması Bakı şəhəri Bakı Metropolitenində Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar