Məhkəmə qərarları › İş №3(005)-3841/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3841/2024

24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3841/2024 24.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə Şikayətçi -X1 iştirakı ilə, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ/18639681 nömrəli, xx.xx.2023-cü tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş xx.xx.2023-cü tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət barədə X1 ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 22940027 nömrəli, xx.xx.2024-cü tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərarın ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şikayətçi X3 bildirmişdir ki, X1 mülkiyyətində olan Honda Pilot markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istəyərkən, Baş Dövlət Yol Polis İdarəsində bildirdilər ki, barəsində çoxlu elektron protokollar əsasında qəbul edilmiş qərarlar mövcuddur. Qeyd olunan qərarlardan məlumatı olmamışdır, xx.xx.2024-cü il tarixdə bu qərarlar barədə X2 şifahi məlumat verildikdən dərhal sonra, yəni növbəti gün xx.xx.2024-cü il tarixdə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarla bağlı qəbul edilmiş qərarların surətlərinin ona təqdim edilməsi ilə bağlı rəsmi olaraq ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə X2 cavab məktubu göstərilsə də, qoşma olaraq hər hansı qərar əlavə edilməmişdir. Bundan sonra neçə dəfə telefon əlaqəsi yaratdıqdan sonra xx.xx.2024-cü il tarixdə ona qərarların surətləri təqdim edilmişdir. Qərarların surətlərini aldıqdan sonra ona məlum olmuşdur ki, xx.xx.2023-cü tarixli EQ/18639681 saylı inzibati xəta haqqında elektron protokola əsasən, qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-1 və 332.3-cü maddələrinə əsasən 300 manat məbləğində cərimə olunmağı barədə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin mərkəzi informasiya sistemində məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixli, EQ/18639681 saylı inzibati haqqında elektron protokol əsasında elə həmin gün 300 manat məbləğində cərimə olunmuş və hazırda həmin cərimənin üstünə 180 manat məbləğində dəbbə hesablanaraq cəmi 480 manat olmuşdur. X3 AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ/18639681 nömrəli, xx.xx.2023-cü tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş xx.xx.2023-cü tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 142.2-ci maddəsinə əsasən işə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, ərizənin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ/18639681 nömrəli, xx.xx.2023-cü tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş xx.xx.2023-cü tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İş materiallarında olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ/18639681 nömrəli, xx.xx.2023-cü tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş xx.xx.2023-cü tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 339.1-1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş xətaların törədilməsinə görə vətəndaş X3 barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Qərarın məzmunudan görünür ki, sürücü X3 xx.xx.2023-cü il tarixdə saat 07:34-də Ə.Rəcəbli 11, F.Xoyski və ya Təbriz küçəsi istiqaməti ünvanında “Honda Pilot” minik markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 339.1-1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. İş materiallarında olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ/18646179 nömrəli, xx.xx.2023-cü tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş xx.xx.2023-cü tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 469.3 və 332.3-cü maddələrində nəzərdə tutulmuş xətaların törədilməsinə görə vətəndaş X3 barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Qərarın məzmunudan görünür ki, sürücü X3 xx.xx.2023-cü il tarixdə saat 07:34-də Ə.Rəcəbli 11, F.Xoyski və ya Təbriz küçəsi istiqaməti ünvanında “Honda Pilot” minik markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 469.3 və 332.3-cü maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə hesab edir ki, eyni hadisə ilə bağlı 2 müxtəlif protokol AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmişdir. Bu isə X1 qanunla qorunun hüquqlarını pozur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ/18639681 nömrəli, xx.xx.2023-cü tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş xx.xx.2023-cü tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 11, 40, 43, 48-52, 118 və 145 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 İXM-in 339.1-1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ/18639681 nömrəli, xx.xx.2023-cü tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş xx.xx.2023-cü tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar