Məhkəmə qərarları › İş №3(005)-3868/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3868/2022

09.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3868/2022 09.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X1, Müdafiəçi – Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Lənkəran rayonunun Mamusta kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş 09 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs müxtəlif şəxslərə kredit vermək vədi ilə hər birindən 100 manat pulu komissiya adı ilə ələ keçirmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında “Kapital Bank” kartından 100 manat pulu çıxarıb ələ keçirmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X4 protokola uyğun çıxış edərək bildirmişdir ki, Şəxs müxtəlif şəxslərə kredit vermək vədi ilə hər birindən 100 manat pulu komissiya adı ilə ələ keçirmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında “Kapital Bank” kartından 100 manat pulu çıxarıb ələ keçirmişdir. Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinə əsasən baş vermiş hadisəyə o zaman cinayət hüquqi qiymət verilir ki, zərərçəkmiş şəxsə 500 manat məbləğində ziyan dəymiş olsun. X3 Məcəlləsinin 227-ci maddəsinə əsasən talanmış əmlakın dəyəri 500 (beş yüz) manatdan yuxarı olmadıqda, bu xırda talama hesab edilir. Daha sonra törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirmişdir ki, hazırda fəhləlik ilə məşğul olur. Maddi durumu zəif olduğu üçün təxminən yeddi aydır ki, həmyerlisi və dostu Məmmədzadə Arif ilə instagram sosial şəbəkəsində səhifə açaraq vətəndaşları aldadıb pul vəsaitlərini ələ keçirmişlər. Belə ki, iş yeri olmayan və maddi durumu zəif olan vətəndaşların uzun sənədləşmə aparmadan kredit əldə etmə istəyi olur. Onlar isə həmin vəziyyətdən yararlanaraq həmin şəxsləri aldatmaq qərarına gəlmişlər. Bunun üçün sosial şəbəkədə umico_bank adlı səhifə yaratmışlar. Səhifədə tək şəxsiyyət vəsiqəsi ilə kredit vermək elanı adı altında fərqli elanlar yerləşdirmişlər. Arif Məmmədzadə isə həmin səhifənin izləyici sayını 61.000 nəfərə çatdırmışdır. Buna səbəb isə səhifənin daha güvənilir hissi yaratması idi. Aralarında olan razılığa əsasən səhifənin parolu ancaq onda və Arifdə olmalı imiş. Abdullayeva Fatimə, Şabanova Sevinc, Mürüdov Anar, Abdürəhmanova Elmira, Atakişiyeva Vəfanın şikayət ərizəsi ilə tanış olmuşdur. Qeyd edir ki, onlar kredit üçün onun və Arifin idarə etdiyi səhifəyə yazmışlar. Hazırki vaxtadək 200-250 vətəndaşı bu yol ilə aldadaraq pul vəsaitlərini ələ keçirib şəxsi ehtiyaclarına xərcləmişlər. Əməlindən peşmandır. Məhkəmə iclasında müdafiəçi X5 çıxış edərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlini etiraf etməsini nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 dekabr 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “İnzibati xəta törətmiş şəxsi tutma haqqında” 09 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 11:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə cinayət işinin rədd edilməsi haqqında qərarı və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 09 dekabr 2022-ci il tarixdə saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 02 (iki) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 09 dekabr 2022-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar