Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3893/2024 09.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurahmanlı Pınar Zakir qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1ci maddələri ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş 09 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixində Nərimanov rayonu, Təbriz 19 ünvanında saat 12:00 radələrində polisin qanuni tələbinə tabe olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş 09 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs müayinəsində narkotik vasitələrdən istifadə etməsi aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətalarla bağlı ayrı-ayrı inzibati materiallar 09 dekabr 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İXM-in 34.2-ci maddəsini rəhbər tutaraq, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə inspektoru X4 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, 09 dekabr 2024-cü il tarixdə saat 12:00 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları inzibati ərazidə xidmətə olan zaman, ünvan 3 ünvanında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə özünü şübhəli apardığı üçün şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsi bildirilmişdir. Lakin həmin şəxs sənəd təqdim etməkdən imtina edib, polisin qanuni tələbinə tabe olmamışdır. Belə olan halda həmin şəxsi saxlayıb, 18-ci PŞ-nə gətirmişdir. Şöbədə araşdırma zamanı onun Şəxs olduğu müəyyən edilmişdir. Sorğu zamanı Şəxs narkotik vasitə və psixotrop maddə istifadə etməsini etiraf etmişdir. Aparılan araşdırma zamanı Şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi müəyyən olunmuşdur. Araşdırma zamanı Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və bundan sonra Şəxs barəsində tədbir görülməsi üçün inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyib izahatında göstərmişdir ki, o heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Lakin həmin vaxt əsəbi olmuşdur. Buna görə də ətrafda səs-küy salmışdır. Səhvə yol vermişdir, əməlindən səmimi peşman olduğunu bildirib barəsində maddənin sanksiyası həddində yüngül tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 7714 nömrəli ekspert rəyindən görünür ki, Şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. “Cinayət işinin başlanılması rədd edilməsi haqqında” 09 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir və onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin Nərimanov RPİnin 18-ci PŞ-nə göndərilməsi qərara alınmışdır. “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 07 dekabr 2024-cü il tarixdə 14:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir; 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati protokolu tərtib etmiş şəxsin, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri həbs tətbiq olunmalı, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 07 dekabr 2024-cü il tarixdən saat 14:30-dan hesablanmalı, Şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə barəsində 02 ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 07 dekabr 2024-cü il tarixdən saat 14:30-dan hesablansın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X3 Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-3893/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3893/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver