Məhkəmə qərarları › İş №3(005)-3895/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3895/2025

21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3895/2025 21.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 233.1 və 234.0.2-ci maddələri üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 233.1 və 234.0.2-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı 2364651nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanının fəaliyyəti zamanı atmosferə atılan zərərli qaz qarışıqlarının miqdarının yol verilən norma həddindən artıq olması və qurğunun istismar qaydalarının pozulması aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib edilmiş 12 iyul 2025-ci il tarixli və 12 sentyabr 2025-ci il tarixli Aktlardan görünür ki, Şəxs MMC-yə məxsus obyektdə atmosferə atılan zərərli qaz qarışıqlarının miqdarının yol verilən norma həddindən artıq olması, yəni 8,5mq/m2 təşkil etmişdir (norma həddi- 5.0mq/m3). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin 02 sentyabr 2025-ci il tarixli Şəxs MMC-ə ünvanlanan məktubundan görünür ki, ünvan 1 ünvanının fəaliyyəti zamanı atmosferə atılan zərərli qaz qarışıqlarının miqdarının yol verilən norma həddindən artıq olması müəyyən edilmişdir. Beləliklə, müəyyən edilir ki, Şəxs MMC tərəfindən atmosferə atılan zərərli qaz qarışıqlarının miqdarı ilə əlaqədar olaraq tələb olunan normalar pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 234.0.2-ci maddəsinə əsasən atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə nəzarət etmək məqsədi ilə quraşdırılmış qurğulardan, avadanlıqdan və cihazlardan istismar qaydalarının pozulmasına; fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən İXM-nin 233.1 və 234.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə iclasında araşdırılan inzibati materialdan aydın olur ki, kologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi xx.xx.2025-ci il tarixdə Akt tərtib etmiş və aktdan aydın olur ki, ünvan 1 restoranında atmosfer havasının mühafizəsi ilə əlaqədar aparılmış monitorinq zamanı xüsusi cihazla ölçmə aparılmış və atmosferə atılan tullantıların ətraf mühüt üçün yol veriləndən artıq olduğu aşkar edilmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və sair nəzərə alaraq hesab edir ki, ona İXM-nin 233.1 və 234.0.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 maddəsinin sanksiyasının hədləri daxilində sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 43-cü, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 234.0.2ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 500 (on min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar