Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3897/2022 12.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Tovuz şəhəri, Bazanqanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 12 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13429/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə borclu Şəxs tərəfindən 115700 manat tələbkar X4 qərəzli olaraq ödənilməmişdir. Bununla da, barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, 12 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X2 protokola uyğun izahat verərək bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13429/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı üzrə icra vərəqəsi borclu Şəxs tərəfindən qərəzli olaraq icra edilmir. Belə ki, sözügedən sənədlə borclu Şəxs tələbkar X5 ödəməli olduğu 115700 manat müəyyən edilmiş pul tələbini üzürsüz səbəbdən icra etməmişdir. Buna görə də, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, tələbkardan ailəsinin müalicəsi üçün borc müqabilində pul istəmiş və daha sonra övladının müalicəsi üçün istifadə etmişdir. Daha sonra həyat yoldaşı xərçəng xəstəliyinə tutulmuş, onun müalicəsinə xərcləmişdir. Hazırda da özünün səhətində ciddi problemlər var, kirayədə yaşayır. Maddi imkanı olmadığından borcunu qaytara bilmədiyini qeyd etdi. Eyni zamanda ölkədən çıxışına məhdudiyyətlər olduğundan ölkədən kənarda işləməsi də mümkün olmur. Məhkəmə qərarının icrasından boyun qaçırmadığını bildirdi, lakin maddi çətinlik çəkdiyi üçün pulu ödəyə bilməmişdir. Yekun olaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13429/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı üzrə icra vərəqəsindən görünür ki, Şəxs tərəfindən 115700 manat məbləğində pul məbləğinin iddiaçı X5 verilməsi nəzərdə tutulmuşdur. “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13429/2019 saylı, xx.xx.2019-cu tarixli icra vərəqəsinə əsasən Şəxs 115700 manat məbləğində pul vəsaiti tələbkar X3 xeyrinə ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli, bildiriş məktubundan görünür ki, cavabdeh Şəxs könüllü şəkildə icra sənədinin icra etməsi tələb olunmuşdur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 4-cü maddəsinə əsasən, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcunu ödəməmişdir. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-3897/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3897/2022
12.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver