Məhkəmə qərarları › İş №3(005)-3900/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3900/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3900/2024 19.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Tuqay Mehdiyevin 02 dekabr 2024-cü il tarixli qərarından və 08 dekabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə təxminən saat 15:39 radələrində etibarnamə ilə idarə etdiyi Mercedes markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi ilə hərəkət edib sağa Təbriz küçəsinə dönüb dayanıb və avtomobilinin sol qabaq sürücü tərəf qapısını açdığında solunda hərəkət edən moped qapısına dəyməsi nəticəsində X2 yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Araşdırma zamanı izahatı alınmış vətəndaş Şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 15:39 radələrində etibarnamə ilə idarə etdiyim Mercedes markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi ilə hərəkət edib sağa Təbriz küçəsinə dönüb köşkdən su almaq üçün dayanıb və avtomobilinin sol qabaq sürücü tərəf qapısını açdığında solunda hərəkət edən moped qapısına dəydiyini bildirmişdir. Bundan sonra Nərimanov RPİ-də aparılaş araşdırmada iştirak etmişdir. O, verilən suallara cavab olaraq hadisə baş verən zaman spirtli içkili olmadığını və hadisə baş verən zaman avtomobilini saxladığı üçün sürəti olmadığını bildirmişdir. Təhqiqat araşdırması zamanı vətəndaş X4 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 15:39 radələrində idarə etdiyi Tufan C50S Limitet markalı mopedi ilə Nərimanov rayonu, Təbriz küçəsi ilə Əhmədbəy Ağaoğlu küçəsinin kəsişməsində işıqforun qırmızı işığında dayanmış və işıqforun yaşıl işığı yandığında hərəkətə başlayıb və yolun sağında dayanmış Mercedes markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü anidən öz qapısını açdığında onun idarə etdiyi mopedə dəydiyində yerə yıxıldığını və sonradan sol tərəfdə hərəkətdə olan Mercedes markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobildə onun mopedinə dəydiyini bildirmişdir. Bundan sonra ayağa qaldıxda Mercedes markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobildə onun solunda olan Ford markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ hissəsinə dəymişdir. Bundan sonra Nərimanov RPİ-də aparılaş araşdırmada iştirak etmişdir. O, verilən suallara cavab olaraq hadisə baş verən zaman spirtli içkili olmadığını və hadisə baş verən zaman sürətinin 10-15 km/saat olduğunu, Mercedes markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil ona dəyməmiş, lakin onun mopedinə dəydiyini və xəsarəti olduğu üçün MTE-dan keçmək istədiyini bildirmişdir. Araşdırma zamanı vətəndaş X5 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 15:39 radələrində etibarnamə ilə idarə etdiyi Mercedes markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Nərimanov rayonu, Təbriz küçəsi ilə Əhmədbəy Ağaoğlu küçəsinin kəsişməsində işıqforun qırmızı işığında dayanmışdır və sağında biraz irəlidə moped dayanmışdır və işıqforun yaşıl işığı yandığında hərəkətə başlayıblar və yolun sağında dayanmış Mercedes markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü öz qapısını açdığında mopedə dəydiyini görüb və o da ona dəyməmək üçün əyləcdən istifadə edərək sola çəkdiyində solunda hərəkətdə olan Ford markalı **- EX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyib dayanıb və sonra moped onun avtomobilinə dəymişdir. Bundan sonra Nərimanov RPİ-də aparılaş araşdırmada iştirak etmişdir. O, verilən suallara cavab olaraq hadisə baş verən zaman spirtli içkili olmadığını və hadisə baş verən zaman sürətinin 25 km/saat olduğunu bildirmişdir. Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi, polis mayoru Ərşad Məmmədov tərəfindən tərtib edilmiş 1-HK №-1244/102-0713/ nömrəli, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:52-də DYPŞ-nin 8267 çağırışlı hadisə üzrə inspektoru verdiyi məlumatda, Nərimanov rayonu, Təbriz küçəsində baş vermiş YNH-si zamanı mopedin sürücüsünün xəsarət aldığını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/62371 saylı xx.xx.2024-cü il tarixli tibbi müayinə protokoldan görünür ki, vətəndaş Şəxs alkoqol sərxoşluğunun dərəcəsi “Ayıq” olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 1362 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, vətəndaş X1 aşkar edilmiş xəsarətlər-ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan, sol diz oynağının yumuşaq toxumalarının şişkinlik halında əzilməsi-sıyrıqları, boyunun ön səthinin sağ yarısının sıyrıqları, sağ mil bilək oynağının bayır səthinin qançırı-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa “YÜNGÜL” zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs İXM-in 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmamışdır. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar