Məhkəmə qərarları › İş №3(005)-3920/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3920/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3920/2025 23.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Naxçıvan şəhərində anadan olmuş, subay, ali təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən daxil olmuş 22 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixində və həmin tarixədək Bakı şəhəri, Nərimanov rayonu ərazisində Şəxs qanunsuz qumar oyunları barədə sosial şəbəkələrdə paylaşımlar həyata keçirmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, təxminən 2023-cü ildən “İnstagram” sosial şəbəkəsində “salehh.tv” adlı səhifəni işlədir. Səhifədə yumor xarakterli videolar və fərqli-fərqli məzmunlu yazılar paylaşılmış, heç bir işçisi olmamışdır. Səhifə yalnız özü tərəfindən idarə olunmuşdurPaylaşımlar birbaşa özü tərəfindən @salehh.tv adlı səhifədə edilir. Həmin səhifədə 33000-ə yaxın izləyici vardır. Gəlirini həmin ona məxsus səhifədə reklam xarakterli paylaşımlar edərək əldə edir. Əsasən mağaza səhifələrinin, bəzən də qanunsuz qumar və mərc səhifələrini pul vəsaiti qarşılığında reklam edərək gəlir əldə edir. Aylıq qazancı təxmini 300-400 manat məbləğdə olur. Müştərilər pul vəsaitlərini ona məxsus "xxxx" ASC-yə aid 5239 1517 0428 7880 nömrəli, adını və nömrəsini indi xatırlamadığını bank hesabına köçürürlər. Adətən müştərilər pul vəsaitlərini onun hesabına reklam etməzdən əvvəl köçürürdülər, bəzən isə reklam etdiyi ayın sonunda pul vəsaitlərini köçürürdülər. Sonuncu dəfə 2025-ci ilin təxminən mart-aprel aylarında “Telegram” tətbiqində “Beny” profil adlı səhifə onun “salehh.tv” adlı səhifəsinə mesaj yazaraq “1xbet” qumar və mərc səhifəsini “İnstagram” sosial şəbəkə platformasında ona məxsus “@salehh.tv” adlı səhifəsində paylaşılan videopaylaşılmlarda reklam etməyini bildirdi. Razılığa əsasən o, “İnstagram” sosial şəbəkəsində özünə məxsus @salehh.tv adlı səhifəsində etdiyi videopaylaşımlarda “1xbet” onlayn qumar və mərc saytını reklam etməli, qarşılığında isə aylıq təxminən 355 manat məbləğ ona ödəniş olunmalı idi. O da həmin şəxslə razılaşmış, ödəniş ona məxsus bank kartı vasitəsilə olunmuşdur. Belə ki, o özünə məxsus "xxxx" ASC-yə aid 5239 1517 0428 7880 nömrəli bank hesabını və “İnstagram” sosial şəbəkəsindəki “salehh.tv” adlı səhifənin linkini “Telegram”da “Beny” profil adlı səhifəyə göndərmişdir. Daha sonra etdiyi paylaşımlarda “1xbet” reklamları da yerləşdirilmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə eyni cür paylaşım etmiş və həmin gün saat 17:04-də 355,25 manat pul vəsaiti onun göndərdiyi bank hesabına köçürüldü. Məhkəmənin suallarına cavab olaraq, hazırda tələbə olduğunu, özünün Nizami rayonu ərazisində yaşamasına baxmayaraq, sözügedən paylaşımları hansı rayonun ərazisində etdiyini xatırlamadığını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışı tədqiq olunmuş: 22 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində və həmin tarixədək Bakı şəhəri, Nərimanov rayonu ərazisində Şəxs qanunsuz qumar oyunları barədə sosial şəbəkələrdə paylaşımlar həyata keçirmişdir. xx.xx.2025-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs, 22 sentyabr 2025-cü il tarixdə, saat 11:45-də inzibati qaydada tutulmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 22 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın Şəxs barəsində İXM-nin 388-1.1.1-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə göndərilməsi qərara alınmışdır. “İnstagram” sosial şəbəkə platformasından edilmiş ekran çıxarışlarından görünür ki, “Salehh.tv” adlı istifadəçi paylaşımlarında müxtəlif vaxtlarda “1xbet” online mərc saytının reklamlarını istifadə etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə Maddə 388-1. İnternet informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması 388-1.1-ci maddəsinə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni: 388-1.1.1. informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikası Qanunu”nun: 13-2.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini, o cümlədən dövlət dili normalarına riayət edilməsini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. 13-2.3-cü maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar; zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar; dövlət sirri təşkil edən məlumatlar; odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və ya üsulları barədə məlumatlar; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar; pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar; qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar; intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar; “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq yaş kateqoriyasına uyğun işarələnməmiş kino, televiziya və videofilmlər, o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar (“Universal” yaş kateqoriyasına aid olanlar istisna olmaqla); təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar; əqli mülkiyyət hüquqlarını pozan məlumatlar; insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar; Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. 22 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli protokolda Şəxs xx.xx.2025-ci il tarixinədək olan dövrdə sosial şəbəkələrdə qanunsuz qumar oyunları barədə paylaşımlar etdiyi qeyd olunmuşdur. Bu sənəd prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyindən mötəbər sübut kimi qiymətləndirilir. Şəxs məhkəmə iclasında öz təqsirini tam etiraf edərək, “İnstagram” sosial şəbəkəsində idarə etdiyi “@salehh.tv” səhifəsində maddi gəlir əldə etmək məqsədilə, pul vəsaiti qarşılığında “1xbet” onlayn qumar və mərc saytının reklam xarakterli paylaşımlarını etdiyini bildirmişdir. O, bu fəaliyyət nəticəsində aylıq 300- 400 manat gəlir əldə etdiyini və sonuncu ödənişin xx.xx.2025-ci il tarixində 355,25 manat məbləğində ona məxsus bank hesabına köçürüldüyünü təsdiq etmişdir. Məhkəmə, şəxsin səmimi etirafını işdə olan digər sübutlarla (bank çıxarışı, ekran görüntüləri) tam uyğunluq təşkil etdiyindən, onu etibarlı və mötəbər sübut kimi qəbul edir. “İnstagram” sosial şəbəkəsindən çıxarılmış ekran görüntüləri Şəxs idarə etdiyi “@salehh.tv” səhifəsində “1xbet” mərc saytının reklamlarının müxtəlif vaxtlarda yerləşdirildiyini vizual olaraq təsdiq edir. Şəxs əməli İXM-nin 388-1.1.1-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunur. Belə ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13- 2.3-cü maddəsi ilə qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatların yayılması imperativ qaydada qadağan edilmişdir. Şəxs isə özünə məxsus informasiya ehtiyatından “@salehh.tv” adlı “İnstagram” səhifəsindən istifadə edərək məhz bu qəbildən olan informasiyanı yaymışdır. Əməlin subyektiv cəhəti, yəni təqsirin forması birbaşa qəsd ilə xarakterizə olunur. Belə ki, Şəxs öz əməlinin hüquqazidd xarakterini tam dərk etmiş, onun ictimai təhlükəliliyini anlamış və məhz maddi maraq müqabilində bu addımı ataraq arzuolunmaz nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdir. Məhkəmə aidiyyət məsələsini müzakirə edərkən nəzərə alır ki, inzibati xəta haqqında protokolda xətanın Nərimanov rayonu ərazisində törədildiyi göstərilsə də, barəsində icraat aparılan şəxs Şəxs paylaşımları hansı rayonun ərazisindən etdiyini xatırlamadığını bildirmişdir. İnternet informasiya ehtiyatında törədilən xətaların xarakteri onların konkret coğrafi məkanla birbaşa bağlılığını istisna edə bilər. İXM-də bu cür rəqəmsal məkanda törədilən xətaların aidiyyəti ilə bağlı birbaşa tənzimləyici norma mövcud deyil. Bu halda məhkəmə, hüquqi boşluğu aradan qaldırmaq üçün qanunun analogiyası prinsipini tətbiq etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 74.4-cü maddəsinə əsasən, cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Məhkəmə hesab edir ki, bu norma inzibati xəta icraatına da şamil edilə bilər. Belə ki, inzibati xəta haqqında materiallar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən toplanaraq məhkəməyə təqdim edilmişdir. Materialların bu məhkəməyə göndərilməsi faktı nəzərə alınaraq, işin Nərimanov Rayon Məhkəməsinin icraatına aid olması qənaətinə gəlinir. İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə inzibati tənbeh növünü və həddini müəyyən edərkən xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, onun əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində icraat aparılan şəxsin səmimi peşmançılığı və əməlini etiraf etməsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, ali təhsil tələbəsi olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır və məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə, cəza təyininin fərdiləşdirilməsi və proporsionallıq prinsiplərini, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tələblərini rəhbər tutaraq, yuxarıda qeyd olunan çoxsaylı yüngülləşdirici hallar və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 388-1.1.1-ci maddəsinin sanksiyasında cərimə tətbiq edilməsini ədalətli və məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar