Məhkəmə qərarları › İş №3(005)-3928/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3928/2022

26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3928/2022 26.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1966-cı il tarixdə Naxçıvan MR-də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Rza-zadə Nadir Zaur oğlunun 29 noyabr 2022-ci il tarixli qərarından və 12.12 2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2022-ci il tarixdə saat 18.35 radələrində idarə etdiyi Kia Sportace markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə Nərimanov rayonu Atatürk prospekti ilə Məmməd Araz küçəsinin kəsişməsində piyada keçidinə daxil olmuş X3 yol verməyərək ehtiyatsızlıq edib sonuncunu vuraraq ona yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahat verərək, bildirmişdir ki, Şəxs şikayətçidir. Ona həm bədən xasarəti yetirilmiş, həm də hadisə zamanı mobil telefonuna zərər dəymişdir. Şəxs tərəfindən ona maddi zərərin aradan qaldırılması ilə bağlı heç bir təklif edilməmişdir. Bu səbəbdən barəsində inzibati tənbeh tədbiri seçilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş AC 383750 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs B kateqoriyalı sürücüdür; Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KİA Sportage” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Şəxsdur; Araşdırma müddətində izahatı alınmış Vət.Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18.35 radələrində o idarə etdiyi Kia Sportace markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə Nərimanov rayonu Atatürk prospekti ilə Məmməd Araz küçəsinin kəsişməsində svetaforunda yaşıl işığı keçib sağ tərəflə saatda 5-7 km/saat sürəti ilə hərəkət edərkən yolun sağ tərəfindən sol tərəfinə doğru svetaforun qırmızı işığında keçən piyada avtomaşının sağ yan tərəfinə sürtünmüşdür. O avtomobildən düşərək piyadaya iradını bildirib niyə svetaforun qırmızı işığında keçməsini demişdir. Piyada isə ona fikirli olduğunu demişdir.Bu zaman o piyadandan hər hansı bir narahatçılığı olub olmamasını soruşduqda sonuncu heç bir narahatçılığı olmadığını bildirmişdir.Onu lazım olan ünvana çatdırmasını dedikdə piyada qadın təşəkkürünü bildirərək qırmızı işıqda keçdiyinə görə ondaqn üzr istəmişdir.Bundan sonra onlar ayrıomışlar, həmin gün axşam piyada qadına zəng edib narahtçılığı olub olmamasını soruşmuş, sonuncu yenə heç bir narahatçılığı olmadığını demişdir. xx.xx.2022-ci il tarixdən 2 gün sonra piyadanın bacısı ona zəng edərək piyada məxsus mobil telefonu xarab olduğunu demişdir. O da həmin şəxsə telefonu necə xarab olubsa bacısının telefonu ilə danışdığını demişdir.Bundan sonra piyadanın bacısı telefonu söndürmüşdür.Bundan sonra ona məlum olmuşdur ki, qarşı tərəf ondan DİN 102 xidmətinə şikayət etmişdir.Piyada svetaforun qırmızı işığında keçəndə idarə etdiyi avtomobilin sağ yan qanadına sürtünmüşdür.Həmin vaxt avtomobilində 2 nəfər şəxslər olmuşlar. Həmin şəxslər onları qabaqda düşürmələrini xahiş etmişlər.O həmin şəxsləri tanımır.Onların heç birinin əlaqə nömrəsi onda yoxdur. Araşdırma müddətində izahatı alınmış zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində o Nərimanov rayonu Atatürk prospekti ilə M.Araz küçəsinin kəsişməsində Atatürk prospekti tərəfdən piyada zolağın üzəri ilə əks tərəfə «Metter Care» dükanı tərəfə keçəndə sol tərəfə baxdıqda tünd rəngli avtomaşın Atatürk prospektində dönüb M.Araz küçəsinə doğru üzərinə hərəkət etdiyini görmüş və elə zənn etmişdir ki, maşın saxlayacaq, lakin avtomaşın ön tərəfi ilə sol yan tərəfindən vurmuşdur.O nəticədə sağ tərəfi üstə yerə yıxılmış, tanımadığı insanlar ona köməklik edib səkidə əyləşdirmişlər. Onu vuran avtomaşının sürücüsü ona yaxınlaşıb onu xəstəxanaya aparmasını təklif etmişdir.Lakin onunla razılaşmamış və oğluna zəng etmişdir.Sonra sürücü ona zəng edib onu xəstəxanaya aparmasını deyəndə sonuncu onu narahat etməməsini deyib dəstəyi asmışdır.Hadisə zamanı əlində olan Samsunq A20 markalı mobil telefonu yerə düşdüyündən telefonunda nasazlıq yaranmışdır.O hadisə zamanı yolu adi yerişlə keçmiş, heç bir tibb müəssisəsinə müraciət etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 1171 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ sağrının geniş sahəli şişkin fonda qançırlı hematoması, sol baldırın qançırı, sağ topuğun bayır səthinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 29 noyabr 2022-ci il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ vasitəsilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin RM-1871 nömrəli rədd materialında olan izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar