Məhkəmə qərarları › İş №3(005)-393/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-393/2021

18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-393/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1, Qərarı barəsində şikayət verilmiş Bakı Şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin polis sahə rəisi X2 iştirakları ilə, Bakı Şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsinə dair X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı Şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində övladları Məryəm, Seyyid Məhəmmədlə birlikdə gəzintiyə çıxmışdır. Digər dostları və onların uşaqları da onlara qoşulmuşdur. X7 küçəsində dönər almışlar və Bakı şəhərinin Nərimanov rayonunda yerləşən Dədə Qorqud parkına getmişlər. Təzəcə əyləşib istirahət edərək dönər yedikləri vaxtı ətrafda polis nəfərləri ilə dolmağa başlamışdır. Həmçinin ərazidə daxili qoşunların nümayəndələri də peyda olmuşdur. 6-7 ədəd PPX avtomobili yüksək sürətlə şığıyaraq parkın ərazisinə daxil olmuşdur. Övladları möhkəm qorxmuşdur. O və başqaları polis əməkdaşlarına yaxınlaşaraq bu həngamənin nə üçün təşkil olunduğunu araşdırmaq istədilər. Hətta orada olan mayor rütbəli zabitə yaxınlaşaraq parka övladları ilə istirahətə gəldiklərini bildirmişdir. Məqsədləri qidanı qəbul edib evlərinə getməkdir. O, digər dostları ilə birlikdə parkda olmaqlarının hər hansı bir maneəçilik yaradırsa, ərazini dərhal tərk edə biləcəklərini bildirmişlər. Lakin zabit qəti razı olmayıb, onu və qeyrilərini azyaşlı övladları ilə birlikdə bölməyə aparılmalarında israrlı olmuşlar. Onlar azyaşlı övladlarını parkda, süni göl kənarında qoya bilməyəcəklərini bildirmişlər. Buna cavab olaraq polis əməkdaşları, elə uşaqlar da onlarla polis maşınlarına mindirilib bölməyə aparılacağını bildirmişdir. Onlar şokda olduqlarını və bu cavaba nə deyəcəklərini bilməmişlər. Azyaşlı uşaqlar da çaşqınlıq içində idilər, ağlayan kim, atasının arxasında gizlənən kim. Valideyninə sual verən də var idi ki, “məgər parkda dönər yemək qadağandır?” Onları PPX avtomobillərinə mindirərək 18 nömrəli bölməyə aparmışlar. Uşaqlar da olmaqla, hamısını bölmənin daxilinə salıb basqı etməyə başladılar. Azyaşlı uşaqların hayqırtısı, qışqırığı bölməni bürümüşdür, lakin polis əməkdaşları buna əhəmiyyət verməyərək saxlanılan şəxslərlə kobud şəkildə danışmağa davam etmişlər. Sonradan məlum olmuşdur ki, şəxslərin əyninə geyindiyi köynəklərin üzərinə “Hüseyn sönməz bir çıraqdır” Azərbaycan dilində olan yazı olmuşdur. Ona sübut etmək istəyirdilər ki, onlar bu paltarı geyinməklə qanunları pozmuşlar. Onlar isə belə bir qadağanın olmadığını, varsa da onlara bir maddə və yaxud istinad gətirmələrini tələb etmişlər. Vəziyyət pik həddə çatmışdır. Polislərin arasında situasiyanı nisbətən dərk edənlər uşaqları bölmənin həyətinə çıxarmağı və valideynlərdən bir nəfərin onlara təhkim olunmasını təklif etmişdir. Bu isə bütün müddət ərzində onlar tərəfindən ən adekvat qərar olmuşdur. Bunu etdikdən sonra onları bölmənin divarına düzüb barələrində məlumatları toplamağa başlamışlar. Bundan sonra mülki geyimdə olan bir nəfər şəkillərini çəkməyə başlamışdır. Bunu edəndə onlar polis əməkdaşına yaxınlaşaraq qanunun tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan həmin foto və ya video çəkiliş, yaxud səsyazma materialları kütləvi informasiya vasitələrində yayımlana bilməz olmasını, KİV-də yayılmasının yolverilməz olduğunu bildirmişlər. Polis əməkdaşı isə, öz növbəsində, materialların yayımlanmayacağını, sadəcə rəisin tapşırığı olduğunu qeyd etmişlər. Bölmədə üç saata yaxın saxlanılmışlar. Sonra bölmədə barələrində ayrı-ayrılıqda protokol tərtib edilmiş, surətləri onlara təqdim edildikdən sonra buraxılmışlar. Qeyd edir ki, azyaşlı övladları ilə onların bölməyə aparılmalarına dair video görüntülər var. İnzibati xəta haqqında protokol İXM-nin 211-ci maddəsi ilə tərtib edilmiş və protokolda onun karantin qaydalarının pozması qeyd olunmuşdur. Lakin xətanın nədən ibarət olması göstərilməmişdir. O, 200 manat məbləğində cərimə edilmişdir. Onların icazəsi olmadan DİN-nin facebook səhifəsində qanunsuz olaraq onların fotoşəkilləri paylaşılmışdır. Göstərilənləri nəzərə alaraq, Bakı Şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini, Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, onun və həmçinin iki azyaşlı uşaqlarının xx xxxxxx 2020-ci il tarixdə Bakının Nərimanov rayonunda yerləşən “Dədə Qorqud” parkında tutulması və polis avtomaşınına mindirilərək 18-ci polis bölməsinə gətirilməsinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 verilmiş şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin polis sahə rəisi X4 izahatında bildirmişdir ki, vətəndaş Samir Aslanov xx.xx.2020-ci il tarixdə “Dədə Qorqud” parkında karantin rejiminin tələblərini pozmuşdur. Bu səbəbdən də Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin sahə inspektoru Ruslan İlyasov tərəfindən Samir Aslanovun Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokol, həmin protokol əsasında isə onun tərəfindən “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. Şikayət əsassız olduğundan rədd edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin sahə inspektoru Ruslan İlyasov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, görünür ki, X3 xx.xx.2020-ci il tarixdə “Dədə Qorqud” parkında karantin rejimi qaydasını pozmuşdur. Bu səbəbdən də X3 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 xx.xx.2020-ci il tarixdə karantin rejimi qaydasını pozduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində cərimə edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(005)- 2927/2020 saylı qərarından görünür ki, şikayətçi X1 Bakı Şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətin təmin edilməməsi, həmin qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(103)-205/2021 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2927/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qəraraalınmışdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X1 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X3 barəsində xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X3 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Bakı Şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. X3 barəsində Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar