Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3936/2025 07.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası X6 Bakı Şəhər Reklam İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin hüquq departamentinin rəhbəri X3 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikası X6 Bakı Şəhər Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası X6 Bakı Şəhər Reklam İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə 22 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası X6 Bakı Şəhər Reklam İdarəsindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Ziya Bünyadov prospekti ünvanında xx.xx.2025-ci il tarixdə, saat 11:07-də “Market” adlı obyektin qarşısında müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmə faktı aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası X6 Bakı Şəhər Reklam İdarəsinin nümayəndəsi X2 bildirmişdir ki, Şəxs MMC Bakı şəhəri, Ziya Bünyadov prospekti ünvanda olan “Market” adlı obyektdə müvafiq icazə və icazə müqaviləsi olmadan açıq məkanda reklam yayımını həyata keçirmişdir. Aşkar edilmiş faktla bağlı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol əsaslı olduğundan Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X5 bildirmişdir ki, X6 Bakı Şəhər Reklam İdarəsinin xx.xx.2025-ci il tarixli müvafiq göstərişi hüquqi şəxsə daxil olmamış və onlar göstərişdən məlumatsız olmuşlar. Hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra bu barədə məlumatlı olmuş və dərhal ödəniş edilmişdir. Eyni zamanda bu barədə səlahiyyətli orqan tərəfindən akt tərtib edilərkən də hüquqi şəxsdən heç bir nümayəndə iştirak etməmiş, market işlədən şəxslər də hüquqi şəxsə bu barədə heç bir məlumat verməmişdir. Reklam Agentliyinin qeyd olunan göstərişi hüquqi şəxsə daxil olmadığına görə məsələdən yalnız sonradan xəbərdar olunmuşdur. Səlahiyyətli orqanın təqdim etdiyi poçt qəbzinin surətindən görünür ki, məktub T.Nəcəfov adlı şəxs tərəfindən qəbul edilmişdir. Lakin hüquqi şəxsin belə bir şəxslə əlaqəsi yoxdur. Məsələdən yalnız hüquqi şəxs barəsində protokol tərtib edildikdən sonra məlumat olmuşdur. Ona görə də dərhal qanunla müəyyən edilmiş qaydada müvafiq icazənin alınması üçün müraciət edilmiş və ödəniş edilmişdir. Göstərilənləri nəzərə alaraq hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 22 sentyabr 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri, Ziya Bünyadov prospekti ünvanında xx.xx.2025-ci il tarixdə, saat 11:07-də “Market” adlı obyektin qarşısında müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmə faktı aşkar edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. xx.xx.2025-ci il tarixli “Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair Akt” dan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:57də Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ünvanında “Market” adlı obyektin üzərində müvafiq icazə olmadan 2 ədəd 1.57 m2 ölçüdə reklam daşıyıcısı aşkar edilmişdir. xx.xx.2025-ci il tarixdə, saat 11:07-də fotoşəkillərdən görünür ki, ”Market” adlı obyektin qarşısında Şəxsnə məxsus reklam yerləşdirilmişdir. Azərbaycan Respublikası X6 Bakı Şəhər Reklam İdarəsinin xx.xx.2025-ci il tarixli 11- 3-1/2-5285/2025 nömrəli göstərişindən görünür ki, Bakı şəhəri, Ziya Bünyadov prospekti ünvanında “COCA-COLA” məzmunlu reklamların “Market” adlı obyektin qarşısında “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq müvafiq icazə olmadan açıq məkanda yerləşdirildiyi aşkar edilmiş və bu barədə xx.xx.2025-ci il tarixli akt tərtib edilmişdir. Bu səbəbdən 5 gün ərzində müvafiq yayım haqqı məbləğinin ödənilməsi tələb edilməklə, əks halda Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə Şəxs MMC-yə xəbərdarlıq edilmişdir. “Açıq məkanda reklam yerləşdirilməsinə dair” xx.xx.2025-ci il tarixli, i**********2550 nömrəli icazə sənədindən görünür ki, Şəxsnə Azərbaycan Respublikası X6 Bakı Şəhəri Reklam İdarəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 106b ünvanında xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək reklam yerləşdirilməsinə icazəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet səhifəsindən əldə edilmiş çıxarışdan görünür ki, “Market” adlı obyektin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektidir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC barəsində Bakı şəhəri, Ziya Bünyadov prospekti ünvanında xx.xx.2025-ci il tarixdə “Market” adlı obyektin qarşısında müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmə faktına görə inzibati xəta haqqında protokol tərtib edildikdən sonra bu barədə hüquqi şəxsin məlumatı olmuş, xx.xx.2025-ci il tarixdə açıq məkanda reklam yerləşdirilməsi üçün icazə əldə edilərək müvafiq ödəniş edilmişdir. Göründüyü kimi hüquqi şəxsin Azərbaycan Respublikası X6 Bakı Şəhər Reklam İdarəsinin xx.xx.2025-ci il tarixli 11-3-1/2-5285/2025 nömrəli göstərişindən məlumatlı olması və bundan sonra da pozuntunu aradan qaldırmaması səlahiyyətli orqan tərəfindən sübuta yetirilə bilmədiyinə və bu barədə məhkəməyə hər hansı mötəbər dəlillər təqdim olunmadığına görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Reklam haqqında Azərbaycan Respublikası Qanununun: 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. 26.2-3-cü maddəsinə əsasən reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. 35.3-cü maddəsinə əsasən açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısına bu Qanunun 26.2-ci maddəsinə uyğun olaraq verilən icazədə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.9-cu bəndinə əsasən icazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi məbləğdə dövlət rüsumu müvafiq qurumun verdiyi bildiriş alındığı tarixdən 5 iş günü ərzində reklam yayıcısı tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq quruma təqdim olunur. Fərmanın 2.10-cu bəndinə əsasən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənədi reklam yayıcısı müvafiq quruma təqdim etdikdən sonra 2 iş günündən gec olmayaraq icazə reklam yayıcısına verilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. İcazənin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Fərmanın 3.7-ci bəndinə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, İXM-ə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. Beləliklə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsirliliyin sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-3936/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3936/2025
07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver